AZ

İctimai Birlik sədri: Xocalı faciəsi gələcək nəsillərə milli həmrəyliyin rəmzi kimi ötürülməlidir

Ankara, 26 fevral, AZƏRTAC

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur.

AZƏRTAC xəbər verir ki, bu fikri Xocalı faciəsinin 34 -cü ildönümü ilə əlaqədar Ankaradaki Gazi Universitetində keçirilən tədbir zamanı “Bir təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin sədri İbrahim İbrahimli səsləndirib.

O qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş, mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb.

İbrahim İbrahimlinin sözlərinə görə, bu hadisə yalnız Azərbaycan xalqına qarşı deyil, beynəlxalq humanitar hüquqa və bəşəri dəyərlərə qarşı yönəlmiş ağır bir cinayətdir.

“Xocalı faciəsinin beynəlxalq müstəvidə tanıdılması, ona hüquqi-siyasi qiymətin verilməsi istiqamətində aparılan fəaliyyətlər davamlı və prinsipial xarakter daşımalıdır. Xocalı qurbanlarının xatirəsi yalnız anım mərasimləri ilə deyil, həm də həqiqətlərin sistemli şəkildə təbliği ilə yaşadılmalıdır. Xocalı faciəsi gələcək nəsillərə həm tarixi dərs, həm də milli həmrəyliyin rəmzi kimi ötürülməlidir”, - deyə İctimai Birliyinin sədri vurğulayıb.

O bildirib ki, rəhbərlik etdiyi təşkilat gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, tarixi həqiqətlərin düzgün formada çatdırılması istiqamətində layihələr həyata keçirir:”Azərbaycan dövləti tərəfindən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər mühüm nəticələr verməkdədir və bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının rolu da xüsusi əhəmiyyət daşıyır. 34 il keçməsinə baxmayaraq, Xocalının ağrısı hələ də ürəklərdədir. Bizim vəzifəmiz bu ağrını unutmamaq, unutdurmamaq və ədalətin tam bərqərar olunması üçün ardıcıl şəkildə fəaliyyət göstərməkdir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Seçilən
19
1
azertag.az

2Mənbələr