AZ

Dünyanın ən sadiq kişisi kimi tanınırdı... Kral xəyanətdə ittiham olunur

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

İlk baxışdan o, həqiqətən də dünyanın ən ləkəsiz, ən sədaqətli və ən gözəl sevən kişilərindən biri kimi tanınırdı. Bu imicin formalaşması təsadüfi deyildi. O, zadəgan ailəsinin sırf boşanmış olduğu üçün qəbul etmək istəmədiyi bir qadına olan sevgisinə görə ailəsinə qarşı çıxmış, hətta bu sevgi naminə bütün imtiyaz və dəbdəbədən imtina etməyə hazır olduğunu açıq şəkildə bildirmişdi.

Nəticədə məqsədinə çatdı və sevdiyi qadınla evləndi. İndiyədək ailəsinin və ölkəsinin nüfuzunu sarsıtmadan, İspaniyanı beynəlxalq arenada layiqincə təmsil etdi. Lakin indi onun adına yaraşdırılmayan və eşidənlərin "inanmıram” dediyi xəyanət şayiəsi gündəmə gəlib.

Beynəlxalq xəyanət şayiəsi

Qaynarinfo xəbər verir ki, sərhədləri aşan bu beynəlxalq şayiənin mərkəzində İspaniya kralı VI Felipe dayanır. Onun adı Argentinanın keçmiş prezidenti Maurisio Makrinin sabiq həyat yoldaşı Juliana Avada ilə hallandırılır.

İddialara görə, Felipe ilə Juliana arasında okeanları aşan gizli münasibət var və bu münasibət qısa müddətli deyil.

Bu sensasion iddianı ilk dəfə Argentina mətbuatında tanınmış aparıcı Rodriqo Lussiç səsləndirib. O, Argentinada yayımlanan "America” televiziya kanalında efirə gedən "Intrusos” proqramında çıxışı zamanı bildirib ki, kral ilə Juliana arasında gizli sevgi münasibəti mövcuddur.

Lussiç bu vəziyyəti "hər şeyi sarsıdan beynəlxalq münasibət” kimi təqdim edib. Onun sözlərinə görə, Juliana bir müddətdir məşhur ispan şəxslə münasibət yaşayır və həmin şəxs başqa bir ispan qadınla evlidir. Aparıcı iddia edib ki, söhbət məhz kral VI Felipedən gedir.

Eyni zamanda iddialarda qeyd olunur ki, Felipe ilə həyat yoldaşı Letisiya arasında münasibətlər artıq bir müddətdir gərgindir. Hətta kralın ayrılmaq istədiyi, lakin Letisiyanın buna razı olmadığı irəli sürülür.

İspaniya mətbuatı səssiz qaldı

Şayiələr yayılsa da, xüsusilə İspaniyada bu iddialara ciddi yanaşanların sayı az olub. Hətta sensasiyalara meyilli olan ispan sarı mətbuatı belə məsələyə geniş yer ayırmayıb.

Bir neçə kral ailəsi üzrə şərhçi Felipeni müdafiə edərək bu iddianı "cəfəngiyyat” kimi qiymətləndirib. Eyni zamanda aparıcı Lussiçin kralın titulunu belə səhv deməsi - onu VI Felipe əvəzinə I Felipe kimi təqdim etməsi - iddianın etibarlılığına şübhələri artırıb.

Bundan əlavə, "Madrid kral sarayının işıqları yanmır” kimi iddiaların da həqiqəti əks etdirmədiyi bildirilib. Çünki rəsmi məlumatlara görə, Felipe və Letisiya həmin sarayda yaşamırlar.

Bəzi kral ailəsi şərhçiləri hesab edir ki, Felipe ilə Juliana arasında diplomatik münasibətlər çərçivəsində formalaşmış yaxınlıq romantik münasibət kimi təqdim olunub. Kral ailəsinə yaxın ekspert Ola Pilar Eye bu iddiaları tamamilə illüziya adlandırıb.

Digər kral jurnalisti Yevgeni Qaravani sosial şəbəkədə yazıb: "Xəbərləri paylaşmaq və təhlil etmək başqa məsələdir. Amma cəfəngiyyatı yaymaq tamam başqa bir şeydir. Bu, əsassız aldatmaca təsiri bağışlayır".

Kral ailəsi əvvəl də iddialarla gündəmə gəlib

İspaniya kral ailəsinin adı ilk dəfə deyil ki, xəyanət iddialarında hallanır. Keçmiş kral Xuan Karlosun çoxsaylı nikahdankənar münasibətləri və korrupsiya qalmaqalları onun taxtdan getməsi ilə nəticələnmişdi.

Üç il əvvəl isə yazıçı Xayme Penafiel kitabında iddia etmişdi ki, Letisiya Felipe ilə evli olduğu dövrdə keçmiş sevgilisi və sonradan bacısının əri olmuş Xayme Del Burqo ilə münasibət yaşayıb. Həmin iddiaların Letisiyaya qarşı olan dairələr tərəfindən gündəmə gətirildiyi də müzakirə olunmuşdu.

Bir iddia ilə evlilik dağılmır

Hazırda Felipe ilə Letisiyanın evliliyinin bitməsi ilə bağlı rəsmi məlumat yoxdur. Ümumiyyətlə, taxtda əyləşən bir monarx üçün bu cür iddialar sıravi cütlüyün boşanması ilə eyni nəticələr doğurmur.

Oxşar vəziyyət Danimarkada da yaşanmışdı. O dövrdə vəliəhd şahzadə olan Frederikin ispan əsilli Genoveva Kasanova ilə münasibəti barədə iddialar yayıldıqdan sonra Kraliça Marqrete taxtı oğluna təhvil vermişdi.

İsveçin gələcək kraliçası Viktoriyanın həyat yoldaşı Danielin də adı vaxtilə oxşar şayiələrdə hallanmış, lakin o, bu iddiaları qətiyyətlə təkzib etmişdi.

Bununla belə, sosial şəbəkələrdə Felipe ilə bağlı yayılan şayiələr geniş dəstək qazanmayıb və bir çoxları bu iddialara inamsız yanaşıb.

2015–2019-cu illərdə Argentinanın birinci xanımı olmuş 51 yaşlı Juliana Avada Livandan mühacirət etmiş ata və Suriya-Livan əsilli ananın ailəsində dünyaya gəlib. O, 2010-cu ildə Maurisio Makri ilə evlənib. Cütlük ötən il boşanıb və iki övladı var.

58 yaşlı kral VI Felipe isə 2004-cü ildən keçmiş televiziya müxbiri və aparıcısı Letisiya Rokasolano ilə evlidir. Cütlüyün Leonor və Sofiya adlı iki qızı var.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
qaynarinfo.az

1Mənbələr