ABŞ Prezidenti hədəflərini açıqladı
ABŞ Prezidenti Donald Tramp Konqresdə ölkədəki vəziyyətə dair illik müraciətlə çıxış edib. Qeyd edək ki, Birləşmiş Ştatlar prezidentlərinin ölkədəki vəziyyətlə bağlı Konqresdə etdikləri ənənəvi çıxış “State of the Union” (İttifaqın Vəziyyəti) adlanır. Bu çıxış ABŞ siyasi sistemində mühüm konstitusion ənənədir və hər il keçirilir. Çıxışın hüquqi öhdəliyi isə ABŞ Konstitusiyasından gəlir - bu ənənə Konstitusiyanın II maddəsinin 3-cü bölməsinə əsaslanır. Ənənə ilk dəfə Corc Vaşinqton tərəfindən 1790-cı ildə başladılıb. 1934-cü ildən etibarən çıxış rəsmi olaraq “State of the Union” adlandırılır. Çıxışlar ABŞ Konqresinin Nümayəndələr Palatasında edilir. Tədbirdə Senat və Nümayəndələr Palatasının üzvləri, Ali Məhkəmə hakimləri, Nazirlər Kabinetinin əməkdaşları, Diplomatik korpus nümayəndələri və xüsusi dəvət edilmiş qonaqlar iştirak edirlər. Çıxışın məqsədi ölkənin iqtisadi vəziyyəti, daxili və xarici siyasət, sosial problemlər, təhlükəsizlik məsələləri, gələcək qanunvericilik təşəbbüsləri barədə hesabatlar və prioritetlərdir.
İran hələ də söz vermir...
Qeyd edək ki, çıxışın daha çox xarici siyasət hissəsi maraqla gözlənilirdi - xüsusilə, müraciətdən əvvəl “Reuters” və CNN-in İranla bağlı mövqenin acıqlanacağını, Tehrana qarşı hərbi əməliyyat ehtimalını effektiv şəkildə əsaslandırılacağını yazması bu diqqəti daha da artırırdı. Amma bu baş vermədi - Tramp heç bir hücum elanı etmədi, lakin çıxışının əhəmiyyətli bir hissəsi İran məsələsinə həsr olundu. Tramp İran hakimiyyətini onilliklər boyu davam edən təcavüzdə günahlandırdı. “47 il əvvəl hakimiyyətə gələndən bəri Tehran və onun etibar etdiyi qüvvələr terror, ölüm və nifrətdən başqa bir şey gətirməyiblər”, -deyən ABŞ Prezidenti minlərlə Amerika əsgərinin terrora qurban getdiyini bildirib. O, həmçinin deyib ki, təkcə son aylarda İran hakimiyyəti ən azı 32 min etirazçını öldürüb, lakin ABŞ edamların bəzilərinin qarşısını alıb və Tehranı sərt qisasla hədələyib. Tramp xəbərdarlıq edib ki, İran artıq Avropa və Amerika bazalarını təhdid edə bilən raketlər hazırlayıb və tezliklə ABŞ daxilindəki hədəfləri vurmaq üçün istifadə edilə biləcək sistemlər üzərində işləyir. O xatırladıb ki, iyun hücumlarından sonra Tehrana nüvə proqramını bərpa etməklə bağlı cəhdlərin qəbuledilməz olduğu barədə xəbərdarlıq edilib. Lakin prezidentin sözlərinə görə, İran əvvəlki “pis ambisiyalarına” yenidən başlayıb və danışıqların yenilənməsinə baxmayaraq, ABŞ hələ də İran nümayəndələrindən “lazımi təminatı” eşitməyib: “Onlar demirlər ki, bizim heç vaxt nüvə silahımız olmayacaq. Mən bu problemi diplomatiya yolu ilə həll etməyə üstünlük verirəm. Amma bir şey dəqiqdir: Mən heç vaxt dünyanın aparıcı terror sponsorunun nüvə silahına sahib olmasına icazə verməyəcəyəm və onlar, şübhəsiz ki, aparıcı sponsorlardır. Biz buna yol verə bilmərik”.
Amerika lideri çıxışında son bir ildə həyata keçirilən sülhməramlı nailiyyətlərdən də danışıb. O, prezidentliyinin ikinci müddətinin cəmi on ayında səkkiz hərbi münaqişəyə son qoyduğunu söyləyib. “Pakistan və Hindistan arasında az qala nüvə müharibəsi başlayacaqdı... Pakistanın baş naziri mənim müdaxiləm olmasaydı, öləcəkdi”, - deyə o bildirib.
