AZ

Səni gözləyirik səndən xəbərsiz...

Bakı, 25 fevral, AZƏRTAC

Dünyada ən ağır məhrumiyyətlərdən biri də gözü yolda, qulağı səsdə yaşamaqdır. O da ola Rövşən kimi oğul. Onu tanıyan hər kəs bilir ki, Rövşən necə vətənpərvər, sədaqətli, el-obaya canıyanan oğul idi. Xocalıda ilk güllə səsi eşidiləndən Rövşən əlinə silah götürüb. Özünümüdafiə batalyonunun ilk üzvü olub, doğma torpağın müdafiəçilərinin silah-sursatla təmin edilməsində böyük rol oynayıb. Pulemyotçu kimi şəhərin erməni hərbçilərin hücumlarından qorunmasında iştirak edib. Xocalı soyqırımı faciəsindən bir neçə gün əvvəl kəşfiyyat tapşırığını yerinə yetirərkən Həsənabadda dizindən yaralanıb. Tam sağalmasına baxmayaraq, yenə də səngər yoldaşlarını, Xocalının müdafiəçilərini tək qoymayıb.

Bu fikirləri Rövşən Həsənovun həyat yoldaşı Almas Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı səsləndirib.

Rövşən ovaxtkı Azərbaycan Dövlət Neft və Kimya Akademiyasının məzunu olub. Xocalı şəhər kommunal təsərrüfat şöbəsinin müdiri işləyib. Beş bacının yeganə qardaşı idi.

Almas xanım 34 il əvvəl baş verən faciə gecəsini xatırlayır: “Şəhərin mühasirəsi günlərində vəziyyətin ağırlığını nəzərə alaraq mən iki azyaşlı qızım və bir oğlumla vertolyotla Xocalını tərk etmişdim. Atam Famil, anam Ofelya, qardaşlarım Araz və Nicat, Rövşənin bacısı Xuraman və onun iki azyaşlı oğlu, əmiləri, əmilərinin həyat yoldaşları, əmisi oğlanları və digər qohumları şəhərdə idilər. Faciə gecəsi Rövşən və onun əmisi oğlanları qohum-əqrəbanı, sakinləri dörd tərəfdən onları hədəfə alan erməni hərbi birləşmələrinin atəşindən xilas etmək istəyərkən Dəhraz kəndi yaxınlığında mühasirəyə düşüblər. Ermənilər onlara təslim olmağı əmr ediblər. Lakin onlar təslim olmayıblar. Dəhşətli mühasirə zamanı ermənilərin atəş açaraq qətlə yetirdiyi də olub, ürəyi partlayaraq həlak olanlar da. Əliyalın camaat qəfil hücumdan qorunmaq üçün dağın dibinə çəkilib. Təpədən dırnağa qədər silahlanmış erməni hərbçiləri əksəriyyəti qoca, qadın və uşaqdan ibarət yüzlərlə dinc sakini əsir götürərək kənddəki fermaya yığıblar”.

Onun dediyinə görə, ermənilər əsir götürdükləri sakinlərin bir qrupunu buraxsalar da, say-seçmə cavanları girov aparıblar: “Quldurlar onları ikibir, üçbir kənara çağıraraq sorğu-suala tutaraq güllələmək, başlarını kəsməklə hədələyiblər. Onların arasında həyat yoldaşım Rövşənlə yanaşı, onun əmisi oğlanları - Əlyar, Zakir, Elşad, Siyavuş və Rizvan Usubovlar, həmçinin Ülfət Əliyev, Şamo Bağırov, Ələddin Paşayev, Usubəli Qarayev, Vüqar İbrahimov, Şahin Məmişov və Tofiq Zeynalov da olub. Onları aparandan bir neçə dəqiqə sonra avtomat səsləri eşidilib, sonra isə “KamAZ” markalı maşın yerindən tərpənib. Onların sonrakı taleyi barədə heç bir məlumat əldə etmək mümkün olmayıb”.

Almas Məmmədova Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra həyat yoldaşının naməlum taleyi barədə məlumat öyrənəcəyinə ümid bəsləyib. Lakin indiyədək Rövşənin barəsində heç nə aydınlaşdırmaq mümkün olmayıb: “32 ildən sonra aparılan qazıntı işləri zamanı Rövşənlə bir yerdə əsir götürülən əmisi oğlu Zakir Usubov, həmçinin Ələddin Paşayev, Usubəli Qarayev, Vüqar İbrahimov və Şahin Məmişovun nəşi tapılaraq Xocalıda dəfn olunub. Lakin qalan girovların taleyindən hələ də soraq yoxdur. Hər dəfə yeni məzarlıq aşkarlananda, Birinci Qarabağ müharibəsində itkin düşənlərin cəsədləri tapılanda biz də Rövşənin barəsində xəbər gözləyirik. Hələ də ümidimizi itirməmişik, indiyədək mən, atam-anam, övladlarımız xəbər gözləyirdi, indi onların sırasına nəvələr də əlavə olunub”.

Yeri gəlmişkən, Almas Məmmədovanın anası Ofelya xanım bir neçə il əvvəl vəfat edib. 89 yaşlı atası Famil kişi isə onlarla bir yerdə Rövşəndən xəbər gözləyir. Oğlu Rəvanın qızı Ofelya nənəsinin adını daşıyır. Qızı Natəvanın övladları Fatimə, Ayişə və Yusif də babaları Rövşənin naməlum taleyindən nigaran yaşayırlar. Digər qızı Nigar da atasının taleyindən gec-tez xəbər alacağına ümidini itirmir.

Xatırladaq ki, 1997-ci ildə Rövşən Həsənov “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Onunla birlikdə itkin düşən taleyi naməlum Xocalı sakinləri haqqında “13” adlı bədii-sənədli film çəkilib. Onlardan beşi tapılaraq doğma yurdda torpağa tapşırılsa da, qalan itkinlərin taleyi naməlum olaraq qalır...

Seçilən
14
1
azertag.az

2Mənbələr