"Ukraynanın yaxın gələcəkdə Avropa İttifaqına üzv qəbul edilməsi ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Lakin fakt bundan ibarətdir ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü hələ ki, mümkün görünmür. Bunu Avropa İttifaqının daxilindəki bəzi qüvvələr də arzulamır. Çünki Avropa İttifaqı münaqişəli, ərazisində aktiv hərbi toqquşmalar davam edən bir dövləti heç vaxt öz üzvlüyünə qəbul etməz. Bu səbəbdən səsləndirilən bəyanatlar daha çox Ukraynaya diplomatik və siyasi dəstək kontekstində təqdim olunur ki, gələcəkdə hansısa formada Avropa İttifaqına üzvlük mümkün ola bilər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Tural Gəncəliyev Ukraynanın Avropa İttifaqında üzv olmasının mümkünlüyündən danışarkən bildirdi.
Onun sözlərinə görə, Avropa İttifaqına üzv olmağa daha hazır hesab edilən ölkələr mövcuddur ki, onların belə üzvlük məsələsi siyasi səbəblərdən bu günə qədər həllini tapmayıb:
"Məsələn, Türkiyə artıq 30-40 ilə yaxındır ki, Avropa İttifaqı ilə üzvlük danışıqları aparır, lakin prosesin bu qədər uzun sürməsinə baxmayaraq, hələ də nəticə əldə olunmayıb".
Deputat əlavə etdi ki, eyni vəziyyət Balkan regionunda da müşahidə olunur:
"Məsələn, Serbiya və Albaniya kimi ölkələr Avropa İttifaqına üzvlük üçün Ukrayna ilə müqayisədə daha hazırlıqlı hesab olunurlar. Ukraynada isə həm davam edən münaqişə, həm də Avropa İttifaqının irəli sürdüyü iqtisadi və institusional tələblər mövcud vəziyyətdə bu prosesi xeyli çətinləşdirir. Xüsusilə müharibə şəraiti Ukraynanın üzvlük üçün müraciət imkanlarını məhdudlaşdırır və belə bir müraciət edilsə belə, onun qısa müddətdə müsbət nəticələnməsi real görünmür. Digər tərəfdən, Avropa İttifaqının özünün də müəyyən böhran mərhələsindən keçdiyi müşahidə olunur. Brexit prosesindən sonra Böyük Britaniyanın İttifaqdan çıxması təşkilatın siyasi nüfuzuna ciddi təsir göstərmişdir. Hal-hazırda isə ABŞ-də Donald Tramp administrasiyasının Avropa İttifaqı ilə münasibətlərinin kifayət qədər soyuq olduğu qeyd olunur. Bu, xüsusilə Rusiya-Ukrayna münaqişəsi fonunda aparılan diplomatik danışıqlarda Avropa İttifaqının aktiv rol almaması ilə müşahidə edilir və müəyyən mənada təşkilatın prosesdən kənarlaşdırılması təsiri bağışlayır. Bundan əlavə, Avropa İttifaqının aparıcı dövlətlərindən biri hesab edilən Fransa ilə ABŞ arasında da zaman-zaman siyasi diskurs çərçivəsində kəskin bəyanatlar səsləndirilir. Eyni zamanda, Qrenlandiya məsələsi də beynəlxalq gündəmdə müzakirə olunur və ABŞ-nin bu əraziyə marağı diqqət çəkir".
Müsahibimizin fikrincə, Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsi ən yaxşı halda uzaq perspektivdə mümkün görünür.
"Bu isə ilk növbədə Rusiya ilə münaqişənin necə və nə zaman həll olunacağından, eləcə də Ukraynanın ərazi bütövlüyü məsələsinin hansı formada tənzimlənəcəyindən asılı olacaq. Onu da əlavə etmək lazımdır ki, Ukrayna yalnız Rusiya ilə deyil, Avropa İttifaqına üzv olan bəzi dövlətlərlə, məsələn, Macarıstan, Rumıniya və Slovakiya ilə də istər siyasi, istərsə də digər məsələlər üzrə fikir ayrılıqları yaşayır. Hətta Rusiya ilə münaqişə həll olunsa belə, bu ölkələrin Ukraynanın Avropa İttifaqına üzvlüyü qarşısında ciddi şərtlər irəli sürə biləcəyi istisna edilmir. Bu baxımdan, mövcud geosiyasi reallıqlar fonunda Ukraynanın yaxın zamanda Avropa İttifaqına üzv qəbul olunması mümkün və ağlabatan görünmür", - deyə Tural Gəncəliyev vurğuladı.
Xədicə BAXIŞLI