AZ

Xocalı faciəsi genosid anlayışına tam uyğundur ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Pərvanə Vəliyeva: “Xocalı qurbanlarının ədaləti beynəlxalq məhkəmələrdə təmin olunmalıdır”

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. O gecə ailəsini itirən uşaqlar, əsir aparılan qocalar, soyqırımın qurbanı olan qadınlar hələ də bu hadisənin dəhşətini nəsillər boyu daşıyırlar”.

Bunu Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Sherg.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

“Soyqırım hadisəsi zamanı Xocalıdan olan 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl idi. Bundan başqa, 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. 487 insan şikəst olub, 1275 nəfər isə əsir götürülmüşdür. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Faciə nəticəsində sağ qalan sakinlər məcburi köçkünə çevrilərək, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Xocalı fəlakətinin izahı, onu yaşayan şahidlərin səslərində və çəkilmiş dəhşətli fotolarda açıq-şaffaf əks olunub. İnsanlığın səssiz qaldığı bir vaxtda, Xocalı sakinləri böyük iztirablarla öz dözülməz talehərini yaşadılar”. 

Deputat bildirib ki, işğal nəticəsində Xocalı şəhərində yüzlərlə məişət obyekti, fərdi yaşayış binası, məktəb, klub, mədəniyyət evi dağıdılıb:

“XIV-XV əsrə aid türbələr və məzarlar da yerlə-yeksan olunub. Hadisənin baş verdiyi dövrdə Ermənistan tərəfi bu faciəni gizlətmək və fərqli təqdim etmək üçün güclü təbliğat aparırdı. Lakin beynəlxalq media orqanlarının, xüsusilə də Qərb jurnalistlərinin çəkdiyi fotolar və hazırladıqları reportajlar Xocalıda törədilən vəhşiliyin dünya ictimaiyyətinə çatdırılmasına imkan yaratdı. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış fərmana əsasən, 26 fevral “Xocalı Soyqırımı Günü” elan edilmişdir. Bundan sonra hər il ölkə ərazisində və xarici dövlətlərdə anım mərasimləri keçirilir”. 

P. Vəliyeva ölkəmizin diaspor təşkilatlarının Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində geniş fəaliyyət göstərdiyini vurğulayıb:

“Bir sıra ölkələrin parlamentləri və ABŞ-nin bəzi ştatları bu hadisəni soyqırımı kimi tanıyıb. Lakin böyük güclərin geosiyasi maraqları, Qərbin siyasi ikiüzlülüyü və dövlətlərin ikili standartları bu fəlakətə siyasi-hüquqi qiymətin verilməsinə mane oldu. Buna baxmayaraq, bir çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmi olaraq tanıdı. Xocalı soyqırımı, BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" 1948-ci il Konvensiyasının təyin etdiyi genosid anlayışına tam uyğun gəlir. Akta əsasən, hadisə etnik, milli və ya dini qrupa qarşı məqsədyönlü şəkildə həyata keçirilən kütləvi zorakılıq və qətliam kimi qiymətləndirilir”. 

Deputatın sözlərinə görə, hadisənin gələcək nəsillərə çatdırılması məqsədilə 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir:

“Məqsəd, dünya ictimaiyyətinin diqqətini bədnam faciəyə çəkmək və ermənilərin cinayətlərini ifşa etməkdir. Bu kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı hadisələri barədə məlumatlandırma məqsədi daşıyır. 100 minlərlə şəxs və 115 təşkilat, kampaniyanın fəaliyyətini dəstəkləyir. Həmçinin, Xocalı vəhşilikləri haqqında bir çox xarici jurnalistlərin yazıları dərc olunub. Ölkəmiz Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün BMT, Avropa Parlamenti və digər qurumlarda məsələnin müzakirəyə çıxarılması üçün davamlı işlər aparır”. 

P. Vəliyeva bildirib ki, Azərbaycan Xocalı facisəinin beynəlxalq məhkəmə orqanlarında gündəmə gətirilməsi üçün səylər göstərir:

“Bu istiqamətdə əsas məqsədlərdən biri Xocalı faciəsinə hüquqi qiymət verilməsi və bu cinayəti törədənlərin beynəlxalq ədalət qarşısında cavab verməsidir. Azərbaycanın diplomatik korpusu və diaspor təşkilatları Xocalı həqiqətlərinin beynəlxalq arenada tanıdılması üçün fəal şəkildə çalışırlar. 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalı hadisələri soyqırım kimi tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransında da üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində səylərin artırılmasına çağırmışdır. Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı misilsiz igidlik göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsinin qurbanlarının qisasını aldı”.

Aybəniz Səfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
6
sherg.az

10Mənbələr