AZ

Diasporla İş üzrə Dövlət Komitəsi ilə bağlı paylaşımdan sonra müxalifyönlü kanallarda hücumlara məruz qaldım



"Facebook səhifəmdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə fəaliyyət göstərən diaspor qurumları ilə bağlı etdiyim paylaşım səbəbilə bəzi müxalifyönlü kanallarda ünvanıma əsassız ittihamlar, həqiqətə uyğun olmayan iddialar, eləcə də təhqir və təhdid xarakterli ifadələr səsləndirilmişdir".

Newscenter.az XəzərNews.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Niderlandda yaşayan azərbaycanlı diaspor fəalı İlkanə Qoca çıxış edib.

O, qeyd edib ki, paylaşdığı post və ifadə etdiyi fikirlər heç bir siyasi sifariş və ya maddi maraqla bağlı deyil:

"Bu mövqe yalnız milli maraqlara bağlılığım, şəxsi prinsiplərim və diaspor fəaliyyətim zamanı əldə etdiyim müşahidələr əsasında formalaşıb.

Zənn edirdim ki, Avropa və ABŞ-da informasiya təzyiqinin və siyasi xarakterli kampaniyaların gücləndiyi bir dövrdə özlərini “milli maraqların müdafiəçisi”, “Azərbaycan dövlətinin və Prezidentinin xaricdəki səsi” kimi təqdim edən və Azərbaycan dövlətinin büdcəsindən yararlanan "qaragürüh" diaspor fəalları müəyyən mövqe ortaya qoyacaqlar. Lakin bu istiqamətdə gözlənilən fəallıq müşahidə olunmadı.

Mənə qarşı davam edən əsassız təzyiq və iddialara cavab olaraq bildirmək istəyirəm ki, 23 iyul 1993-cü ildə ailəmlə birlikdə Ağdamdan məcburi köçkün olmuşam. Qardaşım Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş və itkin düşmüşdür.

Onun pak vücudu bu gün də Qarabağ torpaqlarında əbədi növbədədir!

Mən siyasi mühacir deyiləm və heç vaxt siyasi fəaliyyətlə məşğul olmamışam. Təhsil məqsədilə Avropaya gəlmişəm. Hollandiyalı bəylə ailəliyəm və Niderland Krallığının vətəndaşıyam".

İ.Qoca diaspor fəaliyyətində yalnız könüllü əsasda iştirak etdiyini bəyan edib:

"I və II Qarabağ müharibələri dövründə könüllü fəaliyyətlərim olub. Bu günə qədər nə diaspor fəaliyyətimlə bağlı, nə də sosial-ictimai fəaliyyətimlə əlaqədər hər hansı dövlət qurumundan maddi və ya digər dəstək almamışam və buna ehtiyacım da yoxdur. Bununla bağlı açıq mənbələrdə kifayət qədər məlumat mövcuddur. Demokratik cəmiyyətdə yaşayıram və fikrimi açıq şəkildə ifadə etmək hüququna malikəm. Hesab edirəm ki, fərqli mövqelər təhdid və təhqirlə deyil, hüquqi və etik çərçivədə qarşılanmalıdır. Mən hər kəsin mövqeyinə hörmətlə yanaşıram və qarşılığında da eyni münasibəti gözləyirəm".
Seçilən
12
1
newscenter.az

2Mənbələr