AZ

Ermənistan iki rəqib güc arasında: İrəvanın Moskva və Vaşinqton manevri

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiyanın Ermənistandakı hərbi bazaları uzun illər ölkənin təhlükəsizliyində həlledici, vacib rol oynayıb və bu səbəbdən onların bağlanması müzakirə mövzusu deyil. Digər tərəfdən isə Ermənistanın enerji təhlükəsizliyini şaxələndirmək istiqamətində Amerika Birləşmiş Ştatları ilə yeni atom elektrik stansiyasının (AES) tikintisi barədə danışıqlar aparıldığı bildirilir.

Beləliklə, bir tərəfdən, Rusiya Ermənistanda hərbi mövcudluğunu saxlayır, digər tərəfdən isə ABŞ strateji enerji layihəsində iştirak etməyə hazırlaşır. Bir ölkədə geosiyasi baxımdan iki rəqib gücün paralel təsir imkanlarına sahib olması nə dərəcədə davamlı və realdır? Bu vəziyyət hansı siyasi, təhlükəsizlik və iqtisadi nəticələr doğura bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Nikol Paşinyanın son açıqlamasında Rusiyanın Ermənistandakı hərbi bazalarının ölkənin təhlükəsizliyində "həlledici rol" oynadığını və onların bağlanmasının gündəmdə olmadığını bildirməsi, şübhəsiz ki, ilk baxışda paradoksal görünür:

"Çünki son illər rəsmi İrəvanın ritorikası və praktiki addımları daha çox Qərbə inteqrasiya xəttinə uyğunlaşıb. Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası (Gümrü) və sərhəd qoşunlarının mövcudluğu faktiki olaraq Ermənistanın təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biri olub. Lakin 2020-ci ildən sonra regional reallıqlar dəyişib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, Rusiya isə Ukrayna müharibəsinə fokuslanıb. Bu fonda Paşinyan hökuməti real durumu interpretasiya etməklə balans siyasəti görüntüsü yaratmağa çalışıb".

"ABŞ-nin Ermənistanda yeni atom elektrik stansiyası tikmək təşəbbüsü sırf enerji layihəsi deyil. Mövcud Metsamor AES sovet dövrünün məhsuludur və texnoloji baxımdan Rusiyaya bağlıdır. Əgər yeni AES ABŞ və ya Qərb texnologiyası ilə inşa olunarsa, bu, Ermənistanın enerji təhlükəsizliyinin strukturunu dəyişəcək.

Enerji infrastrukturu isə, sadəcə, iqtisadi deyil, həm də siyasi asılılıq mexanizmidir. Əgər Ermənistan yeni AES vasitəsilə Rusiyanın enerji təsirindən çıxarsa, bu, strateji kursun dəyişməsi demək olar. Burada paradoks yaranır. Belə anlaşılır ki, Ermənistanın təhlükəsizlik sahəsində seçimi Rusiya, enerji və iqtisadi sahədə isə ABŞ-dir. Bu model isə uzunmüddətli sabit konstruksiya sayıla bilməz", - deyə deputat vurğulayıb.

Milli Məclis üzvü əlavə edib ki, bir ölkədə iki rəqib gücün olması kimi hallar dünya siyasətində olub:

"Məsələn, Misir həm ABŞ-dən hərbi yardım alır, həm də Rusiya ilə hərbi-texniki əməkdaşlıq edir. Amma bu balans daim risk altındadır və hər iki tərəf bunu şübhə ilə qarşılayır. Ermənistanın vəziyyəti isə daha həssasdır. Çünki coğrafi olaraq Rusiyanın təhlükəsizlik orbitindədir, iqtisadiyyatının əhəmiyyətli hissəsi Rusiya bazarı ilə bağlıdır. Hazırda regionda alternativ təhlükəsizlik zəmanəti real deyil. Amma müasir beynəlxalq münasibətlər sistemində istənilən ssenarinin reallaşması mümkündür. Bu daha çox, "multivektorlu" siyasətin Ermənistan variantıdır".

"Nəticə etibarilə, Paşinyanın siyasəti balansdan çox, riskli manevrdir. Ermənistanın real suverenliyi isə yalnız regional normallaşma, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin sabitləşməsi fonunda mümkün ola bilər", - müsahibimiz əlavə edib.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
oxu.az

1Mənbələr