AZ

Xocalı soyqırımı: tarixi həqiqətlər qarşısında beynəlxalq hüququn imtahanı - ŞƏRH

Bakı, 26 fevral, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri soyqırımı Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Hadisəyə hüquqi prizmadan yanaşdıqda, soyqırımı başda olmaqla beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu aydın görünür. Bu hadisə adi hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı məqsədli şəkildə həyata keçirilmiş kütləvi zorakılıq aktı və beynəlxalq humanitar hüququn mülki şəxslərin qorunmasına dair fundamental prinsiplərinin açıq şəkildə tapdanması demək idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Karabük Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ali Asker söyləyib.

O deyib: “Hücumdan əvvəl şəhərin aylarla mühasirədə saxlanılması, ərzaq, enerji və tibbi təminatın qəsdən dayandırılması mülki əhalinin kollektiv cəzalandırılması anlamına gəlirdi ki, bu da beynəlxalq humanitar hüquq tərəfindən qəti surətdə qadağandır. 1949-cu il Cenevrə konvensiyalarının müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair IV Konvensiyası mülki əhaliyə qarşı zor tətbiqini, onların qəsdən öldürülməsini, girov götürülməsini, qeyri-insani rəftara məruz qoyulmasını və kollektiv cəza tədbirlərini birmənalı şəkildə qadağan edir. Xocalıda baş verənlər bu sənədin əsas müddəalarının sistemli və açıq şəkildə pozulması idi.

Bu faciə, eyni zamanda, 1948-ci il 9 dekabr tarixli Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın müddəaları çərçivəsində də qiymətləndirilməlidir. Həmin sənədin II maddəsinə əsasən, milli və ya etnik qrupa mənsub şəxslərin öldürülməsi, onlara ağır fiziki və mənəvi zərər yetirilməsi, eləcə də qrupun fiziki məhvinə yönəlmiş həyat şəraitinin qəsdən yaradılması soyqırımı cinayətinin tərkib elementləridir. Xocalıda azərbaycanlı mülki əhalinin məhz etnik mənsubiyyətinə görə hədəfə alınması, onların kütləvi şəkildə qətlə yetirilməsi, əsir götürülməsi və şəhərin planlı şəkildə boşaldılması bu əməlin beynəlxalq hüquq baxımından soyqırımı kimi tövsif olunmasını şərtləndirən əsas faktlardır”.

Professor vurğulayıb ki, baş verənlər beynəlxalq cinayət hüququ nöqteyi-nəzərindən insanlığa qarşı cinayətlər kateqoriyasına da daxildir. 1998-ci il Roma Statutunun 7-ci maddəsinə görə, mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistemli hücum çərçivəsində törədilən qətl, deportasiya, zorla köçürmə, əsir götürmə, işgəncə və digər qeyri-insani əməllər insanlığa qarşı cinayət sayılır. Bu cür əməllər beynəlxalq hüququn “jus cogens” xarakterli imperativ normalarının pozulması hesab olunur və onların araşdırılması, eləcə də təqsirkarların məsuliyyətə cəlb edilməsi beynəlxalq ictimaiyyətin ümumi hüquqi öhdəliyidir. 1968-ci il tarixli Müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə zamanaşımının tətbiq edilməməsi haqqında Konvensiyaya əsasən, bu kateqoriyaya daxil olan cinayətlərə münasibətdə zamanaşımı (qanunla müəyyən edilmiş zamanın başa çatması) tətbiq edilmir və hüquqi məsuliyyət qüvvədən düşmür.

Beynəlxalq ədalət mexanizmlərinin tətbiqində siyasi maraqlar naminə selektiv yanaşma

Xocalı faciəsi dövlətin beynəlxalq hüquqi məsuliyyəti məsələsini də gündəmə gətirir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, dövlətlər digər dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiqindən çəkinməlidirlər. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində mülki əhaliyə qarşı həyata keçirilmiş silahlı hücumlar və sonrakı işğal bu fundamental prinsipin kobud şəkildə pozulması idi. Beynəlxalq hüququn ümumi prinsiplərinə və Beynəlxalq Hüquq Komissiyasının dövlət məsuliyyəti ilə bağlı qaydalarına əsasən, dövlətin nəzarəti və ya dəstəyi altında fəaliyyət göstərən silahlı birləşmələrin törətdiyi beynəlxalq cinayətlər həmin dövlətin beynəlxalq məsuliyyətini yaradır. Bu baxımdan Xocalıda baş verənlər yalnız fərdi cinayət məsuliyyəti ilə məhdudlaşmır, həm də dövlət məsuliyyəti doğuran ağır hüquq pozuntusu kimi dəyərləndirilməlidir.

“Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də qəbul etdiyi qərarla fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. “Xocalıya ədalət” beynəlxalq kampaniyası nəticəsində bu günədək 18 dövlət, ABŞ-ın 20-dən çox ştatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalını kimi soyqırımı kimi tanıyıb və ya qətiyyətlə pisləyib. Bununla belə, BMT Təhlükəsizlik Şurasının, Avropa İttifaqının və bir sıra aparıcı Qərb dövlətlərinin bu cinayətə tam hüquqi-siyasi qiymət verməkdən yayınması beynəlxalq ədalət mexanizmlərinin tətbiqində siyasi maraqlar naminə selektiv yanaşmanın mövcudluğunu göstərir. Belə vəziyyət faktiki olaraq “cəzasızlıq sindromu” formalaşdırır. Bu isə təkcə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətin lazımi səviyyədə qiymətləndirilməməsi deyil, həm də beynəlxalq hüququn fundamental prinsiplərinə münasibətdə ikili standartların təzahürüdür.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn pozulmuş prinsiplərinin icrasını faktiki olaraq təmin edib. Bununla yanaşı, Xocalı soyqırımına beynəlxalq hüquqi və siyasi müstəvidə dolğun qiymətin verilməsi tarixi ədalətin tam bərpası üçün hələ də zəruri olaraq qalır. Xocalı qurbanlarının xatirəsi Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq. Bu faciə nə unudulacaq, nə də unutdurulacaq”,- deyə A. Asker vurğulayıb.

Seçilən
31
azertag.az

1Mənbələr