"Liverpul"un və Braziliya millisinin qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Yuventus" onun xidmətində maraqlıdır. Turin nəhəngi əsas qapıçı Mikele Di Qreqorionun çıxışından narazıdır və onun yerinə başqa bir "əlcək sahibi" axtarır. "Yuventus" daha əvvəl əsas rəqibi "Milan"ın qapıçısı Mayk Meynanı transfer etməyə çalışmışdı. "Tottenhem"li Quqlielmo Vikario da "qoca sinyora"nın namizədlər siyahısındadır.
Alissonun "Liverpul"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. İngilis klubunun 33 yaşlı braziliyalı oyunçunu satmağa hazır olacağı gözlənilir, çünki onların artıq hazır əvəzedicisi Giorgi Mamardaşvili var.
Qeyd etmək lazımdır ki, Alisson əvvəllər 2016-cı ildən 2018-ci ilə qədər "Roma"da A Seriyasında oynayıb. Orada o, "Yuventus"un hazırkı baş məşqçisi Luçano Spalletti ilə işləyib.