Narkoticarətə “yox”...
Tramp çıxışında Qərb yarımkürəsində baş verənlər haqda da danışıb. O, narkotik kartellərinə qarşı mübarizəyə xüsusi diqqət yetirdiyini deyib. “Meksikanın böyük hissəsi daxil olmaqla, bölgəmizdəki geniş ərazilər qəddar narkotik kartelləri tərəfindən idarə olunur”, - deyə o bildirib. “Buna görə də mən bu kartelləri xarici terror təşkilatları, qanunsuz fentanili isə kütləvi qırğın silahı kimi təyin etmişəm”.
Tramp, həmçinin narkotik qaçaqmalçılığına qarşı mübarizədəki son uğurlarını da sadalayıb. “Biz ən pis kartel liderlərindən birini məhv etdik”, -deyən Tramp fevralın 22-də Halisco Yeni Nəsil (CJNG) kartelinin rəhbəri Nemesio Oseguera Servantesin (El Menço kimi tanınır) qətlindən bəhs açıb. Əməliyyat Amerika kəşfiyyatının köməyi ilə Meksika xüsusi təyinatlıları tərəfindən həyata keçirilib. Atışmada dörd yaraqlı öldürülüb, Servantes özü isə ağır yaralanıb və Mexiko şəhərinə aparılarkən ölüb.
Tramp, həmçinin ötən payız Venesuela sahillərində kartel qayıqlarına endirilən hədəfli zərbələri xatırladıb. “Yeni hərbi kampaniyamız sayəsində ölkəyə rekord miqdarda narkotik maddənin daxil olmasının qarşısını aldıq və onların su yolu ilə daşınmasını demək olar ki, tamamilə dayandırdıq”, - deyə Tramp bildirib.
Rusiya - Ukrayna müharibəsi...
Donald Tramp 2 saatlıq çıxışı zamanı Rusiya-Ukrayna müharibəsinə bir dəfə toxunub. Bildirib ki, “Rusiya ilə Ukrayna arasında baş verən qətllərə son qoymaq üçün çox çalışırıq”. Tramp əlavə edib ki, əgər o, prezident olsaydı, müharibə heç vaxt baş verməzdi.
Çıxışın mühüm bir hissəsi yanvar ayında Venesuela prezidenti Maduronu həbs etmək əməliyyatına həsr olunub. Tramp bunu dünya tarixində ən təsirli əməliyyatlardan biri adlandırıb. O bildirib ki, Maduronun devrilməsi Venesuela üçün yeni bir dövr açıb - ölkənin yeni prezidenti Delsi Rodrigez ilə artıq öz bəhrəsini verən sıx əməkdaşlıqdan danışıb: “Biz yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyon bareldən çox neft aldıq”.
Tarif siyasəti ilə bağlı...
Çıxışın mühüm mövzularından biri ölkənin iqtisadi dirçəlişinin əsas səbəbi kimi göstərilən tarif siyasəti olub. Prezident bəyan edib ki, dünyanın iqtisadi reytinqlərində ABŞ-ın göstəriciləri daha da yaxşılaşıb - və bütün bunlar tariflərin sayəsindədir. Tramp deyib ki, tətbiq etdiyi tariflər xəzinəyə yüz milyardlarla dollar gətirib və həm iqtisadiyyat, həm də milli təhlükəsizlik baxımından gəlirli sövdələşmələr bağlamağa imkan verib. “Onilliklərdir bizi soyan ölkələr indi bizə yüz milyardlarla pul ödəyir. Və onlar xoşbəxtdirlər. Onlar əvvəlki qədər çox pul qazanmırlar, amma biz çox pul qazanırıq.”
Qeyd edək ki, Trampın çıxışından dörd gün əvvəl, fevralın 20-də ABŞ Ali Məhkəməsi tarif siyasəti ilə bağlı qərar verib. Qərarda əksər ölkələrə qarşı “qarşılıqlı” tariflər, Çin, Kanada və Meksikadan gələn mallara (fentanilə qarşı mübarizə ilə əsaslandırılmış) tariflər və Rusiya neftinin alınmasına görə Hindistana qarşı “ikinci dərəcəli” tariflər yer alıb. Məhkəmə prezidentin bu tarifləri tətbiq etmək üçün 1977-ci il tarixli Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununa (IEEPA) istinad edərək səlahiyyətlərini aşdığına düşünür. Tramp qərarı “uğursuz” adlandırıb - onun sözlərinə görə, əksər ölkələr və korporasiyalar yeni şərtlərin onlar üçün daha pis ola biləcəyini başa düşərək mövcud müqavilələri qorumaq istəyirlər. Prezident tariflərin qüvvədə qalacağına, lakin bir az daha mürəkkəb, lakin bəlkə də daha yaxşı olan fərqli, tam təsdiqlənmiş və sınaqdan keçirilmiş hüquqi mexanizmlərə əsaslanacağına əminlik verib. Nəticədə, o, əvvəlkindən daha güclü bir həll yolu tapılacağına və Konqresin müdaxiləsinə ehtiyac qalmayacağına inandığını ifadə edib. Konqresdəki çıxışında Tramp, həmçinin qeyd edib ki, tariflər təhlükəsi ona dünyada hərbi münaqişələrin həllində kömək edib və gələcəkdə tariflərin əsasən gəlir vergisi sistemini əvəz edəcəyinə ümidvar olduğunu bildirib.
