AZ

Ekspert: Data mərkəzlərin qurulması Azərbaycanda iqtisadi inkişafı sürətləndirəcək - ŞƏRH

Bakı, 26 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanda data mərkəzlərin inşası ölkədə analitik düşüncə, qərarvermə keyfiyyəti və iqtisadi səmərəliliyin yüksəlməsinə mühüm töhfə verəcək. Bu infrastrukturun formalaşması data mədəniyyətinin inkişafına, dövlət idarəçiliyində daha dəqiq təhlillərin aparılmasına və süni intellekt texnologiyalarının effektiv tətbiqinə şərait yaradacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov bildirib. O bildirib ki, müasir dünyada məlumat (data) istənilən sahənin inkişafının əsas fundamentidir: “Təhlil olmadan inkişaf mümkün deyil. Təhlil üçün isə əsas resurs düzgün və strukturlaşdırılmış datadır. Necə ki, tikinti üçün kərpic, sement və qum lazımdır, eləcə də analitika üçün keyfiyyətli data zəruridir. Turizm, kənd təsərrüfatı, xidmət sektoru, texnologiya və digər bütün sahələrin inkişafı etibarlı məlumat bazasına söykənir”.

Ekspert qeyd edib ki, data mərkəzlərin yaradılması müxtəlif dövlət qurumlarında toplanan məlumatların mərkəzləşdirilməsinə imkan verəcək. Bu isə sahələr arasında analitikanı gücləndirəcək: “Məsələn, turizmin inkişafı üçün kənd təsərrüfatı, ictimai iaşə və xidmət sektoru üzrə məlumatlar vacibdir. Bu datalar eyni mərkəzdə toplanarsa, analitiklər onları birgə təhlil edə və daha dəqiq nəticələr əldə edə bilərlər”.

E.Sadıqovun fikrincə, data mərkəzlərin qurulması ölkədə data mədəniyyətinin formalaşmasına güclü təkan verəcək: “Dataların düzgün toplanması, təmizlənməsi və strukturlaşdırılması dövlət qurumlarında məsuliyyəti artıracaq. Bu da nəticədə ölkə rəhbərliyinə təqdim olunan məlumatların daha dəqiq olmasına, qərarvermə prosesinin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək”.

Ekspert vurğulayıb ki, data mərkəzlərdə süni intellekt texnologiyalarının tətbiqi iqtisadi səmərəliliyi daha da artıracaq: “Süni intellekt düzgün və təmiz datalarla qidalandıqda daha dəqiq qərarlar verir. Qərarların sürətinin və effektivliyinin artması isə məhsuldarlığın yüksəlməsi, ümumi daxili məhsulun artımı deməkdir. Bu, birbaşa iqtisadi inkişafdır”.

E.Sadıqov əlavə edib ki, süni intellekt insan faktorundan irəli gələn subyektiv risklərin azaldılmasına da kömək edir: “Qərarvermə prosesində insan və süni intellektin nəticələri müqayisə olunduqda səhvlər daha tez aşkarlanır, şəffaflıq artır və idarəetmədə keyfiyyət yüksəlir. Qlobal miqyasda texnoloji transformasiya fonunda data mərkəzlərin yaradılmaması ölkənin rəqabət qabiliyyətini zəiflədə bilər. Əgər dünya ölkələri data və süni intellektdən səmərəli istifadə edirsə, bu sahədə geri qalmaq iqtisadiyyatın sürət, məhsuldarlıq və effektivlik baxımından ciddi itkilərə məruz qalması deməkdir. Data mərkəzlərin qurulması Azərbaycanın gələcək iqtisadi inkişafını sürətləndirən əsas amillərdən biri olacaq”.

Seçilən
13
1
azertag.az

2Mənbələr