“XX əsrin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi insanlıq vicdanında sağalmaz yara olaraq qalır. Bu faciədən 34 il ötür. Amma zaman keçsə də, o gecənin ağrısı nə unudulur, nə də unudulacaq. Çünki Xocalı təkcə bir şəhərin deyil, bütöv bir xalqın yaddaşına yazılmış qanlı tarixdir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat təəssüflə bildirib ki, ədalətdən, beynəlxalq hüquqdan, insan haqlarından danışan beynəlxalq təşkilatlar və dünya birlyi bu insanlığa sığmayan bəşəri cinayətin törədilməsinə susdu: “Bu susqunluq sadəcə laqeydlik deyildi, cəzasızlığın davam etməsi üçün yandırılan yaşıl işıq idi. Belə ağır cinayətə göz yumulması dünyanın başqa yerlərində də oxşar faciələr üçün təhlükəli presedent yaratdı. Azərbaycan torpaqlarının işğalına, erməni separatizminin azğınlaşmasına siyasi və mənəvi zəmin formalaşdırıldı. Hətta həmin “beynəlxalq təşkilatlar” və ermənilərə havadarlıq edən dünyanın aparıcı ölkələri Azərbaycanı bu reallıqla barışmağa sövq edirdi. Diplomatik təzyiq yolu və bağlı qapılar arxasında birbaşa Azərbaycana erməni işğalı ilə barışmaq təklif olunurdu. Lakin müdrik, səriştəli dövlət xadimi Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı, müasir dünyanın nüfuzlu siyasi liderlərindən bir hesab olunan, onunla hesablaşılan Prezidetn İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli siyasəti nəticəsində Azərbaycan nə diz çökdü, nə də bu ədalətsizliklə barışdı.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir və bu cinayətin günahkarları mütləq cəzalandırılmalıdır. Dövlət başçısı vurğulayıb: “Biz Xocalı faciəsini heç vaxt unutmayacağıq və unutdurmayacağıq. Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir.” Bu mövqe illər boyu Azərbaycanın dəyişməz siyasi xətti oldu.
Məhz Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Xocalı həqiqətləri sistemli şəkildə dünya ictimaiyyətinə çatdırıldı. Bu istiqamətdə ən mühüm təşəbbüslərdən biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası oldu. Qısa müddətdə bu kampaniya dünyanın müxtəlif ölkələrində geniş dəstək qazandı, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq tribunaya çıxarılmasına mühüm töhfə verdi.
Azərbaycan isə gözlədi. Dözdü. Gücləndi.
Və zaman yetişdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saat davam edən antiterror əməliyyatında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. İşğala son qoyuldu, separatizmin kökü kəsildi, dövlət suverenliyi tam təmin olundu. Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Biz tarixi ədaləti bərpa etdik. Azərbaycan xalqı öz gücünü göstərdi.”
Bu, təkcə hərbi qələbə deyildi. Bu, milli qürurun, səbrin, iradənin təntənəsi idi”.
Deputat əalvə edib ki, bir sıra hərbi cinayətkarlar artıq ədalət məhkəməsi qarşısında cavab veriblər: “Digərləri də gec-tez beynəlxalq hüquq qarşısında cavab verməli olacaqlar. Tarix göstərdi ki, heç bir cinayət cəzasız qalmır. Xocalının qisası döyüş meydanında alındı, amma hüquqi və siyasi müstəvidə mübarizə davam edir.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi inkişaf edir. Bölgədə yeni reallıq yaranıb. Azərbaycan sülh gündəliyini irəli sürür, sabitliyin və əməkdaşlığın təmin olunması üçün təşəbbüslərlə çıxış edir. Amma bu, əsla unutmaq demək deyil.
Xocalı bizim yaddaşımızdır. Xocalı bizim qan yaddaşımızdır.
Prezident İlham Əliyevin çağırışı aydındır: güclü, qüdrətli Azərbaycan qurmaq və milli birliyi qorumaq. Dövlət başçısının “dəmir yumruq” ifadəsi artıq həmrəyliyin, milli iradənin simvoluna çevrilib. Xalq öz liderinin ətrafında birləşərək göstərdi ki, ədalət gec də olsa bərpa olunur.
Həyat davam edir. Azərbaycan qurur, yaradır, bölgədə sülhü möhkəmləndirir. Ermənistanla sülh gündəliyi irəli sürülür. Lakin tariximizin bu qanlı səhifəsi heç vaxt unudulmayacaq.
Biz ayıq-sayıq olacağıq.
Çünki Xocalı təkcə keçmiş deyil. Xocalı, eyni zamanda gələcək üçün məsuliyyət, güc və milli həmrəylik çağırışıdır”.
Mürtəza