AZ

Əsrin faciəsindən 34 il keçir - Əli Hüseynli

Yazını böyüt
Yazını kiçilt

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş vermiş kütləvi qırğın – soyqırımı Birinci Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri kimi tarixə düşdü. Həmin hadisədən 34 il keçir…

Hafta.az Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektlərdə təhlilinə geniş yer ayırıb. Müsahibimiz Milli Məclisin deputatı Əli Hüseynlidir.

– 1992-ci ilin fevralında Xocalı şəhərində baş vermiş soyqırımına gətirib-çıxaran hərbi-siyasi şəraiti necə xarakterizə edərdiniz? Həmin dövrdə regionda hansı amillər həlledici rol oynadı?

- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş qanlı hadisələr Birinci Qarabağ müharibəsinin ən gərgin mərhələsinə təsadüf edirdi. SSRİ-nin dağılmasından sonra regionda yaranmış təhlükəsizlik vakuumu, Ermənistan tərəfindən silahlı separatizmin güclənməsi və keçmiş sovet hərbi hissələrinin silah-sursatının nəzarətsiz şəkildə ələ keçirilməsi vəziyyəti kəskinləşdirmişdi. Xocalı strateji baxımdan mühüm mövqedə idi – bölgədə yeganə hava limanı burada yerləşirdi və şəhər Ağdam–Şuşa xətti üzrə kommunikasiya baxımından açar nöqtə sayılırdı. Bu amillər şəhəri hərbi hədəfə çevirmişdi.

Xüsusilə Rusiya Müdafiə Nazirliyinin Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının erməni silahlı birləşmələrinin sərəncamına keçməsi hərbi balansı dəyişdi. Dolayısı ilə ermənilərə dəstək verən, onları silah-sursatla təchiz edən Şimal qonşumuz isə bu faktı görməzdən gəldi.

Məsələyə faciənin baş verdiyi dövrdəki daxili siyasi böhran prizmasından baxdıqda digər aspektə də nəzər yetirilməsinin zəruriliyi ortaya çıxır. Belə ki, həmin mərhələdə yenicə dövlət müstəqilliyini formal olaraq bərpa etmiş Azərbaycanda hakimiyyət uğrunda qeyri-sivil mübarizə, dövlət idarəçiliyində koordinasiyanın olmaması və silahlı qüvvələrin mərkəzləşdirilmiş komandanlıqdan məhrum olması cəbhə xəttində vəziyyətin ağırlaşmasına gətirib çıxarmışdı. Bu kontekstdə o dövrdəki iqtidarın siyasi səbatsızlığı ilə yanaşı AXC–Müsavat tandeminin xəyanətkar fəaliyyəti də ciddi tənqid hədəfidir. Məhz bu səbəbdən dövlət institutları zəifləmiş, siyasi ambisiyalar milli təhlükəsizlik maraqlarından üstün tutulmuş və informasiya manipulyasiyaları cəmiyyət daxilində parçalanmanı dərinləşdirmişdi. Nəticədə işəalçı düşmənə qarşı vahid və effektiv müdafiə mexanizmi formalaşdırıla bilməmişdi.

Bölgə dövlətləri ilə münasibətlərin düzgün qurulmaması, xarici siyasətdə buraxılan ciddi diplomatik səhvlər Qarabağ problemi kimi taleyüklü məsələdə Azərbaycanın meydanda tək qalmasına səbəb olmuşdu. Məhz bu amillər həmin dövrdə həlledici rol oynayırdı.

– Hadisənin planlı və məqsədli şəkildə həyata keçirildiyini göstərən əsas faktlar hansılardır? Bu barədə mövcud sənədlər və şahid ifadələri nə deyir?

- Bir sıra faktlar – şəhərin əvvəlcədən tam mühasirəyə alınması, ağır artilleriya və zirehli texnikadan istifadə, mülki əhalinin çıxış yollarının atəşə tutulması, əsir və girov götürülmüş şəxslərə qarşı sistemli zorakılıq hadisənin planlı əməliyyat olduğunu göstərir.

Hadisələrdən sonra beynəlxalq jurnalistlərin və insan hüquqları təşkilatlarının hesabatları da mülki əhalinin kütləvi şəkildə həlak olduğunu təsdiqləmişdir.