İqtisadi vəziyyət düzəlib...
Konqresdəki çıxışında Tramp prezidentliyinin ilk ilini ümumiləşdirərək onu “bütün zamanlar üçün dönüş nöqtəsi” adlandırıb. ABŞ liderinin sözlərinə görə, o hakimiyyətə gəldiyi zaman ölkə dərin böhran içində idi, lakin bu gün, 250 illik yubileyinin astanasında Amerika “qızıl dövrə” qədəm qoyur. Prezident fikrini sübut etmək üçün statistikaya istinad edib: inflyasiya beş illik minimuma düşüb, şəxsi gəlirlər artır, fond bazarı yeni rekord həddə çataraq 53 dəfə artıb, neft hasilatı gündə 600 min barel artıb. İpoteka faizləri də dörd illik minimuma düşüb və bu da tipik borcalanlara ildə təxminən 5000 dollar qənaət etməyə imkan verib.
Prezident, həmçinin təhlükəsizlik və immiqrasiya məsələlərinə də toxunub. O, son doqquz ay ərzində ABŞ-a bir dənə də olsun qanunsuz immiqrantın daxil olmadığını və sərhəddən fentanil axınının 56 faiz azaldığını bildirib. Trampın sözlərinə görə, qətl nisbəti rekord səviyyədə azalaraq 125 illik minimuma çatıb. “Bu gün sərhədimiz təhlükəsizdir... Ruhumuz bərpa olunub. İnflyasiya kəskin şəkildə aşağı düşür. Gəlirlər sürətlə artır. İqtisadiyyat inkişaf edir. Düşmənlərimiz qorxur. Ordumuz və polisimiz güclənir. Amerikaya yenidən hörmət edilir - bəlkə də əvvəllər heç olmamış kimi”, - deyə Tramp fikrini yekunlaşdırıb.
Korrupsiyaya qarşı mübarizə, pensiya islahatı...
Prezident gələcək layihələrdən və planlardan da danışıb. O pensiya islahatının aparılacağını deyib. Başqa bir təşəbbüs süni intellektin sürətli inkişafı ilə bağlı olub - Tramp amerikalıların məlumat mərkəzlərinin artan enerji istehlakı səbəbindən potensial tarif artımlarından narahatlıqlarının yersiz olduğunu bildirib. O qeyd edib ki, böyük texnologiya şirkətləri fabriklərində öz elektrik stansiyalarını qurmağa məcbur olacaqlar. Bu, şirkətləri lazım olan enerji ilə təmin edəcək və ödənişlər azalacaq.
Prezident həmçinin qanunvericiləri Konqresdəki insayder ticarətinə son qoymağa çağırıb. “Əgər bütün amerikalıların böyüyən bazardan mənfəət əldə etmələrini təmin ediriksə, gəlin Konqres üzvlərinin daxili məlumatlardan korrupsiya yolu ilə mənfəət əldə edə bilməmələrinə əmin olaq”, - deyən Tramp bu barədə qanunvericiliyin dərhal qəbul edilməsini tələb edib. Korrupsiyaya qarşı mübarizəyə də toxunan Tramp bunu “Amerikanın talan edilməsi” adlandırıb. O, ən kobud nümunə kimi Minnesota ştatını göstərib və deyib ki, müxtəlif hesablamalara görə, Somali icmasının üzvləri vergi ödəyicilərindən təxminən 19 milyard dollar məbləğində pulu mənimsəyiblər: “Kaliforniya, Massaçusets, Men və bir çox digər ştatlarda vəziyyət daha da pisdir.” O, həmçinin vitse-prezident C.D. Vensin rəhbərliyi ilə “saxtakarlığa qarşı müharibə”nin başladığını elan etdi.
P.İSMAYILOV