AZ

Mərkəzi Gömrük Hospitalında Pediatriya günlərinə həsr olunmuş seminar keçirilib

25 fevral 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında Pediatriya günlərinə həsr olunmuş müxtəlif tibb müəssisələrində çalışan pediatrların növbəti seminarı keçirilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Pediatriya şöbəsinin rəisi, uzman Telman Aytayev və pediatrlar iştirak ediblər.
Tədbirin açılış hissəsində Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova və Pediatriya şöbəsinin rəisi, pediatr Telman Aytayev pediatriya sahəsində aparılan yeniliklərdən, uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən və həkimlərin davamlı peşəkar inkişafının əhəmiyyətindən danışıb, pediatrların birgə təcrübə mübadiləsi və innovativ yanaşmaların tətbiqinin uşaqların sağlam gələcəyində həlledici rol oynadığını vurğulayıblar.
Seminar Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi Telman Aytayevin moderatorluğu ilə keçirilib. Təqdimatlar sırasında pediatr Nigar Mirzəyeva “Biliar Atreziya və Transplantasiyada Yeniliklər”, rezident Ləman Əliyeva “Qeyri-immun Hidrops Fetalis” və rezident Yeganə Vəliyeva “FMF: Genetik Atak və İltihabın Müasir Yanaşmaları” mövzularında geniş məlumat veriblər.
Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin elmi-təcrübi və tədris mütəxəssisi Şəhla Mirzəzadə Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən həyata keçirilən davamlı tibbi təhsil tədbirləri və rezidentlər üçün mütəmadi təşkil olunan cümə seminarları barədə ətraflı məlumat verib, iştirakçıları Tibbi Xidmət İdarəsi tərəfindən təşkil olunan elmi tədbirlərdə fəal iştirak etməyə dəvət edib.
Tədbir çərçivəsində pediatrlar arasında bilik və təcrübə mübadiləsi uğurla həyata keçirilib, innovativ diaqnostika və müalicə üsulları barədə ətraflı müzakirələr edilib. Seminarın yekunu olaraq iştirakçılar pediatriya sahəsində əməkdaşlığın və davamlı təcrübə paylaşımının uşaqların sağlamlığına verdiyi töhfələrin əhəmiyyətini bir daha qeyd ediblər. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Seçilən
9
1
sia.az

2Mənbələr