AZ

Xocalı soyqırımı türk dünyasının siyasi həmrəyliyini necə formalaşdırıb? Ekspert AÇIQLADI

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən və tarixə Xocalı soyqırımı kimi düşən faciə, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının yaddaşında dərin iz buraxan hadisədir. Bu qanlı hadisə nəticəsində yüzlərlə dinc sakin həyatını itirib, minlərlə insan yaralanıb və doğma yurd-yuvasından didərgin düşüb. Hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib və uzun illər boyunca müxtəlif səviyyələrdə müzakirə mövzusu olub.

Avtosfer.az xəbər verir ki, Xocalı faciəsi türk xalqları arasında ortaq tarix, mədəniyyət və kimlik anlayışını daha da gücləndirən mühüm hadisələrdən biri kimi dəyərləndirilir. Bu hadisə, xüsusilə də müstəqilliklərini yenicə bərpa etmiş türk respublikaları arasında siyasi və mənəvi həmrəyliyin əhəmiyyətini ön plana çıxarıb. Beləliklə, Xocalı soyqırımı təkcə bir humanitar faciə deyil, həm də türk dünyasında ortaq mövqe və qarşılıqlı dəstək anlayışının formalaşmasına təsir göstərən mühüm tarixi hadisə kimi yadda qalıb.

Bununla bağlı siyasi ekspert Mübariz Göyüşlü Avtosfer.az-a açıqlamasında bildirib ki, bu prosesdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və siyasi həmrəylik xüsusi əhəmiyyət kəsb edib:

“1992-ci ildə Xocalı şəhərində baş verən soyqırımı hadisəsini Azərbaycan dövləti və xalqı olaraq dünyaya çatdırmaq üçün mümkün olan bütün addımları atmışıq, bəzi hallarda isə mümkün olandan da artığını etmişik. Bu məsələ ilə bağlı torpaqlarımızın geri qaytarılması, Xocalının azad olunması, əhalinin doğma yurduna köçürülməsi, hadisəni törədən bir qrup cinayətkarın həbs edilərək mühakimə olunması və layiq olduqları cəzanı almaları ədalətin bərpası istiqamətində atılmış mühüm addımlar oldu. Bu prosesdə bizə dəstək göstərən əsas aparıcı türk dövlətlərindən biri Türkiyə olmuşdur. Bunu hər zaman qeyd etməli və unutmamalıyıq. Digər türk dövlətləri tərəfindən də bu istiqamətdə müəyyən addımlar atılmışdır. Düzdür, bu dəstək Türkiyə səviyyəsində olmasa da, epizodik xarakter daşıyan cəhdlər və təşəbbüslər müşahidə olunub. Bu gün artıq Xocalı soyqırımı və Qarabağ məsələsi türk dövlətləri üçün ciddi gündəm mövzusuna çevrilmişdir. Məsələn, Qarabağda türk dövlətləri tərəfindən məktəblər tikilir, mədəniyyət mərkəzləri və məscidlər inşa olunur. Hazırda bu istiqamətdə daha güclü həmrəylik müşahidə edirik. Lakin əvvəlki dövrlərdə bu səviyyədə birliyi tam şəkildə görmək mümkün olmurdu. Gələcək üçün isə türk dövlətlərinin bu kimi milli məsələlərdə daha sıx və prinsipial həmrəylik nümayiş etdirməsinə ehtiyac var. Bu cür məsələlər daim diqqətdə saxlanılmalı və ortaq mövqe ilə daha güclü birlik nümayiş etdirilməlidir”.

Nurcan Babək

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
50
avtosfer.az

10Mənbələr