AZ

"Xocalı Azərbaycan tarixində dərin iz buraxıb" - HƏRBİ EKSPERT

"Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağır və faciəli səhifələrindən biridir. Bəşəriyyət tarixində oxşar dəhşətli hadisələr baş versə də, Xocalıda törədilənlər öz qəddarlığı və miqyası ilə xüsusi yer tutur. Orada dinc əhaliyə qarşı kütləvi qırğın həyata keçirildi, insanların şəhəri tərk etməsinə belə imkan verilmədi".

Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, Xocalı sakinləri - qoca, cavan, qadın, uşaq fərq etmədən - qarlı, şaxtalı fevral gecəsində ayaqyalın, köməksiz halda şəhəri tərk etməyə məcbur qaldılar: "Çıxa bilənlər xilas olmağa çalışdı, lakin çoxları mühasirədən çıxa bilmədi və amansızlıqla qətlə yetirildi. Bu hadisə təkcə hərbi əməliyyat deyildi, mülki insanlara qarşı törədilmiş ağır cinayət idi.

Hadisə zamanı keçmiş SSRİ ordusunun tərkibində olan 366-cı motoatıcı alayın iştirakı faktı da qeyd olunur. Həmin alayın şəxsi heyətində erməni əsilli hərbçilər də xidmət edirdi və sonradan Ermənistanın yüksək vəzifələrində təmsil olunan bəzi şəxslərin həmin dövrdə bu alayda xidmət etməsi ilə bağlı məlumatlar mövcuddur. Bütün bunlar faciənin miqyasını və mürəkkəbliyini daha da artırır. Bu hadisə beynəlxalq humanitar hüququn prinsiplərinə zidd idi. Müharibə şəraitində belə, mülki əhaliyə qarşı zorakılıq yolverilməzdir. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb və hər il qurbanların xatirəsi ehtiramla yad edilir.

Qarabağ münaqişəsi dövründə digər yaşayış məntəqələrində də faciəli hadisələr baş verib. Lakin Xocalı xüsusilə geniş rezonans doğurmuş və Azərbaycan cəmiyyətində milli yaddaşın əsas simvollarından birinə çevrilmişdir. Bu gün Xocalı və ətraf ərazilər Azərbaycan dövlətinin nəzarətindədir, bölgədə bərpa və quruculuq işləri aparılır. Dövlət səviyyəsində Xocalı qurbanlarının xatirəsinin yaşadılması və faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət davam etdirilir. Xocalı hadisəsi Azərbaycan xalqı üçün həm böyük kədər, həm də gələcək nəsillərə sülhün və ədalətin əhəmiyyətini anlatan tarixi dərs olaraq qalır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
5
sia.az

1Mənbələr