AZ

İranda gizli hakimiyyət dəyişikliyi başlayır TƏHLİL

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Cenevrə görüşləri sadəcə görüntüdür

Cenevrədə İranın nüvə proqramı ətrafında keçirilən növbəti danışıqlar raundu regionda artan hərbi-siyasi gərginlik fonunda baş tutub. İran ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin yenidən kəskinləşdiyi, Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı və qarşılıqlı ittihamların səsləndiyi bir dövrdə təşkil olunan görüş diplomatiyanın hələ də əsas alternativ kimi saxlanıldığını göstərir.

Vasitəçi qismində çıxış edən Omanın təşəbbüsü ilə keçirilən müzakirələrdə tərəflər həm sanksiyalar, həm də nüvə proqramı ilə bağlı texniki və hüquqi mexanizmləri müzakirə ediblər. Müharibə ritorikasının gücləndiyi, regionda qüvvələr balansının dəyişdiyi bir vaxtda Cenevrə platforması mümkün eskalasiyanın qarşısını almaq üçün mühüm diplomatik kanal kimi qiymətləndirilir.

Tərəflərin məsləhətləşmələrdən sonra dialoqu davam etdirmək barədə razılığa gəlməsi isə göstərir ki, gərgin hərbi fon fonunda belə siyasi həll imkanları hələ tam tükənməyib.

Siyasi şərhçi Heydər Oğuz ”Sherg.az”a açıqlamasında Cenevrədə İranla ABŞ arasında keçirilən növbəti görüşdən ciddi bir nəticə gözlənilmədiyini deyib. Onun fikrincə, bu, tərəflərin bir-biri ilə bacarmaması və ya siyasi “naz” nümayiş etdirməsi ilə bağlı deyil. Əsas məsələ ondadır ki, Tehran və Vaşinqton fundamental mövzularda artıq müəyyən çərçivə razılaşmasına gəliblər.

Analitikə görə, hazırkı görüşlər daha çox daxili auditoriyaya hesablanıb. İran tərəfi ictimai rəyə göstərmək istəyir ki, milli maraqlar uğrunda prinsipial mövqe sərgiləyir və qarşı tərəflə çətin danışıqlar aparır. Bu baxımdan, proses həm diplomatik mexanizm, həm də siyasi kommunikasiya vasitəsi funksiyasını daşıyır. H. Oğuz düşünür ki, əsl razılaşmalar qapalı müzakirələrdə formalaşır, açıq görüşlər isə daha çox siyasi mesaj və mövqe nümayişi xarakteri daşıyır. Bu səbəbdən Cenevrə danışıqları ictimaiyyətə dramatik görünə bilər, lakin mahiyyət etibarilə artıq müəyyən edilmiş xətt üzrə davam edən prosesdir: “Qeyd edim ki, 2-3 gün əvvəl İranın Ali lideri Xameneyi özünün varislərini seçdi. Bu varislərdən biri də İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Laricanidir. Halbuki İranın ali hakimiyyət modeli teokratik xarakter daşıyır və ölkə Konstitusiyasına əsasən, ali rəhbər yalnız yüksək dini məqam sahibi – ayətullah statuslu ruhani ola bilər. Bu baxımdan, İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Laricaninin mümkün varis kimi müzakirə olunması müəyyən suallar doğurur. Çünki Laricani ayətullah deyil və dünyəvi elmlər üzrə təhsilə malik siyasi fiqur kimi tanınır. Laricaninin keçmişdə təhlükəsizlik strukturlarında, o cümlədən SEPAH-la əlaqəli siyasi proseslərdə yer alması, eyni zamanda Qərblə dialoq platformalarında – xüsusilə nüvə danışıqlarında – iştirak etməsi onun daha praqmatik və nisbətən Qərbə açıq fiqur kimi təqdim olunmasına səbəb olub.

Səhv etmirəmsə, Laricaninin qızı hazırda  Amerikada yaşayır və oranın vətəndaşıdır. Belə bir adamı Xameneyinin özünə varis seçməsi dini idarəetmənin müvəqqəti olmasına dair bir fikir formalaşdırır. Yəni Xameneyi yaşayana qədər formal olaraq İrana rəhbərlik edəcək. Ölkəni əsl idarə edən isə dünyəvi təhsilli Laricani olacaq”. 

