AZ

Havil Seyfullayev: Xocalı hadisələrinin izi hər kəsin yaddaşındadır

Bakı, 26 fevral, AZƏRTAC

Müharibənin ilk günlərində döyüşlərə qatılmışam. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişəm və yaralanmışam.

Bunu AZƏRTAC-a müsahibəsində İkinci Qarabağ müharibəsi qazisi Havil Seyfullayev deyib.

“Torpaqlarımızın azad olunması xəbərlərini isə fərqli şəraitdə eşitmişəm. İlk azad olunan ərazilər barədə xəbəri döyüş zamanı almışdım. Oktyabrın 4-də Cəbrayıl rayonunun kəndlərinin azad olunması xəbərini səngərdə eşitdik. Füzuli şəhərinin azad olunması xəbərini isə yaralı vəziyyətdə, xəstəxanada – əməliyyatdan yenicə çıxmış halda televizordan eşitdim. Həmin an Prezidentimizin müraciətini dinləyirdik. O an hiss etdiklərimi sözlə ifadə etmək çətindir. Sanki bütün yaralarımın ağrısı yadımdan çıxdı. Qələbə xəbərini eşidəndən sonra fiziki ağrılar belə mənə təsir etmirdi. Sevincim o qədər böyük idi ki, yenidən ayağa qalxıb döyüşə qayıtmaq istəyirdim. Çünki bilirdim ki, bu Zəfər şəhidlərimizin qanının yerdə qalmamasının sübutudur”, - deyə qazi vurğulayıb.

O qeyd edib ki, Xocalı abidəsini ziyarətə gələn insanları, o cümlədən gəncləri, məktəbliləri görəndə qan yaddaşımızın heç vaxt silinməyəcəyinə bir daha əmin olur. “Qadınlı-kişili, böyüklü-kiçikli hər kəsin yaddaşında bu hadisələrin izi var və olacaq. Xocalıda xalqımıza qarşı soyqırımı törədildi, yüzlərlə insan şəhid, əlil oldu, ailələr məhv edildi. Şükürlər olsun ki, bütün bunların qisası alındı, Xocalı da azad olundu. Bu gün artıq Xocalı azaddır. Bu, həm şəhidlərimizin ruhuna böyük ehtiramdır, həm də bizim üçün sonsuz qürur mənbəyidir”.

Seçilən
19
azertag.az

1Mənbələr