AZ

Diogenin fənəri, nazirin tanımadığı alimlər, müəllimin darağı və gecikmiş "müəllim nüfuzu"



Qədim yunan filosofu Diogen gündüz vaxtı əlində fənər şəhəri gəzirmiş. Soruşanlara da deyirmiş ki, "Adam axtarıram". İndi bizim elm və təhsil naziri cənab Emin Əmrullayev də əlində "test bankı" və rəngli slaydlar, üzündə də o məlum təəccüb ifadəsi ilə buyurub ki: "Mən ölkədə alim tanımıram".

Vallah, düz deyir. Adam haqlıdır. Çünki nazirin baxış bucağı o qədər "elitar" və texnokratik dumanlarla bürünüb ki, Gədəbəyin uca dağ kəndində, Qaxın meşə içindəki uzaq məktəbində, Tovuzun sərhədində ömrünü bu xalqın işıqlanmasına həsr edən, tarixin tozlu səhifələrindən həqiqət çıxaran o fədakar alimləri görməyə nə eynəyinin dərəcəsi çatır, nə də marağı. Nazir alimi necə görsün ki? Bölgələrə "vətəndaş qəbullarına" gedəndə həqiqəti deyəcək ziyalıları, dərdi olan müəllimləri bir otağa doldurub, qapılarını qıfıllayırlar ki, nazirin "xoşbəxt təhsil" mənzərəsinə kölgə düşməsin. Alim o qıfıllanmış otaqlardakı sükutda boğulur, cənab nazir! Sən xalqın ağzına qıfıl vurub, sonra da "bu xalqın içində niyə danışan yoxdur?" deyə təəccüblənirsən.

Nazirin "lütfündən" yararlananların hoqqaları isə bitib-tükənmir. Təsəvvür edin, 40 ilini təhsildə rəhbər vəzifədə keçirmiş, illərin təcrübəsini qazanmış direktoru ygöndəriblər "liderlik" təliminə. Təlimçi kim olsa yaxşıdır? Universiteti iki il əvvəl bitirmiş, ömründə beş nəfərə yox, heç beş toyuğa rəhbərlik etməmiş bir "gənc istedad". Bu gənc dahi, 40 illik stajı olan təhsil fədaisinə liderlik dərsi keçir! Sual verəndə ki, "Oğul, sən indiyə qədər beş nəfərə rəhbərlik etmisənmi?", cavab isə təbii ki, sükut olur. Bu sükut əslində nazirliyin kadr siyasətinin iflasıdır. Təcrübəli rəhbərin bu absurdun içində qalmayıb vəzifədən getməsi isə sistemin öz ləyaqətli kadrlarını necə itirməsinin bariz nümunəsidir.



İndi nazirin yadına düşüb ki, sən demə müəllim nüfuzu olmayanda təhsil baş-ayaq olurmuş. İllərdir təhsil sistemini menecerlərin, İT mütəxəssislərinin və testoloqların oyun meydançasına çevirən cənab nazir indi deyir ki, "hər addımbaşı müəllimi çəkib paylaşmaq yanlışdır". Xeyir ola, cənab nazir? Dünənə qədər müəllimin dərsini, hərəkətini şouya çevirənlər, "daraq" aksiyasını qəhrəmanlıq kimi sırıyanlar indi müəllimi "əsas sima" kimi tanıdı? Bu qədər il nazir işləyəndən sonra müəllimin məktəbin onurğa sütunu olduğunu yeni anlayan adamın, yəqin bir on il də vaxtı lazımdır ki, ölkədəki alimləri görə bilsin. Sizin görmə qabiliyyətiniz o qədər ləng işləyir ki, həqiqətlər sizin qəbulunuza düşmək üçün növbədə illərlə gözləməli olur.

