AZ

“Xocalı Memorial Kompleksinin açılışı tarixi ədalətin təntənəsidir” - Hicran Hüseynova

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvlərinin Xocalıya səfər edərək Xocalı soyqırımı qurbanlarının xatirə abidəsinin açılışında iştirak etməsi bir daha göstərdi ki, Azərbaycan dövləti bu faciəni heç zaman unutmur və hər zaman ədalətin bərpasını tələb edir.

SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hicran Hüseynova parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, Xocalı soyqırımından artıq 30 ildən çox vaxt keçməsinə baxmayaraq, Xocalının adı Azərbaycanın müasir tarixində həm ən faciəli, həm də qəhrəmanlıqla dolu səhifələrdən biri kimi əbədi qalacaq: “Uzun illər dünya ictimaiyyəti Xocalıda baş verənlər barədə yetərincə məlumatlı deyildi. Lakin Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xətt və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən ‘Xocalıya ədalət’ beynəlxalq kampaniyası bu həqiqətlərin dünya miqyasında tanıdılmasında mühüm rol oynadı”.

Hicran Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da güclənib, beynəlxalq nüfuzu artıb və Qarabağ, eləcə də Xocalı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırılıb: “Vətən müharibəsi və sonrakı antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslərin bir qismi hərbi əməliyyatlar zamanı zərərsizləşdirildi, digərləri isə saxlanılaraq istintaqa cəlb edildi və məhkəmə qarşısına çıxarıldı. Bu, ədalətin təmin olunmasının bariz nümunəsidir”.

Deputat qeyd edib ki, 2024-cü ildə Prezident İlham Əliyev Xocalıda Xatirə Memorial Kompleksinin təməlini qoyub və ilk dəfə olaraq Xocalı soyqırımı günü məhz Xocalıda qeyd olunub: “Dövlət başçısı rayon ictimaiyyəti ilə görüşündə bildirib ki, memorial kompleksin layihəsi illər əvvəl hazırlanmış, hətta Bakıda yer də seçilmişdi. Lakin hər bir azərbaycanlı kimi Prezident də inanırdı ki, biz mütləq Xocalıya qayıdacağıq və soyqırımı qurbanlarının xatirəsi məhz öz doğma torpağında əbədiləşdirilməlidir”.

Çıxışının sonunda Hicran Hüseynova bildirib ki, memorial kompleksin Xocalıda açılması ədalətin təntənəsi və tarixi haqqın bərpasıdır: “Bununla belə, biz daim ayıq-sayıq olmalı, sülhün və təhlükəsizliyin təmin olunması üçün güclü dövlətə və güclü orduya sahib olmalıyıq. Yalnız bu halda gələcək nəsillər üçün sabit və təhlükəsiz bir Azərbaycan təmin edə bilərik”.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
0
sia.az

1Mənbələr