Paytaxtın mərkəzi hissələrində yaşayan sakinlər söküntü prosesləri zamanı ciddi problemlərlə üzləşirlər. Xüsusilə "Sovetski" və mərkəzdəki digər ərazilərdə bu məsələ problemlidir.
Day.Az xəbər verir ki, mənzillərinin sahəsi kiçik olduğuna görə onlara ödənilən kompensasiya məbləği həmin əraziyə yaxın yerlərdə yeni mənzil almağa kifayət etmir. Aparılan söküntü işləri çərçivəsində ev sahiblərinin əsas narazılıqlarından biri də məhz budur.
Məsələn, sahəsi 30 kvadratmetr olan bir mənzil söküldükdə hər kvadratmetrə görə 2700 manat kompensasiya hesablanarsa, ümumi məbləğ 80 min manatdan bir qədər artıq olur. Lakin bu vəsaitlə ev sahibi yaşadığı mərkəzi ərazidə və ya ona yaxın zonada yeni mənzil əldə edə bilmir.
Bəs problemdən çıxış yolu var?
Millət vəkili Vüqar Bayramov bildirib ki, mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var.
Onun fikrincə, kompensasiya ödənişi əvəzinə kiçik sahəli ev sahiblərinə həmin əraziyə yaxın yerlərdən mənzil təklif olunması daha məqsədəuyğun olardı.
"Xüsusilə 30 kvadratmetr sahəsi olan fərdi evlər və yaşayış fonduna daxil mənzillər üçün pul kompensasiyası əvəzinə alternativ mənzil variantı təqdim edilə bilər."
Elcan Turan
Day.Az