Şahidlərin söylədikləri yatmış vicdanları döyəcləyir
1992-ci ilin qanlı-qadalı fevral gecəsində Xocalı amansız sınağına çəkildi. Ana fəryadı asimanı titrətdi, günahsız körpələrin ahı ərşə qalxdı. O müdhiş gecənin qaranlığı bütöv bir millətin taleyinə qara örpək kimi çəkildi. Otuz ildən artıq zaman kəsiyində Xocalı xalqımız üçün məlhəmsiz yara idi. Əsir düşənlərin iztirabı, itkinlərin həsrəti qəlbimizi param-parça etmişdi.
Lakin taleyin gərdişi dəyişdi, Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri xalqımızın qətiyyətini dünyaya bir daha nümayiş etdirdi. Yevlaxda aparılan danışıqlar isə bu şanlı yolun son nöqtəsi oldu. Sentyabrın 24-də Xocalı Azərbaycan Respublikasının nəzarətinə keçdi. Parlayan Zəfər Günəşi ilə o müqəddəs torpaqlardan yağı ayağı birdəfəlik kəsildi. İllər əvvəl canı dişində, yalın ayaqla qarlı meşələrdə didərgin düşən Xocalı sakinləri bu gün öz ata-baba yurduna qədəm qoyurlar. İndi Xocalı səmasında dalğalanan üçrəngli bayrağımız həm qəhrəman şəhidlərimizin ruhuna təsəlli, həm də tarixin ədalət tərəzisində haqqın təntənəsidir.
O zülmət gecədən canını güclə qurtaran, bəxtinə əsirliyin acı qisməti yazılmış bir neçə şahidlə həmdərd olduq.
Ceyran ƏZİZOVA:
– Xocalı dəhşətində ən çox ailə üzvünü itirənlərdən biriyəm. 1983-cü ildən 1992-ci il fevralın 13-dək Xocalıda uşaq bağçasında baş mühasib olmuşam.
Xocalıdan çıxanda övladlarımın birinin 2, digərinin isə 1 yaşı var idi. Yoldaşım Xocalının özünümüdafiə batalyonunda döyüşürdü. Evdə uşaqlarla tək qalırdım, hər gecə qorxu içində yaşayırdıq. Ermənilər müxtəlif yollarla evlərə soxulur, sakinləri öldürürdülər. 1991-ci il sentyabrın 10-dan 11-nə keçən gecə səhərədək Xocalı Kətik, Bozdağ və Mehtikənd yüksəkliyindən qrad atəşinə tutuldu. Səhər açılanda insanlar nəfəs almağa belə çətinlik çəkirdilər. Havadan zəhər udurduq. Bozdağdan atılan qrad bacımgilin evinə düşdü. Bir müddət sonra təcili tibbi yardım maşını həmin istiqamətə yollandı. Qonşularımızdan biri uşaqları məndən aldı və “bacıngil tərəfə get” dedi. Əvvəl heç nə başa düşmədim, sonradan məlum oldu ki, bacımın yoldaşı Zahid Muradov öldürülüb. Xocalının ilk şəhidi o idi...
Həmin gündən Xocalının şəhidləri artmağa başladı. Şəhər oktyabr ayından tam mühasirəyə alındı və blokadaya düşdü. Ermənilər Xocalının bütün quru yolunu bağladı, giriş-çıxışlarda postlar quruldu. Şəhərə ərzaq da buraxılmırdı. Çörək maşınları vurulur, geri qaytarılırdı.
1992-ci il yanvarın 28-də Şuşaya gedən vertolyot Xocalıdan keçərkən erməni silahlı birləşmələri tərəfindən vuruldu və ondan sonra şəhərə heç bir yardım gəlmədi. Vertolyotun içərisindəki insanların qışqırtısı hələ də qulağımdan getmir. Çox dəhşətli mənzərə idi. Bu hadisədən sonra Xocalının hava yolu da tam bağlandı. Nə yardım gətirən, nə də köməyə gələn oldu. 1992-ci il yanvarın 28-dən Xocalı sakinləri köməksiz və yardımsız qaldılar.
Qazımızı, işığımızı kəsdilər. Çörək sexlərini generatorlarla işlətmək istədilər, o da alınmadı. İş o yerə çatdı ki, şəhərdəki çörək sexləri evlərə xəmir paylamağa başladılar ki, acından ölməyək. Xəmiri ocaqda qızardıb qənaətlə uşaqlara verirdik. Əli silah tutan kişilər səngərlərdə idi. Fevralın 12-dən 13-nə keçən gecə Xocalı iriçaplı silahlardan atəşə tutuldu. Güllələr yağış kimi yağırdı. Heç kimin sağ çıxmaq ehtimalı yox idi. Təxminən 20-30 dəqiqə atəş dayanmadı. Güllə səsləri kəsiləndə anladıq ki, ermənilər Xocalının gücünü yoxlamaq istəyirdilər, onlara məlum oldu ki, əhalidə silah yoxdur.
