AZ

Parlementin tərkibi genişləndirilir, referendum keçirilir, idarəetmə sistemi yenilənir? Böyük dəyişiklik anonsu verildi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkədaxili son proseslər fonunda siyasi gündəm yenidən referendum və növbədənkənar parlament seçkiləri mövzularına yönəlib. Hazırkı şərtlər, həm daxili, həm də regional siyasi dinamika əsasında dəyişikliklərin olacağına dair fikirlər səsləndirilir.

Xüsusilə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı cinayət işinin üzə çıxan detalları fonunda bu məsələ gündəmə gətirilir. Eləcə də son təyinatlar, işdən çıxarılmalar, bəzi qurumların ləğvi, bir neçəsinin birləşdirilməsi də dövlət idarəetməsində kardinal dəyişikliyin baş verdiyini göstərən əlamət kimi qiymətləndirilir. Ölkə rəhbəri də çıxışlarında vaxtaşırı bu haqda müəyyən tezislər səsləndirir.

Hazırkı şərtlərdə referendumu və növbədənkənar parlament seçkilərini aktual edən əsas faktorlar hansılardır? Bu seçki və referendumun keçirilməsi ölkənin siyasi stabilliyinə hansı təsiri göstərə bilər? Mümkün ssenarilər və risklər nələrdir?

Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, istər Konstitusiya referendumu, istərsə də növbədənkənar parlament seçkilərini keçirmək üçün kifayət qədər çox əsas var:

“Ölkənin idarəetmə strukturunda paralellər var. İşğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası prezidentin xüsusi nümayəndələri tərəfindən idarə olunur. O cümlədən paralel struktur kimi o ərazilərdə icra başçıları da var. Bunlar Konstitusiya və qanunla tənzimlənməlidir, mütləq yeni bir idarəetmə forması təsdiq edilməlidir. Paralel strukturlar aradan qaldırılmalıdır.

Digər tərəfdən, ölkə əhalisinin sayı kifayət qədər artıb. 1995-ci ildə Konstitusiya qəbul olunarkən Milli Məclisin tərkibi 125 nəfərdən müəyyən edilmiş və bu, 7,5 milyon əhali üçün nəzərdə tutulmuşdu. Sözügedən göstərici bu gün 3–4 milyona yaxın seçicini əhatə edirdisə, hazırda 6 milyondan çox seçici var. Bu da dairələrin yükünü artırır. Majoritar seçki sistemi ilə seçki keçirən bir ölkədə bir deputatın 60–70 min seçicini dinləmək və ya onların aktiv vətəndaş mövqeyini ifadə etmək üçün imkanları məhduddur. Buna bir aydınlıq gətirilməlidir.

2003-cü ilin 24 avqustunda proporsional seçki sistemi ləğv edildi. Ölkə tək majoritar sistem ilə seçki keçirdi. 2020-ci illərdən sonra iqtidar–müxalifət münasibətləri bəlli bir miqdarda tənzimləndi. Dialoqun və münasibətlər sisteminin yaxşılaşdığı bir dövrdə proporsional sistemin bərpasına ehtiyac varmı? Bu, aydınlaşmalıdır. Deputatların sayını artırmaqla yanaşı proporsional sistemə keçid vacibdir. Bu sistem institutların cəmiyyətdəki yerini möhkəmləndirəcək. Başqa qruplar vasitəsilə, məzhəb və dini separatçı yollarla siyasətə gəlmək istəyənləri qanunla bloklamaq mümkün olacaq”.

İqbal Ağazadə

İ.Ağazadə bildirib ki, bələdiyyələrin səlahiyyətləri çox önəmlidir:

“Bələdiyyələr faktiki olaraq səlahiyyətsiz qurumdur. Yerli özünüidarəetmə orqanlarının seçki prosesi bütövlükdə dəyişməlidir. Avropa Şurasına daxil olarkən biz bu məkanda yeganə ölkəyik ki, iri şəhər bələdiyyələrində seçki keçirilmir. Fikrimcə, iri şəhər bələdiyyələrində seçki keçirməyin vaxtıdır. Hökumət bütün yükü öz üzərinə yığmamalı, seçki orqanlarının üzərinə yığılmalıdır. Seçilən orqanlar seçiciləri qarşısında hesabat verməlidir. Yerli problemlərini, icma problemlərini bələdiyyələr həll etməlidir. Bələdiyyə məclisləri formalaşdırılmalıdır.

İnsan hüquqları, demokratikləşmə istiqamətində bir sıra Konstitusiya maddələrinə və qanunlara düzəliş edilməlidir. Bundan başqa, təhsil ilə bağlı bəzi düzəlişlərə ehtiyac var. Müharibədən çıxmış bir ölkə kimi, Konstitusiyada Vətən müharibəsi iştirakçıları və əlillərin statusu normativ hüquq aktları ilə deyil, Konstitusiya ilə tənzimlənməlidir. Hesab edirəm ki, bütün bunlar çox vacibdir və mütləq Konstitusiya islahatlarına, referenduma ehtiyac var”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
globalinfo.az

1Mənbələr