AZ

AMEA-nın ümumi yığıncağı

Fevralın 20-də AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Məclisdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib.
Ümumi yığıncaqda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzəsi dinlənilib.  Bu il martın 27-də AMEA-nın yaradılmasının 80 illiyinin tamam olduğunu bildirən AMEA prezidenti akademiyanın tarixinə nəzər salıb.
AMEA prezidenti akademiyada 2022-ci ildən etibarən bir çox əsas istiqamətlərdə yeniləşmə və islahatların həyata keçirildiyini, akademik elmdə məzmunca müstəqil dövlətimizin ön mövqeyə çıxardığı reallıqlara dair tədqiqatları daha da genişləndirmək və möhkəmləndirmək üçün addımlar atıldığını söyləyib. Həmçinin Azərbaycan elmi tarixində ilk dəfə olaraq milli fəlsəfə anlayışı elmi dövriyyəyə gətirilib, materialist fəlsəfə ilə yanaşı, idealist fəlsəfənin də öyrənilməsinin örnəkləri meydana qoyulub.
Akademik İsa Həbibbəyli AMEA-da yeniləşmə və islahatlar dövründə elektron hərəkata start verilməsinə də diqqət çəkib. Qeyd edib ki, AMEA Rəyasət Heyəti aparatında yaradılan Elektron Akademiya şöbəsi vasitəsilə akademiyanin elmi bölmələrinə və elmi-tədqiqat institutlarına aid 31 elmi jurnaldan 21-nin elektron bazası istifadəyə verilib. Akademiyanın tarixində ilk dəfə olaraq İnsan Resursları Elmmetrik Məlumatlar Bazası, Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi yaradılaraq hər bir əməkdaşın elmi fəaliyyətinin elmmetrik reallığı və istinad göstəricilərinin müəyyən edilməsi mexanizmi formalaşdırılıb. Azərbaycan dilinin dil korpusunun işlənməsi sahəsində addımlar atılıb. Sözlərin Universal Funksionallıqla İşlənməsi sistemi əsasında SUFİ işlək robot modeli işə salınıb.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ikipilləli doktorantura proqramlarının mahiyyəti kökündən dəyişməli və ən qısa müddətdə kredit əsaslı və strukturlaşdırılmış doktorantura pilləsi hazırlanmalıdır. Nazir müəssisələr tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilən faktiki qəbul sayının (doktorant qəbuluna görə) müdafiə edənlərin sayından çox olduğunu deyib. 
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında rəhbəri olduğu qurumun AMEA ilə birgə müxtəlif konfrans və seminarlar keçirdiyini söyləyib.
Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimovun “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsi dinlənilib.
“AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi” layihəsi haqqında çıxış edən işçi qrupunun rəhbəri, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov və Gənclər üçün Prezident mükafatçısı, Arxeologiya və Antropologiya İnstitutunun doktorantı Mircavid Ağalarovun çıxışları dinlənilib. Həmçinin Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər və ÇXR Honkonq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Leinin onlayn çıxışları təqdim olunub.
Sonda “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin layihəsi və AMEA-nın Ümumi yığıncağının qərarı təsdiq olunub.

XQ

Seçilən
9
1
xalqqazeti.az

2Mənbələr