Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Türkiyə və Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib. Görüş Azərbaycan Milli QHT Forumunun ofisində baş tutub.
Newscenter.az xəbər verir ki, görüşdə Türkiyədə fəaliyyət göstərən Diplomatiya və Strateji Tədqiqatlar Mərkəzinin (DASAM – Diplomacy and Strategic Research Center) rəhbəri Mehmet Gökhan Özçubukçu, eləcə də Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri Nadir İsmayılov iştirak ediblər.
Görüş zamanı Baş katib Azər Allahverənov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının cari və gələcək fəaliyyətləri, o cümlədən Türkiyə QHT-ləri ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi perspektivləri barədə danışıb. O, həmçinin Türk dünyasının QHT-ləri arasında koordinasiya və qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.
Türkiyəli ekspert Mehmet Gökhan Özçubukçu təmsil etdiyi QHT-nin Türk dünyası sahəsində həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verib və vahid platforma üzərindən əlaqələndirilmə işlərinin aparılmasının bütövlükdə vətəndaş cəmiyyəti institutlarının bilik və bacarıqlarının artırılmasına xidmət etdiyini qeyd edib.
Tərəflər Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlığın dərinləşdirilməsi yolları, o cümlədən qarşıdan gələn aylar ərzində birgə tədbirlərin keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Süleyman