AZ

“Həm müharibəyə, həm də sülhə hazırıq”

“Cenevrədə ABŞ ilə keçiriləcək danışıqlarda ədalətli və balanslı bir həllə nail olunmasının mümkünlüyünə inanıram”.

Reedaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqların üçüncü raundu üçün Cenevrəyə yola düşməzdən əvvəl Tehranda “India Today” nəşrinə müsahibəsində deyib.

O, ölkəsinin nüvə fəaliyyəti ilə bağlı suallara cavab verməyə və narahatlıqları aradan qaldırmağa hazır olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, İran nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququndan imtina etməyəcək:

“Bu, bizim mövqeyimizdir. Cenevrədə razılaşdırılmış, ədalətli və balanslı bir həll yoluna çatmaq ehtimalının olduğuna inanıram”.

Nazir ikinci raundda müəyyən irəliləyiş əldə edildiyini də bildirib:

“Bir növ qarşılıqlı anlaşmaya nail ola bildik. Hesab edirəm ki, bu anlaşma əsasında razılaşma və konsensus qurmaq mümkündür”.

“Həm müharibəyə, həm də sülhə tam hazırıq”, - deyən Əraqçi 12 günlük müharibədən ciddi dərslər çıxardıqlarını və İran silahlı qüvvələrinin əvvəlkindən daha hazırlıqlı olduğunu qeyd edib.

ABŞ Prezidenti Donald Trampın “İran ABŞ-yə çata bilən raketlər hazırlayır” iddiasına münasibət bildirən nazir bunun həqiqəti əks etdirmədiyini deyib.

Onun sözlərinə görə, İran raket mənzilini qəsdən 2000 kilometrlə məhdudlaşdırıb və bu imkanlar yalnız özünümüdafiə məqsədi daşıyır:

“Raketlərimiz müdafiə xarakterlidir və çəkindirmə üçündür”.

ABŞ-nin İran ətrafında hərbi qüvvələr toplaması ilə bağlı suala cavabında isə XİN rəhbəri bildirib ki, təhdid yolu ilə İranı təslim olmağa məcbur etmək mümkün deyil. O, mümkün müharibənin dağıdıcı nəticələrə səbəb olacağını və regionu genişmiqyaslı qarşıdurmaya sürükləyə biləcəyini vurğulayıb.

Nazir bölgədə müharibə istəyən tərəfin İsrail olduğunu deyib. Onun sözlərinə görə, Təl-Əviv administrasiyası ABŞ-ni İranla müharibəyə cəlb etməyə çalışır: “İnanıram ki, mövcud vəziyyət İsrailin ABŞ-ni müharibəyə cəlb etmək planının bir hissəsidir”.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında İsrail və ABŞ-nin İrana hücumları fonunda dayandırılan nüvə danışıqları sonradan yenidən canlandırılıb. Proses, əsasən, Omanın vasitəçiliyi ilə bərpa olunub.

Tərəflər 6 fevralda Omanda dolayı danışıqlar apararaq təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Danışıqların ikinci mərhələsi 17 fevralda Cenevrədə keçirilib. Bildirilib ki, müzakirələrdə müəyyən irəliləyiş əldə olunub və növbəti görüşün 26 fevralda yenidən Cenevrədə təşkili planlaşdırılıb.

İran tərəfi nüvə proqramını atom bombası istehsalının qarşısını alacaq məhdudiyyətlər çərçivəsində davam etdirmək müqabilində sanksiyaların ləğvini tələb edir. ABŞ isə Tehranın uran zənginləşdirmə fəaliyyətlərini tam dayandırmasını və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatının ölkədən çıxarılmasını istəyir.

Müzakirələrdə zənginləşdirmə səviyyəsinin hansı həddə məhdudlaşdırılacağı, 60 faizə qədər zənginləşdirilmiş təxminən 440 kiloqram uranın taleyi, eləcə də, sanksiyaların mərhələli şəkildə aradan qaldırılması və yoxlama mexanizmlərinin vaxt cədvəli əsas müzakirə mövzuları sırasındadır.

Seçilən
22
1
redaktor.az

2Mənbələr