Eyni zamanda hadisələrdən sonra bəzi erməni siyasi və hərbi fiqurlarının, o cümlədən sonradan Ermənistan prezidenti olmuş Serj Sarkisyanın müsahibələrində səsləndirilən fikirlər əməliyyatın “psixoloji təsir” məqsədi daşıdığını göstərən arqumentdir. Erməni millətçi yazıçısı Zori Balayan 1996-cı ildə nəşr olunan “Ruhumuzun canlanması” əsərində Xocalı soyqırımına haqq qazandırır və bu şəhərdə Azərbaycanlılara qarşı soyqırım həyata kecirildiyini fəxrlə etiraf edir. Bu etiraflar fonunda cinayət qurbanlarının və şahidlərin ifadələrinə heç ehtiyac da qalmır.

– Xocalı faciəsi regionda və Azərbaycanda sonrakı siyasi proseslərə necə təsir göstərdi? Bu hadisəni münaqişənin gedişində dönüş nöqtəsi hesab etmək olarmı?

- Xocalı faciəsi Azərbaycan cəmiyyətində dərin psixoloji və siyasi sarsıntı yaratdı. Onun 1992-ci ilin yazında Bakıda baş verən siyasi dəyişikliklərə, hakimiyyət böhranına və nəticə etibarilə dövlət idarəçiliyində transformasiyalara təsiri danılmazdır. Belə ki, Azərbaycan Xalq Cəbhəsi – Müsavat cütlüyü bu faciənin cəmiyyətdə yaratdığı ruh düşkünlüyündən istifadə edərək, daha sonra isə, bildiyiniz kimi, xəyanətkarcasına Şuşa və Laçını ermənilərə peşkəş edilməsini təşkil edərək qəsdən yaradılmış bu vəziyyəti hakimiyyəti qəsb etmək üçün vasitəyə çevirdi.   Münaqişənin gedişində isə Xocalı qırğını həm hərbi, həm də informasiya baxımından dönüş nöqtəsi oldu. Bundan sonra müharibə daha genişmiqyaslı və amansız xarakter aldı. Xocalı faciəsi fonunda baş verən hakimiyyət böhranı milli təhlükəsizlik sisteminin zəifliyini üzə çıxardı və bu, sonrakı mərhələdə dövlətçiliyin möhkəmləndirilməsi zərurətini gündəmə gətirdi.

1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə tarixi dönüşündən sonra bu məsələlərə dovlətçilik təfəkkürü prizmasından yanaşılmağa başlandı. Xocalı faciəsinə dövlət səviyyəsində ilk dəfə olaraq siyasi-hüquqi qiymətin verilməsi də məhz bundan sonra mümkün oldu. 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi və 26 fevral “Xocalı soyqırımı günü” elan olundu. Xocalı faciəsini insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəyan edən Ulu Öndərin imzaladığı sərəncamlar və müraciətlərlə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Növbəti mərhələdə isə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində faciənin hüquqi-siyasi qiymətləndirilməsi, sənədləşdirilməsi və beynəlxalq müstəvidə tanıdılması istiqamətində sistemli iş vüsət aldı və nəhayət, müharibə cinayətlərində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə nəticələnən hüquqi proseslərə start verildi.

– Beynəlxalq medianın və xarici arxiv sənədlərinin Xocalı hadisələrinə yanaşmasını necə qiymətləndirirsiniz? O dövrdə informasiya müharibəsi hansı səviyyədə idi?

- Faciənin baş verdiyi ilk dövrdə informasiya müharibəsi komponenti vacib əhəmiyyət kəsb edirdi. Lakin hadisə ilə bağlı məlumatlar məhdud informasiya kanalları şəraitində yayılırdı. Ermənistan tərəfi hadisəni hərbi əməliyyat kontekstində təqdim etməyə çalışırdı. Azərbaycan hakimiyyəti isə bunun mülki əhaliyə qarşı məqsədli hücum olduğunu bildirsə də, faciənin ağırlığı ozamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi. Yüksək vəzifəli şəxslər XX əsrin ən müdhiş soyqırımlarından biri olan bu cinayətin miqyasını ört-basdır etməyə çalışır, hətta xalqa doğru-dürüst məlumat verməkdən çəkinirdilər. Bu hadisədən bir müddət sonra hakimiyyətə gələn AXC-Müsavat iqtidarı da susmağa üstünlük verdi. “Washington Post”, “The NewYork Times”, “BBC”, “Newsweek”, “İTAR-TASS”, “Svoboda” və bir çox digər aparıcı media qurumlarında faciənin dəhşətlərinin əks olunmasına baxmayaraq, yaranmış bu imkandan da lazımınca istifadə edilmədi.

O dövrə aid arxiv sənədləri və müstəqil hesabatlar hadisənin miqyasını təsdiqləsə də, hüquqi kvalifikasiya məsələsində beynəlxalq səviyyədə yekdil münasibət formalaşmamışdır.

