Hadisə Fransanın “Şarl de Qoll” aviadaşıyıcısının Malmö limanında olduğu vaxt baş verib...
İsveç hərbçiləri Malmö limanı yaxınlığında Fransaya məxsus nüvə enerjili “Şarl de Qoll” aviadaşıyıcısına doğru hərəkət edən pilotsuz uçuş aparatını ələ keçirərək zərərsizləşdiriblər.
Poliqon xəbər verir ki, bu barədə məlumatı BFMTV telekanalı Fransa Silahlı Qüvvələrinin komandanlığına istinadən yayıb.
Bildirilib ki, insident fevralın 25-də baş verib. Dron limandan təxminən 10 kilometr məsafədə aşkarlanaraq zərərsizləşdirilib. İsveçin müdafiə naziri Pol Yonson cihazın mənşəyinin ehtimal ki, Rusiya ilə bağlı ola biləcəyini bildirib. Onun sözlərinə görə, hadisə zamanı yaxın ərazidə Rusiya hərbi gəmisinin mövcudluğu bu ehtimalı gücləndirir.
Qeyd edək ki, Fransanın nüvə enerjili aviadaşıyıcısı Şarl de Qoll tarixdə ilk dəfə olaraq İsveçə səfər edib və Malmö limanında lövbər salıb. Gəmi hazırda Şimali Atlantikdə keçirilən “Lafayet-26” əməliyyatında iştirak edir və yaxın günlərdə Baltik dənizində NATO çərçivəsində təşkil olunacaq hərbi təlimlərə qoşulmağa hazırlaşır.
BFMTV-nin məlumatına görə, bundan az əvvəl – üç aydan da az müddət öncə Fransanın strateji əhəmiyyətli hərbi obyektlərindən biri olan İl-Lonq dəniz bazası üzərində də naməlum pilotsuz aparatların uçuşu qeydə alınmışdı. Həmin bazada ballistik raketlərlə təchiz olunmuş Fransa nüvə sualtı qayıqları yerləşir.
Digər tərəfdən, İsveçin SVT telekanalı fevralın 26-da Malmö limanı ərazisində neft sızıntısının aşkar edildiyini bildirib. Sızıntının mənbəyi və hadisənin yuxarıda qeyd olunan insidentlə əlaqəsinin olub-olmaması hələlik müəyyən edilməyib.
Poliqon.info