İngiltərə Çempionşipində mübarizə aparan "Vest Bromviç" yanvarda müqavilə bağladığı baş məşqçi Erik Remsini cəmi 9 oyundan sonra istefaya göndərib.
"Report" xəbər verir ki, buna komandanın mütəxəssisin rəhbərliyi altında keçirdiyi matçların heç birində qələbə qazana bilməməsi və geriləməsi səbəb olub.
Klub rəhbərliyi "Çarlton"la ev oyunundakı heç-heçədən (1:1) sonra məşqçi ilə yolları ayırmaq qərarına gəlib. Komanda müvəqqəti olaraq məşqçi Ceyms Morrisona tapşırılıb.
"Vest Bromviç" hazırda 35 xalla 24 komanda arasında 21-ci yerdədir. E.Remsi baş məşqçi postuna gətirilən zaman isə komanda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşmışdı.
Qeyd edək ki, 34 yaşlı mütəxəssis yanvarın 11-də Rayan Meysonun gedişindən sonra komanda ilə iki il yarımlıq müqavilə imzalamışdı. O, daha əvvəl "Mançester Yunayted"də Erik ten Haqın köməkçisi kimi çalışıb. E.Remsi 2019-cu ildə UEFA-nın PRO lisenziyasını alan ən gənc britaniyalı məşqçi kimi tarixə düşüb.