Heydər Oğuzun fikrincə, bu model əslində ABŞ prezidenti Donald Trampın tələblərinə uyğundur:

“Məlumdur ki, Tramp İranda rejim dəyişikliyi etmək istəyirdi. Bu isə o deməkdir ki, teokratik hakimiyyət getməli, yerinə sekulyar düşüncəli komanda gəlməlidir. İran kimi bir ölkədə bu fundamental dəyişikliyi birdən-birə etmək mümkün deyil. Tədrici dəyişiklik isə yalnız dini liderin səlahiyyətlərinin sekulyar düşüncəli komandaya ötürülməsi və onun vasitəsilə bəzi islahatlara gedilməsi ilə ola bilərdi. Məncə, Xameneyinin öz səlahiyyətlərini Laricaniyə ötürməsi bu istiqamətdə atılmış ilk addımdır. Ardınca biz yəqin ki, SEPAH-ın da rəsmi orduya isteqrasiyası və silahlı qüvvələrə rəhbərliyin peşəkar ordu mənsublarına keçəcəyini görəcəyik. Sayı milyonlarla hesablanan Bəsic qüvvələrinin də tədricən buraxılması və insanlar üzərində təzyiqlərin azaldılaraq sonlandırılması da atılacaq digər addımlardan ola bilər”.

Analitik hesab edir ki, bütün bu ilk addımlar atıldıqdan sonra növbəti mərhələdə İran Konstitutsiyasına dəyişiklik edilərək müvafiq maddələr çıxarılacaq: “Hətta çıxarılmasa belə ölkədə dini qurum siyasətdən və sivil hakimiyyətdən tamamilə təcrid olunacaq”. 

H. Oğuzun fikrincə, Amerika Birləşmiş Ştatlarının və müttəfiqlərinin əsas tələblərindən biri də İranın proksi qüvvələrdən imtina etməsi ilə bağlıdır:

“Hansı ki, son proseslər artıq Tehranın əvvəlki səviyyədə bu qüvvələri müdafiə etmək imkanında olmadığını və şüurlu şəkildə geri çəkildiyini göstərir. Məsələn, Livanda fəaliyyət göstərən Hizbullah-a qarşı həyata keçirilən zərbələr və təşkilatın lideri Həsən Nəsrullahın öldürülməsi fonunda İranın sərt reaksiya verməməsi diqqətçəkən bir haldır. Yaxud Suriyada İranın təsir dairəsində olan silahlı qruplar da artıq zəifləyib, hətta Türkiyənin nəzarətinə keçməsi ehtimalı da var. Bu ehtimalı Türkiyənin xarici işlər naziri Hakan Fidanın bir müddət əvvəl PKK-ya qarşı əməliyyatlarla bağlı verdiyi açıqlamaları da təsdiqləyir. Xatırlayırsınızsa, bu yaxınlarda Hakan Fidan belə bir bəyanat vermişdi ki, “PKK-nın üstünə biz hava qüvvələri ilə hücum edərik, piyada hücumunu isə “Həşdi- Şabi” keçirər”. Bu bəyanat faktiki olaraq “Həşdi- Şabi”nin Türkiyənin nəzarətinə keçməsi deməkdir və İranın artıq bu qüvvələr üzərində də təsir gücünün itdiyini sübut edir. 

Sirr deyil ki, Suriya da artıq İranın təsir dairəsindən çıxıb. Yerdə qalır, Yəməndəki “Husi”lər. Onlar isə artıq xeyli müddətdir, özbaşına hərəkət edirlər. “Həmas”a gəlincə, İsrail bu təşkilatı da məhv edib. Bütün bu proseslər İranın regionda “proksi strategiyası”nın əvvəlki effektivliyini itirdiyini göstərir və bu, Yaxın Şərqdə yeni güc balansının formalaşmasına gətirib çıxarır. ABŞ və İsrailin əsas məqsədi də məhz İranın regiondakı təsir imkanlarını minimuma endirməkdir”.