– Xocalı soyqırımı beynəlxalq hüquq normaları baxımından hansı kateqoriyaya daxildir? Bu hadisəni 1948-ci il tarixli Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya kontekstində necə dəyərləndirmək olar?

- Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” ilə müəyyən edilib. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların nizamnaməsində ifadə olunub. Sonradan Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsində təkmilləşdirilməklə bir daha təsdiqini tapıb.

Hüquqi baxımdan isə Xocalı hadisəsinin bu kateqoriyaya aid olub-olmaması “xüsusi niyyət” elementinin sübutundan asılıdır. Bu isə yalnız beynəlxalq məhkəmə instansiyasının qərarı ilə qəti müəyyən edilə bilər.

– Bu cinayətlə bağlı beynəlxalq məhkəmə instansiyalarına müraciət imkanları hansılardır? Məsələn, Beynəlxalq Cinayət Məhkəməsi və ya Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində hüquqi perspektivləri necə görürsünüz?

- Beynəlxalq Cinayət Məhkəməsi yalnız 1 iyul 2002-ci il və ondan sonrakı dövrdə törədilmiş ən ağır beynəlxalq cinayətləri (soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüzkarlıq) araşdırmaq səlahiyyətinə malikdir. Bu tarix məhkəmənin nizamnaməsi olan Roma Statutunun qüvvəyə mindiyi vaxtdır. Onun qərarları geriyə şamil olunmur. Buna görə Xocalı hadisəsi BCM-nin yurisdiksiyası çərçivəsində araşdırıla bilmir.

Beynəlxalq Ədalət Məhkəməsi isə dövlətlərarası məsuliyyət məsələlərinə baxır. Dövlət məsuliyyəti kontekstində müraciət mümkündür, lakin bunun üçün həm yurisdiksiya əsasları, həm də sübut bazası mühüm rol oynayır. Düşünürəm, bu istiqamətdə real imkanlar və müəyyən perspektivlər mövcuddur.

Alternativ olaraq universal yurisdiksiya prinsipi tətbiq edən milli məhkəmələrdə işlərin qaldırılması hüquqi baxımdan mümkün variantdır.

– Soyqırımı faktının hüquqi tanınmasına nail olmaq üçün hansı beynəlxalq mexanizmlərdən istifadə edilə bilər?

- Əsasən, milli parlamentlərin qətnamələri, beynəlxalq təşkilatların siyasi bəyanatları, akademik və hüquqi ekspertiza hesabatları, arxiv materiallarının sistemli şəkildə təqdimatı bu sahədə müəyyən səmərəli nəticələr əldə edilməsi üçün istifadə oluna bilər.

Bu istiqamətdə “soft law” (“yumşaq hüquq”, yəni hüquqi qüvvəsi müzakirə mərhələsində olan qaydalar və göstərişlər toplusu) mexanizmləri və siyasi-hüquqi kampaniyalar paralel aparılmalıdır.

- Cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində bundan sonra hansı addımlar atılmalıdır? Hüquqi və diplomatik müstəvidə hansı strategiya daha effektiv ola bilər?

- Əvvəla, qeyd edək ki, Azərbaycan hökuməti indiyədək bu istiqamətdə bütün mümkün addımları atıb. Respublikanın Hərbi Prokurorluğu tərəfindən Xocalı soyqırımı ilə bağlı başlanmış cinayət işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb və 40-dək şəxsin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Yeri gəlmişkən, 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra cinayət məsuliyyətinə cəlb olunaraq Azərbaycan məhkəməsi qarşısına çıxarılan müttəhimlər sırasında onlardan da bir neçəsi var. 

Xocalı soyqırımı cinayətini törədən və məsuliyyətdən gizlənən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sıra mexanizmlər mövcuddur. Bunlardan biri Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılmasıdır. Tarixdə buna bənzər nümunələr mövcuddur. Məsələn, ilk dəfə İkinci Dünya müharibəsindən sonra, sülh və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərin cəzalandırılması üçün Nürnberq və Tokio tribunalları təsis olunub, daha sonra keçmiş Yuqoslaviya və Ruanda ərazisində baş vermiş genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün beynəlxalq cinayət tribunalları yaradılıb.

Xüsusi olaraq vurğulamaq istərdim ki, “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” 26 noyabr 1968-ci il tarixli Konvensiyanın tələblərinə əsasən, törədilmə vaxtından asılı olmayaraq, genosid cinayətini törətmiş şəxslərin istənilən vaxt cinayət məsuliyyətinə cəlb oluna bilməsi tələbi də məsələnin aktuallığını daim saxlamış olur.

