AZ

ABŞ – İran gərginliyi neft bazarına necə təsir edəcək?

İran və ABŞ uzun illərdir davam edən nüvə mübahisəsinin həlli məqsədilə Cenevrədə növbəti danışıqlar raunduna başlayır. Görüş regionda artan hərbi gərginlik və Vaşinqtonun mümkün zərbələri ilə bağlı siqnallar fonunda keçirilir.Tərəflər bu ay Tehranının nüvə proqramı ətrafında yaranmış onilliklər davam edən çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün danışıqları bərpa ediblər. ABŞ və Qərb ölkələri proqramın nüvə silahı məqsədi daşıdığını iddia etsə də, İran bu ittihamları rədd edir. Mövcud geosiyasi gərginlik fonunda diqqət yalnız diplomatik nəticələrə deyil, eyni zamanda mümkün iqtisadi və enerji təsirlərinə də yönəlib. Bəs, İranın neft ixracına qarşı sanksiyaların sərtləşdirilməsi qlobal təklif balansını nə dərəcədə dəyişə bilər? Ümumiyyətlə, Yaxın Şərqdə hərbi gərginliyin artması halında bazar reaksiyası daha çox psixoloji faktorlarla məhdudlaşacaq, yoxsa real fiziki təklif şokuna əsaslanacaq?Metbuat.az xəbər verir ki, bu suallara cavab olaraq Kredit.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Cenevrədə danışıqların uğursuz nəticələnməsi neft bazarında sıçrayışlı və ya kəskin artımla müşayiət olunmaya bilər:“Ötən həftədən etibarən neftin 70 dollar və daha yüksək səviyyədə ticarət olunması artıq bazar iştirakçıları tərəfindən mümkün risklərin qiymətlərə daxil edilməsi ilə bağlıdır. Reallıqda neft bu qiymətə deyil. Yəni mövcud qiymət səviyyəsi fundamental göstəricilərdən daha çox geosiyasi risk amilini əks etdirir və real bazar balansını tam ifadə etmir”.Ekspert vurğulayır ki, hazırkı mərhələdə nə ABŞ, nə də İran münasibətləri kəskinləşdirəcək addımlar atmır:“İran danışıqlara hazır olduğunu bildirir və bu danışıqlar faktiki olaraq davam edir. Eyni zamanda, son iki gün ərzində Donald Trampın ritorikasında əvvəlki sərt tonun müşahidə olunmadığı qeyd edilir. Siyasətdə hər cür ssenari mümkün olsa da, hazırda ötən ilin yayında baş vermiş 12 günlük müharibəyə bənzər şərtlərin formalaşdığına dair açıq şərtlər sezmirik”.

Ekspertin açıqlamasından da bəlli olduğu kimi bazarda gərginliyin hələlik idarəolunan çərçivədə qalması qənaətini gücləndirir. Regionda gərginlik ötən ilin iyununda ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsi ilə daha da artmışdı. Tehran isə mümkün yeni hücuma sərt cavab verəcəyini bəyan edib. Prezident Donald Tramp fevralın 19-da İrana 10–15 gün ərzində razılaşmaya gəlməli olduğunu bildirərək, əks halda ciddi nəticələr barədə xəbərdarlıq edib. Danışıqlar fonunda neft qiymətləri cüzi artım göstərsə də, ABŞ-da xam neft ehtiyatlarının yüksəlməsi bazarda artımı məhdudlaşdırıb. Xatırladaq ki, mənbələrin məlumatına görə, Səudiyyə Ərəbistanı mümkün təchizat risklərinə qarşı hasilat və ixracı artıracağını bildirib.

Seçilən
3
metbuat.az

1Mənbələr