AZ

Xocalı bir millətin yaddaşına həkk olunmuş yanğıdır - ŞƏRH

Bakı, 26 fevral, AZƏRTAC

1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində güllələnən təkcə 613 dinc sakin deyildi. Həmin gecə insanlıq hədəfə alındı. Qadınlar, uşaqlar, qocalar… Qar üzərinə düşən cansız bədənlər dünyanın ikili standartlarını da açıq şəkildə nümayiş etdirdi. Bu, adi hərbi toqquşma deyildi. Bu, planlı və məqsədli şəkildə həyata keçirilmiş kütləvi qırğın idi.

Bunu AZƏRTAC-a açıqlaması zamanı türk siyasi ekspert Gökalp Şentürk bildirib ki, Xocalı faciəsi açıq şəkildə soyqırımı aktıdır və bu həqiqətin beynəlxalq miqyasda tanınması tarixi ədalətin əsas şərtidir.

Onun sözlərinə görə, illər keçsə də, bu cinayətin hüquqi və siyasi məsuliyyəti aradan qalxmır.

“Qarabağ azad edilib, işğala son qoyulub. Bu gün “Qəhrəman Azərbaycan” öz torpağında qürurla dayanır. Lakin torpağın azad olunması ilə tarix bağlanmır. Ədalət bərpa edilmədən yaddaş susmaz. Azərbaycan dövləti Xocalı ilə bağlı məsuliyyət daşıyan şəxslər barəsində hüquqi materialları toplayıb, milli məhkəmə mexanizmlərini işə salıb və sübut bazasını beynəlxalq hüquq müstəvisində təqdim etmək istiqamətində ardıcıl fəaliyyət göstərir. Proses ləng görünə bilər. Çünki beynəlxalq sistem çox vaxt güclüyə qarşı sürətli, haqqa isə ləng davranır. Ancaq dövlətlər strateji səbrlə hərəkət edir. Türk milləti yaddaşını itirmir. Xocalının hesabı zaman aşımına məruz qalmaz”, - ekspert qeyd edib.

Gökalp Şentürk Ermənistanla müzakirə olunan sülh gündəliyinə də toxunaraq vurğulayıb ki, real və dayanıqlı sülh yalnız həqiqət üzərində qurula bilər: “Soyqırımı faktı inkar edilərək imzalanan istənilən sənəd texniki mətn olaraq qalacaq. Xocalının tanınması və üzrxahlıq tarixi üzləşmə deməkdir. Əks halda, sülh kövrək olacaq. Azərbaycan bu gün prioritet olaraq ərazi bütövlüyünün tanınmasına önəm verir. Lakin tarixi həqiqətin beynəlxalq səviyyədə təsbit olunması gec-tez gündəmə gələcək. Həqiqət ertələnə bilər, amma yox edilə bilməz”.

Siyasi ekspert işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq prosesini də xüsusi qeyd edib.

“Yollar çəkilir, “ağıllı kənd” layihələri həyata keçirilir, müasir infrastruktur qurulur. Xocalı yenidən dirçəlir. Lakin şəhərlər təkcə betonla deyil, ruhla ayağa qalxır. Xocalı o zaman tam dirçəlmiş sayılacaq ki, orada uşaqlar qorxmadan qaçacaq, analar pəncərələrini tərəddüdsüz açacaq, azan səsi dağlarda azad şəkildə səslənəcək. Bu gün Azərbaycan gəncliyi üçün Xocalı artıq yalnız faciə simvolu deyil, həm də milli şüur və güc dərsidir. Xocalı gənclərə öyrətdi ki, güclü dövlət olmadan təhlükəsizlik mümkün deyil. Qarabağ Zəfəri Xocalıda axıdılan qanın yerdə qalmadığının göstəricisidir. Bu səbəbdən “Müzəffər Azərbaycan” gəncliyi Xocalını yalnız göz yaşı ilə deyil, iradə ilə yad edir”, - deyə türk ekspert əlavə edib.

Gökalp Şentürk regional perspektivə toxunaraq bildirib ki, kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizinin reallaşması təkcə nəqliyyat layihəsi deyil, strateji inteqrasiya mərhələsidir: “Bu xətt Ankara ilə Bakını, oradan isə Türk dünyasının digər mərkəzlərini birləşdirəcək. Xocalı bizə parçalanmanın bədəlini göstərdi. Regional bağlantıların bərpası isə birliyin gücünü nümayiş etdirəcək. Xocalı təkcə matəm günü deyil, milli intizam və yaddaş səlnaməsidir. Unudan itirər. Xatırlayan güclənər. Azərbaycan xalqı xatırlayır və bu yaddaş, bu gün də ayaqdadır”.

Seçilən
12
1
azertag.az

2Mənbələr