Bu istiqamətdə atılan digər addım isə bu cinayətin törədilməsində iştirakı sübuta yetirilmiş şəxslərin beynəlxalq axtarışa verilərək Azərbaycana gətirilməsinə nail olmaq və barələrində cinayət təqibini həyata keçirməkdir. Bu məsələ Azərbaycanın hüquq-mühafizə orqanlarının daim ciddi nəzarətindədir.

BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair belnəlxalq əməkdaşlıq prinsipləri”nə müvafiq olaraq, hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə təqsirkar olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsində də fayda var.

Azərbaycan Respublikasının dövlət sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirən şəxslərin Azərbaycana gətirilməsi ilə bağlı təcrübəni Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərə münasibətdə də davam etdirmək olar.

Bu istiqamətdə nəzərdə tutulan hədəflərə nail olmaq üçün bir sıra strateji xətlər üzrə fəaliyyət davam etdirilməkdədir. Buraya sənədləşdirmə və sübut bazasının rəqəmsallaşdırılması, universal yurisdiksiya çərçivəsində cinayət işlərinin təşviqi, diplomatik kanallar vasitəsilə məsuliyyət məsələsinin gündəmdə saxlanılması, akademik-hüquqi diskursun gücləndirilməsi ön plana çəkilir.

– Dövlət səviyyəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün hazırda hansı tədbirlər həyata keçirilir?

- Azərbaycan dövləti Xocalı faciəsinin həqiqətlərini dünyaya çatdırmaq üçün siyasi, diplomatik, təhsil və humanitar platformalarda sistemli fəaliyyət göstərir. Bu fəaliyyət həm beynəlxalq siyasi gündəlikdə Xocalı məsələsini gündəmdə saxlamağa, həm də qlobal ictimaiyyətin faciənin hüquqi və tarixi mahiyyətini düzgün anlamasına töhfə verir.

Həyata keçirilən tədbirlər həm dövlət strukturları, həm də ictimai təşkilatlar vasitəsilə koordinasiyalı şəkildə bir neçə istiqamətdə aparılır. Hədəf Xocalı faciəsini insanlığa qarşı cinayət və soyqırımı kimi tanıdılması və buna dair obyektiv siyasi-hüquqi baxışın formalaşdırılmasıdır.

Xarici İşlər Nazirliyi, Ombudsman Aparatı və digər dövlət orqanları Xocalı faciəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrə rəsmi müraciətlər, bəyanatlar və çıxışlar təqdim edir. Bu sənədlərdə hadisənin humanitar hüquq və cinayət aspektləri vurğulanır.

Hər il 26 fevral tarixi Xocalı soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Bu tarixdə Bakı və digər şəhərlərdə anım mərasimləri, beynəlxalq tədbirlər və sərgilər təşkil edilir.

Diplomatlar və xarici nümayəndəliklərlə əməkdaşlıq bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir. İngilis, fransız və digər dillərdə hazırlanmış materiallar vasitəsilə faciənin hüquqi və tarixi konteksti geniş auditoriyaya çatdırılır.

Təhsil, mədəniyyət və informasiya layihələri mədəni tədbirlər, film və sənədli layihələr, eləcə də ədəbi və bədii yaradıcılıq əsərləri faciənin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Prezident İlham Əliyevin bir il bundan öncə verdiyi sərəncama əsasən Xocalı şəhərində memorial kompleksin yaradılması ilə bağlı təşəbbüsü həyata keçirilir. Bu, qurbanların xatirəsini əbədiləşdirmək və faciənin törədildiyi məkanı gələcək nəsillər üçün canlı xatirə məkanına çevirmək məqsədi daşıyır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ildən etibarən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı faciəsinin səbəbləri, hüquqi aspektləri və insanların yaşadıqları iztirablar ən müxtəlif vasitələrlə dünya ictimaiyyətinə çatdırılır.

– Beynəlxalq təşkilatlarla əməkdaşlıq hansı səviyyədədir? Bu məsələnin BMT və ATƏT kimi qurumların gündəliyində saxlanılması üçün hansı addımlar atılır?

- Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kurs çərçivəsində Azərbaycan hökumətinin, Milli Məclisin, Azərbaycan Prokurorluğunun, Ombudsman Aparatının və digər aidiyyəti qurumların bu istiqamətdə atdığı ardıcıl addımlar öz bəhrəsini verməkdədir. Bu günədək 19 dövlətin parlamenti səviyyəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı bəyanat, qərar və qətnamələr qəbul edilib. Bundan əlavə, 57 müsəlman ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı da Xocalı soyqırımını rəsmən tanıyıb. Həmçinin ABŞ-ın 26 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışını “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər” kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

Məsələ müxtəlif platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və ATƏT çərçivəsində humanitar hüquq kontekstində qaldırılmışdır. Lakin siyasi konsensusun olmaması hüquqi tanınmanı çətinləşdirir.

