“Ötən həftədən etibarən neftin 70 dollar və daha yüksək səviyyədə ticarət olunması artıq bazar iştirakçıları tərəfindən mümkün risklərin qiymətlərə daxil edilməsi ilə bağlıdır. Reallıqda neft bu qiymətə deyil. Yəni mövcud qiymət səviyyəsi fundamental göstəricilərdən daha çox geosiyasi risk amilini əks etdirir və real bazar balansını tam ifadə etmir”.Ekspert vurğulayır ki, hazırkı mərhələdə nə ABŞ, nə də İran münasibətləri kəskinləşdirəcək addımlar atmır:“İran danışıqlara hazır olduğunu bildirir və bu danışıqlar faktiki olaraq davam edir. Eyni zamanda, son iki gün ərzində Donald Trampın ritorikasında əvvəlki sərt tonun müşahidə olunmadığı qeyd edilir. Siyasətdə hər cür ssenari mümkün olsa da, hazırda ötən ilin yayında baş vermiş 12 günlük müharibəyə bənzər şərtlərin formalaşdığına dair açıq şərtlər sezmirik”.Ekspertin açıqlamasından da bəlli olduğu kimi bazarda gərginliyin hələlik idarəolunan çərçivədə qalması qənaətini gücləndirir. Regionda gərginlik ötən ilin iyununda ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsi ilə daha da artmışdı. Tehran isə mümkün yeni hücuma sərt cavab verəcəyini bəyan edib. Prezident Donald Tramp fevralın 19-da İrana 10–15 gün ərzində razılaşmaya gəlməli olduğunu bildirərək, əks halda ciddi nəticələr barədə xəbərdarlıq edib. Danışıqlar fonunda neft qiymətləri cüzi artım göstərsə də, ABŞ-da xam neft ehtiyatlarının yüksəlməsi bazarda artımı məhdudlaşdırıb. Xatırladaq ki, mənbələrin məlumatına görə, Səudiyyə Ərəbistanı mümkün təchizat risklərinə qarşı hasilat və ixracı artıracağını bildirib.