Həmin gün yaşlı və uşaqlı qadınları Xocalıdan çıxarmaq üçün iki vertolyot gəldi. Heç kim getmək istəmirdi, amma məcbur idik. Əvvəlcə vertolyotun biri yaralı və qocaları apardı. Biz dərə-təpə ilə gəlib çayı keçdik. Bu vaxt bir yük vertolyotu göründü. Qaçdıq vertolyotun yanına. Bəlkə 500 adam vardı - yaralı, qoca, qadın, uşaqlı. Vertolyotun yük yeri də dolmuşdu. Mənə yer olmadı. Bu vaxt Xocalının icra başçısı Elman Məmmədov uşaqlarımı əlimdən alıb vertolyotun pilotları olan kabinəyə qoydu və məni də onların yanına mindirdi. Yoldaşım bizi həmin vertolyotla Gəncəyə yola saldı, özü isə geri qayıtdı. Amma mən dayana bilməyib Ağdama qayıtdım. Ağdamda Xocalı ilə əlaqə saxlamaq üçün xüsusi qərargah yaradılmışdı.
Fevralın 14-dən 26-dək həmin qərargahın qarşısında yatdıq. Hər an xəbər gözləyirdik, amma heç nə demirdilər. Hər gün Xocalıya qonşularımıza zəng vururdum ki, həyat yoldaşımdan, bacımdan, qohumlarımdan xəbər bilim. Fevralın 25-də Xocalı polis şöbəsinə zəng vurub həyat yoldaşımı soruşdum, çünki yoldaşımın ağciyərində problem var idi. Qonşularımızdan biri gəlib telefonda dedi ki, həyat yoldaşım postdadır, vəziyyəti yaxşıdır.
Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum olundu. Bunu bizdən gizlətdilər. Səhər saat 6-da xəbər çıxdı ki, gecə Xocalıda hamını öldürüblər.
30 nəfərə qədər insan sağ çıxmışdı, onların da ayaqları yalın, don vurmuş vəziyyətdə. Bacımı axtardım, "gördüm" deyən yox idi. Şelli dərəsinə getdik ki, camaat oradan gəlir. Neçə gün gələn yaralılara, gətirilən meyitlərə baxdım. Heç kimi tapa bilmədim. Bir həftədən sonra xəbər çıxdı ki, bacımı Tərtər rayonuna aparıblar. Amma yoldaşımdan xəbər yox idi.
Üç gündən sonra qayınanam girovluqdan buraxıldı, qan içində gəldi. O, deyəndən sonra bildik ki, qaynım və qaynımın oğlunu öldürüblər. Məlum oldu ki, həyat yoldaşım Milli Qəhrəman Araz Səlimova köməyə gedəndə mühasirəyə düşüb. Ermənilər Arazın bacısı və bacısı uşaqlarını girov götürüb, Arazdan və yoldaşımdan təslim olmasını istəyiblər. Məcburiyyət qarşısında qalan yoldaşım və Araz silahı yerə atıb təslim olaraq girovluqda olanları azad ediblər. Amma ermənilər Arazı və həyat yoldaşımı xüsusi amansızlıqla öldürüblər. 5 gündən sonra atamı don vurmuş vəziyyətdə meşədən tapdılar. Bir müddət yaşayandan sonra dünyasını dəyişdi.
Martın 2-də gecə Xocalıdan 86 meyit yüklənmiş "KamAz" gəldi. Həyat yoldaşımın meyitini oradan tapdıq, qarnı cırılmış, boynu qırılmış vəziyyətdə, qolunda güllə yerləri. Ermənilər onları Əsgəranda güllələyib dərəyə atmışdılar. Onları Ağdamda dəfn etdik. Bir müddətdən sonra həmin ərazi də ermənilər tərəfindən işğal olundu və uzun illər o qəbirləri ziyarət edə bilmədik.
Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli ilə torpaqlarımız işğaldan azad olunandan sonra yoldaşımın və qayınımın məzarını tapdıq. İllərlə içimizdə daşıdığımız nisgil bir qədər yüngülləşdi. O torpaqda diz çöküb dualar oxuyarkən həm ağladıq, həm də şükür etdik...
Səadət ZEYNALOVA:
– İnanmırdıq ki, Xocalının son günləridir. Fevralın 25-dən 26-na keçən gecə zirzəmidə oturmuşduq. Dedilər ki, Xocalıya hücum edirlər. Zirzəmidən çıxıb meşəyə üz tutduq. Gecə saat 2-3 olardı. Meşədə gizlin bir yerdə oturub gözləyirdik. Arxadan gələnlər dedilər ki, Xocalını tərk etdik və bir daha Xocalıya qayıtmaq mümkün olmayacaq. Bizdən soruşdular ki, burda niyə oturmusunuz, vəziyyət çox ağırdır, tez burdan uzaqlaşmalıyıq. Meşədə azmışdıq deyə, 5 gün orada qaldıq. O zaman çəkdiyimiz əzabları təsvir etmək çox çətindir. Yada saldıqca, sanki, o dəhşətləri yenidən yaşayırıq. Çox itkilərimiz oldu.
