AZ

Əsrin dəhşətli faciəsi: “Kütləvi qırğın düşünülmüş bir aksiya idi”

Xocalı faciəsinin 34-cü ildönümüdür.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin faciədən artıq bir neçə il ötməsinə baxmayaraq, xalqımız həmin soyqırımı hadisəsini unutmur.

Baş verən faciə ilə bağlı millət vəkili Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu gün bizi Xocalı soyqırımından artıq 34  il ayırır: 

“1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə bəşəriyyətə, insanlığa qarşı böyük bir cinayət əməli həyata keçirildi. Bu, faciə yalnız Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktı kimi qiymətləndirilməməlidir. Həmin dövrdə çox böyük faciə yaşandı.

Belə ki, 2 500 nəfərdən ibarət şəhər tamamilə yerlə yeksan edildi, 600 nəfərdən artıq insan qətlə yetirildi. Onların arasında uşaqlar, qadınlar, yaşlılar var. Hətta bir neçə ailə tam olaraq məhv edildi. Şəhəri tərk etmək istəyən sakinləri pusquya salaraq  gülləbaran etdilər. Eləcə də 1000 nəfərdən artıq əsir götürülənlər oldu. Həmin əsirlərlə insanlıqdankənar davranış nümayiş etdirdilər. 

Biz 34 ildir ki, bu faciənin təsiri altındayıq. Ancaq  hazırda 2020-ci ildə əldə etdiyimiz möhtəşəm qələbə ilə bu günü faktiki olaraq fərqli qarşılayırıq. Artıq Xocalı işğaldan azad olunub. Xocalı sakinləri artıq öz dədə-baba yurdlarına qayıdırlar. Hazırda məskunlaşma gedir. Orada infrastruktur yenidən qurulur. Ancaq bütün bunlar bizi o günlərdən ayırmır.

Həmin dövrdə baş verən faciə hər zaman bizim diqqətimizdə olacaq. Bir neçə ölkə Xocalı faciəsini soyqırım olaraq tanıyıb. Təəssüflər olsun ki, bəzi ölkələr  bunu soyqırım aktı kimi qəbul etməyiblər. Bu istiqamətdə fəaliyyətimiz davam etməlidir”. 

Millət vəkili qeyd edib ki, bugünlərdə başa çatan məhkəmə prosesi ilə biz Xocalıda qanlı qətliam törədənlərin bir qismini məsuliyyətə cəlb edə bildik, cəzalandırdıq:

“Ancaq hələ də cəzadan kənarda qalanlar var. Xüsusilə də sonradan Ermənistan prezidentləri olmuş Sarkisyan, Köçaryan, Ohanyan və digərləri də bu qanlı cinayətin törədilməsində əsas rol oynayıblar. Onların da cinayətə cəlb ediləcəyi günü gözləyirik.

Sarkisyanın verdiyi müsahibə heç vaxt yadımızdan çıxmaz. O, açıq etiraf elədi ki, “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər biz zarafat edirik. Ondan sonra başa düşdülər ki, biz zarafat etmirik”. Yəni bu kütləvi qırğın faktiki olaraq düşünülmüş bir aksiya idi və azərbaycanlıları qorxutmaq, soyqırımı həyata keçirməklə bötüvlükdə həmin ərazləri işğal etmək onların hədəfi idi.

Bu qanlı cinayət yalnız ermənilər tərəfindən deyil, eyni zamanda Rusiyanın 366-cı alayının bilavasitə iştirakı ilə həyata keçirilmişdi. Bu gün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi hörmətlə anırıq. Bundan sonrakı dönəmdə də gələcək nəsillər bilməlidir ki, Xocalıda və digər ərazilərimizdə hansı faciələr baş verib.

Ermənilər və onlara havadarlıq edənlər Azərbaycana qarşı hansı cinayətlərin içərisində olublar. Ancaq bu gün fərqli bir vəziyyətdir. Xocalıda bu gün Azərbaycan bayrağı dalğalanır. Torpaqlarımız işğaldan azad olunub. Xocalı artıq dirçəlmək üzrədir. Gənc nəsil Xocalının yenidən qurulması prosesində iştirak edir. Biz bütün dünyaya göstərdik ki, faciələrə baxmayaraq, öz gücümüzə problemləri həll etmək iqtidarındayıq.

Bu gün Azərbaycan regionun əsas söz və güc sahibidir. Baş verən faciələrə, illərlə davam edən işğal faktına baxmayaraq, biz yenidən ayaqüstə durmaqla ədaləti bərpa etmişik. Bundan sonrakı dönəmdə də mütləq mənada Xocalı faciəsi və digər müharibə cinayətlərində əli olan cinayətkarların hər biri öz cəzalarını almalıdırlar və bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik”. 

Seçilən
8
cebheinfo.az

1Mənbələr