Heydər Oğuzun sözlərinə görə, ABŞ-ın İrana yönəlik digər əsas tələblərindən biri nüvə proqramı ilə bağlıdır. Vaşinqton Tehran tərəfindən uranın yüksək səviyyədə zənginləşdirilməsinə qarşı çıxır. İran isə nüvə texnologiyasını hərbi məqsədlər üçün deyil, mülki enerji istehsalı üçün inkişaf etdirdiyini bəyan edir.

Əslində, İran ilə 2015-ci ildə imzalanmış “P5+1” nüvə sazişinə – Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) – əsasən Tehran uranı maksimum 3,5 faiz səviyyəsində zənginləşdirə bilərdi. Halbuki nüvə silahı istehsalı üçün uranın zənginləşmə səviyyəsinin ən azı 80 faizə çatdırılması tələb olunur. 3,5 faiz səviyyəsində zənginləşdirmə hərbi potensial yaratmaq üçün yetərli deyil və İran istəsə belə atom istehsal edə bilməz. Görünən budur ki, İran yeri gələndə bu tələblə də razılaşa bilər.

Analitikin fikrincə, 2018-ci ildə ABŞ-ın sazişdən çıxması Vaşinqtonun İran üzərində təsir mexanizmlərini yetərli hesab etməməsi ilə bağlı idi: “İranın nüvə gücü bəhanədən başqa bir şey deyildi. ABŞ-ın əsas niyyəti İranın enerji resurslarına nəzarət etmək, Çinlə neft alış-verişini məhdudlaşdırmaq idi. İranla son zamanlar aparılan danışıqlarda yəqin ki, bu məsələ də öz həllini tapıb. Təsadüfi deyil ki, Çin də artıq İranı yetərli səviyyədə müdafiə etmir. Hətta bu yaxınlarda Rusiya, Çin və İranın Hörmüz boğazında birgə keçirməyi planlaşdırdıqları hərbi təlimlərə Pekin qatılmadı. Görünür, Çin də artıq İrana çox bel bağlamır, onu Allahın ümidinə buraxıb. Yaranmış bu geosiyasi şərtlər və İranın fəaliyyət dairəsinin məhdudlaşması ABŞ-ın daha əlverişli mövqedə olduğunu göstərir. Bu səbəbdən, İranın uranı aşağı səviyyədə zənginləşdirməsi ABŞ üçün də heç bir təhlükə vəd etmir”. 

Heydər Oğuz bildirir ki, İranla ABŞ arasında razılaşdırılması ən çətin məsələlərdən biri Tehranın raket proqramıdır. Onun sözlərinə görə, Vaşinqton İranın istehsal etdiyi ballistik raketlərin mənzilinin 300 kilometrlə məhdudlaşdırılmasını tələb edir: “İran isə bununla razılaşmır və 2000 kilometrədək mənzilə malik raketlər istehsal edəcəyini bəyan edir. Tehran bunu ölkənin coğrafi ölçüləri və milli təhlükəsizlik ehtiyacları ilə əsaslandırır; iddia edir ki, əgər raketlər ölkə ərazisini tam əhatə edə bilmirsə, onların hərbi-strateji mənası azalır. Mənə elə gəlir ki, bu məsələdə İran haqlıdır və Amerika Birləşmiş Ştatları bu sahədə geri çəkiləcək”. 

Politoloqun fikrincə, İranla ABŞ arasında mümkün razılaşma hər iki tərəf üçün zəruridir. Çünki belə bir anlaşma birtərəfli güzəştlər üzərində qurularsa, uzunömürlü olmayacaq: “Diplomatik danışıqlarda “qazan–qazan” prinsipi əsasdır. Hər iki tərəfin maraqları müəyyən səviyyədə təmin olunmadıqda, istənilən müqavilə qısa müddətdə pozula və gərginlik yenidən arta bilər. Bu baxımdan, mümkün kompromislərin əldə olunması regionda sabitliyin qorunması üçün də strateji əhəmiyyət daşıyır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sherg.az

1Mənbələr