AZ

1-ci liqada mərkəzi oyuna getdim, peşman oldum!

Çərşənbə axşamı 1-ci liqada mərkəzi qarşılaşma var idi. Söhbət “Səbail” - “Baku Sportinq” oyunundan gedir. “Futbol+”dən iki nəfər getdik Bayıla ki, mərkəzi oyun var.

Getməyimizə peşman olduqmu? Olduq. Bayılda hansısa vacib oyun keçirildiyi hiss olunmurdu. Özü də “Səbail” üçün olduqca vacib oyun. Fasilədə stadionun yanında yerləşən “Elay” şadlıq sarayının ətrafında daha çox adam var idi.

Oyuna baxandan sonra azarkeşləri qınaya bilmədim ki, niyə gəlmirlər. Belə oyuna baxmaq olar?

Stadiondakı bir ovuc azarkeşin çoxu Buzovnadan gələn yeniyetmələr və gənclər idi. Qonaqlar yerli azarkeşlərin səslərini batıra bilmişdilər. Özü də maraqlı məqam odu ki, “Baku Sportinq” fanatları ev sahiblərinə aid tribunada yer almışdılar. “Səbail” azarkeşləri isə qapı arxasında.

Oyunda keyfiyyət olduqca aşağı səviyyədə idi. İlk yarıda “Baku Sportinq”in müəyyən üstünlüyü var idi. Buzovna təmsilçisi fiziki hazırlıq baxımındanüstün görünür. Oyunun ən yaxşısı, yəqin ki, Luka Stevanoviç idi. İlkin Muradovla Pablo Enrike Alveş də fəal idi.

İkinci yarıda isə təşəbbüs “Səbail”in tərəfində idi. Görünür, bunda Adil Şükürovun Ruslan Voronsovu hissə başlayan kimi meydana buraxmasının da rolu oldu. “Dənizçilər” hissə boyunca bir neçə real qol vəziyyətindən yararlana bilmədi.

Oyunun keyfiyyətinin aşağı olmasının səbəbkarlarından biri də Kamal Umudlu idi. FİFA referisinin idarəçiliyi hətta 1-ci liqadan aşağı səviyyədə idi. Hədsiz çox fit çalır, bu yolla oyunun axarının nəzarətdən çıxmamasına çalışırdı. Hakimlər briqadasının bir neçə səhv aut qərarı da oldu. Premyer-liqada təyinatları azalan Umudlu bu sınaqdan üzüağ çıxa bilmədi. Futbolçular da belə idarəçilikdən süi-istifadə edir, hər vəziyyətdə özlərini yerə atırdılar. Hansı futbolçu daha çox qışqırırdısa, səsi çox gəlirdisə, qərarı onun komandasının lehinə verirdi.

Bir sözlə, Bayıla getdiyimizə görə peşman olduq. Bu, oyun deyildi. 1-ci liqanın iddialıları belə vəziyyətdə oynayırsa, elitanın autsayderi “Karvan-Yevlax”a şükür!

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
14
1
football-plus.az

2Mənbələr