AZ

Üşüyən soyuq yaddaş ... ÖZƏL

Hər il fevralın 26-sı gələndə bədənimə izahı olmayan bir üşütmə düşür. Elə bil üşüyən bədənim yox, yaddaşımdır. Sanki illər əvvəl qarlı bir gecədə donub qalmış insanların nəfəsi hələ də havadadır və mən o havanı içimə çəkirəm. Bu, sadəcə xatırlamaq deyil, tarixlə üz-üzə qalmaqdır. Xocalı yadıma düşür. Donmuş baxışlar, yarımçıq qalmış qışqırıqlar, qarın üstündə qalan izlər. O izlər ki, təkcə torpaqda yox, insanlığın vicdanında həkk olunub və silinmir.
34 ildi düşüncələrimizdə soyuq əsir, çuxurlara qar qalanır, qar qalağı yolları-izləri örtüb görünməzləşdirir...
Yaşı imkan verənlərin hamısı 34 ildi, yaşı az olanlar düşüncələr imkan verdiyi vaxtlardan Xocalı faciəsi kəlməsini ana fəryadı, qoca naləsi, uşaq hönkürtüsü kəlmələrinə tən bilir ...
O, kadrlar gözümün önünə gələndə bədənim titrəyir. Körpə uşaqlar hələ dünyanı tanımadan analarının sinəsində soyuqla üz-üzə qaldılar. Yaşlılar ömrün bu çağında qorxu və şaxta ilə sınağa çəkildilər. Qadınlar isə ana olduqları üçün, qadın olduqları üçün, sadəcə azərbaycanlı olduqları üçün hədəf alındılar. Hamısı bir gecənin qaranlığında donaraq öldürüldü. Bu, müharibə deyildi, bu, insanlığa qarşı törədilmiş vəhşilikdi. Bu hansı günahın cəzası idi? Hansı ədalət susmuşdu o gecə?
Dostum Kəlbəcərdən çıxdıqları günü danışarkən deyir ki, uşaq idik, maşın Murovu yuxarı çıxa bilmirdi. Dedilər oğlan uşaqları düşsün, piyada qalxsınlar. Uşaqlara ölüm yolu göstərildi. Axşamüstü idi, qaranlıq düşürdü. Hər tərəf ağ idi, amma bu ağlıq işıq yox, ümidsizlik idi. Şaxta üzümüzü kəsirdi, külək sümüklərimizin arasına dolurdu. Biz uşaq idik, qorxunun nə olduğunu bilməməliydik, amma müharibə uşaqlara da qorxunu öyrətmişdi. Bilirdik və susurduq.
Bir sığınacaq tapıb gizləndik. Bir-birimizə sığınıb isinməyə çalışdıq. Səhər açıldı və gördük ki, yüzlərlə mal-qara şaxtadan donub ölmüşdü. Təbiət belə bu zülmə dözməmişdi. Canlı olan hər şeyin canı alınmışdı sanki. Biz isə hələ sağ idik. Sağ qalmaq o gün bizim üçün uşaq oyunu yox, ağır bir dərs oldu. Uşaqlar bir-birinə sıxılıb sağ qalmağın nə demək olduğunu o gün öyrəndi.
Bunu danışanda dostumun səsi dəyişir. Mən dinləyəndə tüklərim ürpəşir. Həmin soyuğu yenidən hiss edirəm. Bu, havanın soyuğu deyil, cəzasız qalmış cinayətlərin soyuğudur. Bu, fevralın soyuğu deyil. Bu, tarixdən gələn, yaddaşdan silinməyən, hər il eyni gündə qayıdan bir üşütmədir.
Bu üşütmə unutmamaqdandır.
Bu üşütmə yaddaşın diri qalmasıdır.
Bu üşütmə - Xocalıdır.
Bu üşütmə - donmuş insanlığın vicdanıdır.
Bu üşütməni ancaq Zəfər, Qələbə isidə bilir ...
Samir Əsədli
VHP sədrinin müavini - partiya Mərkəzi İcra Aparatının rəhbəri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr