İslamabad qarşı tərəfin itkilərlə bağlı iddialarını “əsassız və təbliğat xarakterli” adlandırır...
Pakistan hökuməti Əfqanıstanla sərhəddə baş verən silahlı toqquşmalar zamanı hərbçilərinin öldürülməsi və ya əsir götürülməsi barədə yayılan məlumatları təkzib edib.
Poliqon xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin rəsmi nümayəndəsi Müşərrəf Zəidi açıqlama verib.
Zəidi sosial şəbəkə olan X platformasında yazıb ki, hazırkı ana qədər heç bir pakistanlı əsgər əsir götürülməyib və heç bir hərbçi həlak olmayıb. O, Pakistan tərəfinə zərər dəydiyi ilə bağlı yayılan məlumatları “Əfqanıstandakı hindistanlı kuklaların fantaziyası” adlandırıb.
Bundan əvvəl Əfqanıstanın ali liderinin mətbuat katibi Zabiullah Mujahid sərhəd toqquşmaları zamanı Pakistanın 40 hərbçi itirdiyini iddia etmişdi. Onun sözlərinə görə, bəzi pakistanlı hərbçilər əsir götürülüb.
Bu gün Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın sərhədyanı ərazilərində hərbi əməliyyatın başladığını elan edib. TOLOnews agentliyi mənbəyə istinadən bildirib ki, əfqan silahlı qüvvələri Pakistanın səkkiz sərhəd postunu ələ keçirib.
Kabil rəsmiləri bəyan ediblər ki, başladılan hərbi əməliyyat Pakistanın son addımlarına cavab xarakteri daşıyır. Xatırladaq ki, fevralın 21-də Pakistan Silahlı Qüvvələri Əfqanıstanın sərhədyanı vilayətlərində yerləşən yeddi “terror düşərgəsinə” hava zərbələri endirdiyini açıqlamışdı.
İki ölkə arasında münasibətlər son aylarda “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşması ətrafında yaranan gərginlik səbəbindən pisləşib. Pakistan hakimiyyəti bu təşkilatın fəaliyyətinin Əfqanıstan hökuməti tərəfindən maliyyələşdirildiyini iddia edir. Əfqanıstan tərəfi isə bu ittihamları rədd edir.
Hazırda sərhəd bölgəsində vəziyyət gərgin olaraq qalır və tərəflərin açıqlamaları bir-birinə ziddiyyət təşkil edir. Rəsmi mənbələr itkilərlə bağlı yekun və təsdiqlənmiş məlumatların hələ açıqlanmadığını bildirirlər.
Poliqon.info