Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" NATO genişlənməyə davam edir və bu, əlbəttə, başa düşüləndir. NATO-nun əsas rəqibi və yaranma səbəbi vaxtilə SSRİ idi, daha sonra isə onun varisi olan Rusiya bu rolu davam etdirdi. Əslində 2008-ci ildə Gürcüstana müdaxilə, 2014-cü ildə Ukraynaya müdaxilə və hazırda, Ukraynaya qarşı genişmiqyaslı müharibə onu göstərdi ki, əsas genişlənməyə çalışan NATO deyil, məhz Rusiyanın özüdür. Üstəlik, bu genişlənmə dövlətlərin razılığı əsasında deyil, işğal və təcavüz yolu ilə həyata keçirilir. Bu baxımdan NATO-nu qınamaq o qədər də doğru deyil və bunun üçün ciddi məntiqi əsaslar görünmür.

NATO müdafiə təşkilatıdır və bu günə qədər Rusiyaya qarşı işğal xarakterli hər hansı addım atmayıb. Əksinə, NATO-ya son üzv olan Finlandiya və İsveçin alyansa qoşulma səbəbi Rusiyanın aqressiv siyasəti və genişlənmə cəhdləri olub.
Əgər məsələ Ukraynadırsə, Ukrayna suveren dövlətdir və hansı tərəfdə yer alacağını özü müəyyən edir. Rusiyanın bu məsələdəki reaksiyası isə həm beynəlxalq hüququn pozulması, həm də dövlətlərin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Bu mənada Rusiyanın Budapeşt Memorandumuna istinad etməsi gülməlidir.
Rusiyanın bu məsələyə yanaşması heç bir halda qəbul edilə bilməz, çünki dövlətlər öz seçimlərini etmək hüququna malikdirlər. NATO hansısa ölkəni məcburi şəkildə alyansa qəbul etsəydi, bu başqa məsələ olardı.
Digər tərəfdən, vaxtilə SSRİ də Varşava Paktı mövcud idi. Formal olaraq heç bir ölkə zorla üzv edilməmişdi, lakin alyansdan çıxmaq istəyənlərə qarşı sərt tədbirlər görülürdü. Bunun ən bariz nümunələri Macarıstanda və Çexoslovakiyada baş verən hadisələrdir.
Bütün bunların fonunda demək olar ki, Rusiya bu gün NATO qədər güclü və ya NATO kimi genişlənmə imkanlarına malik deyilsə, bunu NATO ilə əsaslandırmaq düzgün olmaz. Hər bir alyans genişlənmək hüququna malikdir və NATO da bu prinsiplə hərəkət edir. Avropanın təhlükəzsizlik istiqamətində baş verən genişlənmələr bu kontekstdə başa düşüləndir".
Zeynəb Mustafazadə