BAKI, 26 fevral. TELEQRAF
XX əsrin sonlarında Cənubi Qafqaz regionunda baş verən silahlı münaqişələr zamanı törədilmiş ən ağır faciələrdən biri Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi qətliam təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş ağır beynəlxalq cinayət kimi tarixə düşüb. Bu faciə öz miqyasına, qəddarlıq səviyyəsinə və hədəfinin mülki əhali olmasına görə beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması nümunəsidir.
Bunu Teleqraf-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
Professor qeyd edib ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarda silahlı münaqişə genişlənmiş, bölgədə etnik təmizləmə siyasəti həyata keçirilib:
“Xocalı şəhəri strateji mövqeyə malikdir və burada bölgənin yeganə hava limanı yerləşir. Şəhər 1991-ci ilin sonlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən mühasirə şəraitində saxlanılır, mütəmadi olaraq atəşə tutulur, əhali ağır humanitar böhranla üz-üzə qalırdı. 1992-ci ilin fevral ayında şəhərə qarşı genişmiqyaslı hücum həyata keçirildi. Hücum zamanı ağır hərbi texnika və silahlardan istifadə olunub, mülki əhalinin təhlükəsiz çıxışı təmin edilməyib.
Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl şəxs olmub. 1275 nəfər əsir götürülüb, yüzlərlə insan yaralanıb, 150 nəfərin taleyindən uzun müddət heç bir xəbər yoxdur. Soyqırımı nəticəsində bir neçə ailə tamamilə məhv edilib, uşaqlar valideynlərini, valideynlər isə övladlarını itirib.
Hadisə zamanı dinc əhaliyə qarşı xüsusi qəddarlıqla rəftar edilib, beynəlxalq humanitar hüququn – o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının – müddəaları kobud surətdə pozulub. Mülki şəxslərin hədəf alınması, əsirlərə və meyitlərə qarşı qeyri-insani rəftar beynəlxalq hüquqa əsasən müharibə cinayəti və insanlığa qarşı cinayət kimi qiymətləndirilir. Bu mənada Xocalıdakı insanlıq əleyhinə hərəkətlər (BMT-nin 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına əsasən) tarixi cinayət hesab edilir.
Artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Xocalı hadisələrini qətliam və ya soyqırımı kimi tanıyıb. Bu istiqamətdə aparılan diplomatik fəaliyyət çərçivəsində həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə geniş maarifləndirmə kampaniyaları həyata keçirilib. Bu baxımdan Heydər Əliyevin Fonudunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq kampaniyası xüsusi əhəmiyyət daşıyır. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə konfranslar, sərgilər və anım tədbirləri təşkil olunur”.

Hüquq elmləri doktoru hesab edir ki,2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni cinayətkarlarındanqisasımız döyüş meydanında alındıl:
“2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən uğurlu anti-terror əməliyyat zamanı şərəfli Milli Ordunuz Xocalı soyqırımını törədən erməni faşizmi tarixə qovuşdu. Artıq qatillərin və qətliamların təşkilatçılarının bir qismi, Azərbaycanda ədalət məhkəməsi qarşısında cavab verərək layiq olduğu cəzaları alıblar.
Artıq Xocalının əsl sahibləri öz yurd-yuvalarına qayıdır. 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən uğurlu anti-terror əməliyyatı, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, sarsılmaz iradəsi, məğlubedilməzliyi, prinsipiallığının, güclü diplomatiyası nəticəsində tarixi ədalət bərpa edildi. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli liderimizin Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur”.
Məhəmməd İmanlı vurğulayıb ki, Xocalı soyqımırımı qəlbimizdə dərin yaralar buraxsa da II Qarabağ müharibəsi və bir günlük anti-terror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi:
“Torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda qurban gedən bütün şəhidlərimizin ruhu şaddır. Sözsüz ki, müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.
Faciənin ildönümləri hər il Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunur, şəhidlərin xatirəsi ehtiramla yad edilir. Bu, həm də beynəlxalq ictimaiyyətə çağırışdır ki, oxşar cinayətlərin təkrarlanmaması üçün ədalət və hüququn aliliyi prinsipləri təmin edilsin. Bəşəriyyətin ümumi dəyərlərinə əsaslanaraq, belə cinayətlərin obyektiv araşdırılması, təqsirkarların məsuliyyətə cəlb olunması və tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanınması sülhün və təhlükəsizliyin təmin olunmasının vacib şərtidir. Xocalı soyqırımının qurbanlarının xatirəsi insan hüquqlarının qorunmasının və beynəlxalq ədalətin təmin edilməsinin zəruriliyini daim xatırladır”.