Əmim 1941-1945-ci illər müharibəsindən sağ qayıtmışdı. Ağsaqqal vaxtında erməni vəhşilərinin hücumu zamanı şəhid oldu. Xalam oğlu Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun cəsədi Ağdama gətiriləndə tanınmaz halda idi. Xalam öz övladının cəsədini tanımadı. Qulağı, barmaqları, dodağı kəsilmiş, dişləri çıxarılmış, dizləri oyulmuşdu. Necə işğəncələr verilmişdi ona.. Biz bu faciəni illər keçsə də, unuda bilmərik. O qədər dəhşətləri görmüş insan bunları hafizəsindən silə bilməz.
Xocalı erməni vəhşilərindən azad edildikdən sonra illərlə həsrətində olduğum, ağlasığmaz dəhşətlər yaşadığım doğma el-obamı ziyarət etdim.
Bu gün Xocalıda aparılan abadlıq-quruculuq işləri mənə təsəllidir. Sevinirəm ki, dövlət başçısının rəhbərliyilə Xocalı yenidən bərpa olunub öz sakinləri ilə birgə sakit həyatına davam edir.
Mürvət MƏMMƏDOV:
– Qərbi Azərbaycanın Göyçə mahalındanam. Ermənilərin vəhşiliyindən Xocalıya sığınmışdıq. Xocalı soyqırımı zamanı 14 yaşım var idi. Ora gələnə qədər bir qardaşım da Göyçədə şəhid olmuşdu.
Atam Məmməd, böyük qardaşlarım Söhbət və Möhlət də Xocalıdakı könüllü batalyonlara qoşularaq postlarda keşik çəkirdilər. Xocalıya gələn sonuncu vertolyot vurulandan sonra hər yerlə hava əlaqəmiz tamamilə kəsildi, əhali işıqsız, qazsız, susuz, ərzaqsız şəraitdə, düşmənin atəşi altında birtəhər yaşayırdı, amma bir nəfər də şəhəri tərk etmirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə atışma heç səngimədi. Biz xocalılılar orada bütün işgəncələrə qatlaşdıq, amma heç birimiz ermənilərə boyun əymədik.
Heç vaxt yadımdan çıxmaz, balaca qardaşımın doğum günü idi. Ermənilər bunu bildilər, ona dedilər ki, silah versək, atarsan? O dedi ki, hə. Avtomatın lüləyini əlinin içinə qoyub atəş açdılar. Dedilər ki, bu sənə bizdən ömürlük ad günü hədiyyəsi olsun. Anam yaralı olmasına baxmayaraq, girovluqda özünü sipər edir, bizi qorumağa çalışırdı.
Bir həftə sonra girov saxlanıldığımız otağın qapısını açdılar, bizi təpikləyərək çölə çıxardılar. Oradakı ermənilər bizi döyməyə başladılar. Daha sonra avtobusa mindirib Ağdamla Əsgəran arasındakı sərhədə gətirdilər. Şəhidimiz, Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə 80 nəfər yaralı azərbaycanlı əsir-girovu ermənilər tərəfindən döyüşən muzdluların meyitləri ilə dəyişdilər. Həmin 80 nəfər yaralı azərbaycanlıdan 5 nəfəri mənim ailə üzvüm idi. Sonra Ağdam rayon xəstəxanasına gətirildik. Ermənilər xəstəxanaya da raket atdılar. Həmin vaxt cərrahiyyə əməliyyatında idim, hərə bir yana qaçırdı.
Olduğumuz yerdə çoxlu azərbaycanlı girov var idi. Hamısına işgəncələr verilmişdi. Bəziləri yaralı idi, eləsi də var idi ki, başından güllə dəymişdi.
Düz 15 il müraciət etmədiyimiz qurum, beynəlxalq təşkilat qalmadı. Atam və 2 qardaşım barədə 2007-ci ildə xəbər aldım. Azad Azərbaycan Televiziyası və Dövlət Təhlükəsizliyi Xidməti (o vaxtkı Milli Təhlükəsizlik Nazirliyi) canlı şahidlərdən ibarət sənədli film çəkirdi. Bizi də dəvət etmişdilər. Məlum oldu ki, atamın və qardaşlarımın başlarını erməni məzarlarının üstündə qurban kimi kəsiblər. Sonra azərbaycanlı əsirlərə deyiblər ki, xəndək qazın, bunların üstünü basdırın. Bu faciəli tarixin bizə yaşatdıqlarını heç vaxt unutmayacağıq. Biz heç zaman ümidimizi itirmədik, bildik ki, bir gün mütləq torpaqlarımız azad olunacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Mən Mehriban xanım Əliyevaya, Leyla xanım Əliyevaya “Xocalıya ədalət!” kampaniyalarına görə minnətdaram. Dövlət başçımız arzumuzu gözümüzdə qoymadı. Artıq Xocalıya əbədi qayıtmışıq.
Danışdıqca səsləri titrəyən, lakin qələbə və qayıdış sevinci ilə gözləri parlayan həmvətənlərimiz indi qalib dövlətin məğrur övladları kimi doğma yurdun torpağında qürurla addımlayırlar.
Fidan ƏLİYEVA
XQ