- Gənc nəslin Xocalı faciəsi barədə məlumatlandırılması və tarixi yaddaşın qorunması istiqamətində hansı dövlət proqramları və layihələr icra olunur?

– Bu istiqamətdə bir sıra proqramlar, kampaniyalar və praktiki tədbirlər icra olunur. Bunların əksəriyyəti daha çox tarixi yaddaşın qorunması, gənclərin maarifləndirilməsi, beynəlxalq ictimaiyyətə həqiqətlərin çatdırılması məqsədilə həyata keçirilir.

Müxtəlif dövlət strukturları, gənclər təşkilatları və ali təhsil müəssisələri faciənin ildönümlərində xüsusi tədbirlər həyata keçirir. Dövlət vətəndaşlara və xüsusilə gənclərə Xocalı soyqırımı ilə bağlı maarifləndirici məlumatların yayılması üçün müxtəlif resurslardan, o cümlədən ictimai təşkilatların dəstəyindən faydalanır.

Gənclər və İdman Nazirliyi bu kampaniyalara dəstək olur və gənclərin bu fəaliyyətlərdə iştirakını təşviq edir. Beynəlxalq tanıtım və diaspor layihələri vasitəsilə gənclər təşkilatlarının təşəbbüsüləri əsasında Xocalı faciəsi haqqında informasiya yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də yayılır.

 “Xocalıya ədalət!” kampaniyası həm yerli, həm də xarici auditoriyalarda Xocalı hadisələrinin tanıdılması və gənc nəslin bu məlumata çatdırılması üçün mühüm platformadır.

– Xocalı soyqırımı ilə bağlı indiyədək hansı ölkələr rəsmi mövqe bildirib və bu prosesin dinamikasını necə qiymətləndirirsiniz?

– Bundan öncə qeyd etdiyim kimi, bütün qitələri əhatə edən 19 xarici ölkə parlamenti səviyyəsində – bu sıraya, Türkiyə, Pakistan kimi qardaş dövlətlərdən başqa, məsələn, Avropadan Şotlandiya, Çexiya, Sloveniya, Bosniya və Hersoqovina, Latın Amerikasından Meksika, Qonduras, Kolumbiya, Qvatemala, Panama, Paraqvay, Peru,  Asiyadan İndoneziya, Əfqanıstan, Afrikadan Sudan, İordaniya, Cibuti və ABŞ-ın 26 ştatı Xocalı hadisələrini qətliam və ya soyqırımı kimi tanıyan qətnamələr, qərarlar və bəyanatlar qəbul etmişdir. Bu proses mərhələli və siyasi kontekstdən asılı olaraq inkişaf edir.

– Bu faciənin beynəlxalq səviyyədə tam tanınmasına mane olan əsas siyasi və hüquqi amillər hansılardır?

 – Lakonik formada belə deyərdim ki, maneələr əsasən ikili standartlar, geosiyasi maraqlar, hüquqi kvalifikasiya ilə bağlı mübahisələr, sübutların beynəlxalq məhkəmə səviyyəsində qiymətləndirilməməsi və regionda sülh danışıqları prosesinin siyasi həssaslığından ibarətdir. Lakin zaman keçdikcə geosiyasi vəziyyətin arzuolunan istiqamətdə dəyişməsi və Xocalı faciəsinə beynəlxalq müstəvidə ədalətli yanaşmanın formalaşması yeni imkan pəncərəsinin açılmasına şərait yarada bilər. 

– Oxşar faciələrin gələcəkdə təkrarlanmaması üçün beynəlxalq hüquq mexanizmlərini nə dərəcədə effektiv hesab edirsiniz? Mövcud sistemdə hansı boşluqlar var?

 – Beynəlxalq hüquq mexanizmləri nəzəri baxımdan yetərli olsa da, icra mexanizmləri siyasi iradədən asılıdır. Təhlükəsizlik Şurasında veto mexanizmi, selektiv yanaşma və ikili standartlar mövcud sistemin əsas boşluqları kimi qalır.

Nəticə etibarilə, Xocalı faciəsinin həm tarixi, həm hüquqi, həm də siyasi müstəvidə dəyərləndirilməsi çoxşaxəli yanaşma tələb edir. Bu məsələ təkcə regional deyil, beynəlxalq humanitar hüququn tətbiqi və effektivliyi baxımından da prinsipial əhəmiyyət daşıyır.

Tahirə Qafarlı

Seçilən
22
hafta.az

1Mənbələr