Yadınızdadırmı? Bir neçə il əvvəl cənab nazir dərs vaxtı şagirdin başını darayan müəllimi "sevgi nümunəsi" kimi təqdim edib, göylərə qaldırmışdı. Dərs vaxtını dərsə aid olmayan bir işə həsr etməyi bir yana qoyaq, bunun sanitar-epidemioloji cəhətdən hansı fəsadlar törədə biləcəyinə diqqət yetirmək əvəzinə, nazir bunu "təhsilin ruhu" kimi sırıdı. İndi isə həmin "humanizm" məktəblərə adı qəribə, özü ondan da qəribə olan "pellet" sobaları şəklində gəlib.

Sən demə, bu sıxılmış taxta qırıntıları "innovasiya" imiş. Amma reallıqda Sumqayıtdan, Tovuzdan, Ağstafadan xəbərlər gəlir ki, o "müasir" sobaların zəhərli tüstüsü sinif otaqlarına dolur. Uşaqlar və müəllimlər karbon qazından boğulur, huşunu itirirlər. Şagirdin başını daramaqla şou düzəldənlər, indi məktəbləri zəhərli tüstü laboratoriyasına çeviriblər. Tüstünün içində müəllim şagirdi görmür, nazir isə ölkədə alim tanımır...

Təhsil İnstitutu oturub xalqın balasına və yazıq müəllimlərə elə suallar hazırlayır ki, sayını heç özləri də itiriblər. 80 mini ötən bu test xaosu müəllimin pedaqoji bacarığını yoxlamaq üçün yox, onu dilçilik və məntiq tələlərinə salmaq üçün hazırlanıb. Elşən Qafarovun dediyi kimi, bu sistemdə "təhsil islahatı" adı altında elə hoqqalar çıxarılır ki, sonunda nə müəllim qalır, nə də şagird. Suallar nə qədər qəliz və milli təhsilə yabançı olarsa, "hazırlıq kurslarının" və pullu metodika vəsaitlərinin bazarı bir o qədər çiçəklənər. Görünür, Təhsil İnstitutunda bu işdə "maraqlı tərəflər" var: "Nə qədər qəliz olsa, kölgəli işləri görmək bir o qədər asan olar" prinsipi.

RTİ-lərə (Regional Təhsil İdarələri) elə müdirlər təyin ediblər ki, əksəriyyəti təhsilin "T" hərfindən belə xəbərsizdir. Nazir uzağa getməsin, elə qulağının dibində — Sumqayıtda, Abşeronda baş verən hoqqalara, məktəblərin "bazara" çevrilməsinə baxsın. İlham Əhmədovun dediyi kimi, bizdə "rəqəmsallıq" rəqəmlərlə oynamaqdır. Öz aparatının hazırladığı layihələrdə (elə o pellet sobaları kimi!) elə elementar səhvlər çıxır ki, adam baxanda utanır. Həqiqətən də, "Kor kora lağ eləməsə, korun bağrı çatlamazmı?" Bunlar da öz nöqsanlarını görməyib, illərini bu sahəyə vermiş alimlərə "yoxdur" deyib lağ edirlər.



Nazir alim tanımır, çünki alim onun qıfıllatdığı o otaqlarda, tüstü bürümüş siniflərdə və tənqidindən qorxduğu o uzaq rayonların tozlu məktəblərindədir. Müəllimin əsas sima olduğunu on ildən sonra anlayan bir təfəkkürün alimi tanıması üçün daha on ilə ehtiyacı var. O isə hələ də əlində "daraq", gözündə "80 minlik test tozu", dilində "gecikmiş etiraflar" ilə olmayan bir təhsilin xəritəsini çəkir. Gündüz vaxtı əlində fənər adam axtaran Diogen bu mənzərəni görsəydi, fənəri söndürüb deyərdi: "Siz zatən görmək istəmirsiniz, mən boşuna axtarıram..." Güzgüyə baxanda bəlkə alim görərsiniz, cənab nazir. Amma diqqətli olun – o güzgü Sumqayıtın təmirsiz, Abşeronun qəzalı, Gədəbəyin soyuq, Tovuzun tüstülü, Qaxın baxımsız, Biləsuvarın "pellet" qoxulu məktəblərinin sınıq şüşəsi ola bilər...




Şəmsi Qoca



Seçilən
15
aia.az

1Mənbələr