AZ

Reuters: ABŞ LUKOIL-un aktivlərinin satışını uzadaraq Rusiya mövqeyinə təsir göstərməyə çalışır...

Vaşinqton sanksiya mexanizmini Ukrayna üzrə danışıqlarda təzyiq aləti kimi istifadə edir...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, ABŞ administrasiyası Rusiyanın “LUKOIL” neft korporasiyasının xaricdəki aktivlərinin satış müddətini uzatmaqla Moskvanın Ukrayna üzrə sülh danışıqlarındakı mövqeyinə təsir göstərməyə çalışır. Məlumat dörd mənbəyə istinadən yayılıb.

ABŞ Maliyyə Nazirliyi bu gün “LUKOIL”un xarici aktivlərinin satışı üçün müəyyən edilmiş müddəti 1 aprel tarixinədək uzadıb. Bu, 22 oktyabr 2025-ci ildə tətbiq edilmiş sanksiyalardan sonra artıq dördüncü müddət uzadılmasıdır. Qərar şirkətin xaricdəki aktivlərinin mümkün alıcılarla danışıqlarının davam etdiyi bir vaxtda qəbul edilib.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında son vaxtlar keçirilən məsləhətləşmələrdə Rusiya neft şirkətləri – Rosneft və LUKOIL barəsində sanksiyalar məsələsi də müzakirə olunub. Mənbələrdən biri bildirib ki, ABŞ Maliyyə Nazirliyi satış müddətini “LUKOIL ilə danışıqların davam etdirilməsi” və “Rusiyanın hərbi maşınını maliyyələşdirmək üçün zəruri olan gəlirlərdən məhrum edilməsinə yönəlmiş tədbirlərə töhfə verəcək razılaşmanın əldə olunması” məqsədilə uzadıb.

Bununla yanaşı, digər mənbə qeyd edib ki, aktivlərin satışı üzrə mümkün razılaşma Ukrayna üzrə yekun sülh sazişindən asılı olmaya da bilər.

Məlumata görə, son mərhələdə prosesə Ağ Ev, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri də qoşulublar. Xüsusilə ABŞ-ın maliyyə naziri Skott Bessent prosesdə daha birbaşa iştirak edən fiqur kimi göstərilir.

Müşahidəçilər hesab edirlər ki, enerji sektoruna yönəlmiş sanksiyalar Ukrayna münaqişəsi kontekstində Qərbin əsas təsir rıçaqlarından biri olaraq qalır. ABŞ-ın aktivlərin satış müddətini uzatması həm iqtisadi təzyiq mexanizmi, həm də danışıqlarda manevr imkanlarını genişləndirmək cəhdi kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr