AZ

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri adından Birləşmiş Krallıq Parlamentinin bir sıra üzvünə məktub ünvanlanıb



Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə fevralın 25-də başçılıq etdiyi qrupun adından Birləşmiş Krallıq parlamentinin üzvləri Baronessa Helena Kennediyə, Brendan O’Hara və Cessika Mordenə məktub ünvanlayıb.

Məktubda Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Birləşmiş Krallıq parlamentində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində mövcud olmuş keçmiş cinayətkar və separatçı rejimlə bağlı davam edən araşdırma təşəbbüsündən ciddi narahatlıq və məyusluq hissi keçirdikləri qeyd olunub. Bildirilib ki, belə bir təşəbbüs hazırda Azərbaycan və Ermənistan arasında irəliləyən və Böyük Britaniya hökumətinin də yüksək səviyyədə dəstəklədiyi sülh prosesinə ciddi zərbə vura bilər.

Bildirilib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz ildən artıq davam edən qanunsuz işğalı və bir milyona yaxın azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələnən ağır mərhələdən sonra, Ermənistan və Azərbaycan hazırda ABŞ və Avropalı tərəfdaşlarının dəstəyi ilə sülh prosesində real irəliləyiş əldə etməkdədir. Odur ki, mövcud olmayan separatçı rejimlə bağlı keçirilməsi nəzərdə tutulan təxribat xarakterli dinləmələrin radikal, sülhə qarşı çıxan diaspor qruplarının və lobbi dairələrinin yanlış və qərəzli məlumatlarına əsaslanacağı bildirilir.

Fariz İsmayılzadə vurğulayıb ki, Cənubi Qafqazda revanşizmə yer yoxdur və tərəflər birgə səylərlə sülhün möhkəmləndirilməsi, müharibə siyasətinə qayıdışın qarşısının alınması istiqamətində fəaliyyət göstərməlidirlər.

Sonda Böyük Britaniya Parlamentinə sözügedən araşdırma təşəbbüsünün ləğv edilməsi ilə bağlı çağırış edilib. Bildirilib ki, Azərbaycan parlamentinin üzvləri, xüsusilə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri britaniyalı parlamentarilərin bu məsələdə dəstəyinə inanır və iki ölkə arasında davam edən strateji tərəfdaşlığın Cənubi Qafqazda sülh prosesinə əlavə töhfə verəcəyinə ümid bəsləyirlər.



Seçilən
7
10
aia.az

10Mənbələr