AZ

Gənclər Kitabxanasında Xalq yazıçısı Əli Vəliyevin xatirəsi anılıb

Bakı, 27 fevral, AZƏRTAC

Bu gün İstedadı və yaradıcı zəhməti ilə Azərbaycan ədəbiyyatının inkişafına, dilin zənginləşməsinə misilsiz töhfələr vermiş Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 125 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli yazıçının həyat və yaradıcılığından bəhs edən “Ustad yazıçı və müdrik şəxsiyyət” adlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Əli Vəliyevin zəngin və çoxşaxəli ədəbi və bədii irsini gənclər arasında təbliğ etmək məqsədilə hazırlanan vəsaitdə yazıçının həyat və yaradıcılığı, layiq görüldüyü mükafatlar haqqında ətraflı məlumat, bir sıra rəsmi sənədlərin tam mətni təqdim edilir. Bundan əlavə materialda görkəmli şəxslərin Əli Vəliyev haqqında söylədikləri dəyərli fikirlər, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun “Ustad yazıçı və müdrik şəxsiyyət”, Xalq yazıçısı Mirzə İbrahimovun “Ürəklə dilin birliyi”, Xalq yazıçısı Elçininin “Ən böyük biclik, düzlükdür” adlı məqalələrin tam mətni də yer alır.

Tərtib olunan vəsaitdə Əli Vəliyevin müəllifi olduğu və haqqında qələmə alınan 30-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, dövri mətbuat məqalələrinin isə siyahısı istifadəçilərə təqdim olunur.

“Ustad yazıçı və müdrik şəxsiyyət” adlı biblioqrafik icmal kitabxananın rəsmi https://www.ryl.az/funds/biblioqrafik-icmal saytında yerləşdirilib.

Seçilən
5
1
azertag.az

2Mənbələr