Son dövrlər yerli icra hakimiyyətlərində aparılan struktur dəyişiklikləri dövlət idarəetməsində yeni mərhələnin başlandığını göstərir. Ayrı-ayrı rayonlarda onlarla əməkdaşın ixtisara salınması və vəzifələrin ləğvi artıq təsadüfi qərar deyil, daha genişmiqyaslı inzibati transformasiyanın siqnalı kimi qiymətləndirilir. Ağdaşda 14, Tovuzda 43, Cəlilabadda isə ümumilikdə 38 vəzifənin ləğv olunması və 28 nəfərin işsiz qalması fonunda sual yaranır: bu proses doğrudan da idarəetmənin optimallaşdırılmasına xidmət edir, yoxsa əsas məqsəd büdcə yükünün azaldılmasıdır?
Ekologiya.az bldirir ki, Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Musavat.com-a bildirib ki, bu cür kütləvi ixtisarlar adətən tək səbəbdən qaynaqlanmır, bir neçə institusional və idarəetmə amilinin nəticəsi olur. Onun fikrincə, hazırkı addımlar eyni zamanda, 2026–2027-ci illərdə planlaşdırılan daha köklü struktur islahatlarının anonsu kimi də qiymətləndirilə bilər. Lakin ekspert hesab edir ki, mövcud ixtisarlar hələlik real struktur optimallaşdırılması demək deyil: “Bu, daha çox ümumi idarəetmə prinsipləri çərçivəsində büdcə yükünün azaldılması tədbiridir. Ştatların ixtisarı inzibati xərclərin və əməkhaqqı fondunun azaldılması üçün geniş tətbiq olunan üsuldur”.

İbrahimovun sözlərinə görə, son illər bir sıra səlahiyyətlər İH-lərdən alınaraq regional idarələrə verilib. “İdman, səhiyyə, təhsil və digər sahələr üzrə ayrıca regional strukturlar formalaşdırılıb. Maliyyə Nazirliyi də dövlət büdcəsi xərclərinin optimallaşdırılması istiqamətində paralel fəaliyyət göstərən qurumların ləğvini prioritet hesab edir. Əgər müəyyən sahələr üzrə regional idarələr mövcuddursa, icra hakimiyyətində eyni istiqamət üzrə ayrıca kurator və ya şöbənin saxlanmasına ehtiyac sual doğurur. Məsələn, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fəaliyyət göstərirsə, icra hakimiyyətində ayrıca memarlıq şöbəsinin mövcudluğu təkrarlanan funksiya yaradır”, – deyə o, qeyd edib.
Bununla belə, ekspert vurğulayıb ki, ştatların azaldılması idarəetmənin çevikləşdirilməsi demək deyil. Onun fikrincə, effektiv nəticə üçün köklü struktur islahatları aparılmalı, proseslər yenidən təhlil edilməli, üfüqi və şaquli məsuliyyət bölgüsü dəqiqləşdirilməlidir: “Bir-birini təkrarlayan və ya eyni prosesin müxtəlif hissələrini icra edən qurumlar ya birləşdirilməli, ya da ləğv edilməlidir. Qurumların sayı azaldıqca idarəetmə, koordinasiya və nəzarət mexanizmləri daha səmərəli işləyə bilər, həmçinin korrupsiya riskləri də azalar. Nəticədə ölçüləbilən və effektiv fəaliyyət zənciri formalaşa bilər”.
Bu cür ixtisarların qəbuledilən olub-olmamasına gəlincə, Asif İbrahimovun mövqeyi birmənalı deyil: “Əgər struktur islahatı real zərurətdən doğursa, səmərəliliyin artırılmasına xidmət edirsə, qanunvericiliyə uyğun aparılırsa və sosial təsirləri minimumlaşdırmaq üçün alternativ iş imkanları yaradılırsa, bu, qəbulolunan yanaşmadır. Lakin hazırkı formada proses tam şəkildə bu meyarlara cavab vermir”.
Ekspert əlavə edir ki, mövcud yanaşma yerli idarəetmədə təcrübəli kadrların itirilməsi, lokal işsizliyin artması və institusional yaddaşın zəifləməsi kimi risklər yarada bilər: “Bununla belə, ixtisar olunanların bir hissəsinin digər strukturlarda işlə təmin edilməsi müəyyən qədər sosial təsirin yumşaldılmasına xidmət edir”.