AZ

ABŞ-dan etiraf: Azərbaycanı Rusiya önündə tək qoyduq

Amerika Konqres kitabxanasında rastıma maraqlı bir kitab çıxdı. Kitabın adı “Parisdə əslində nə baş vermişdi: Sülh Konfransının hekayəsi, 1918-1919” adlanır. 1921-ci ildə Nyu Yorkda nəşr edilib. Kitabın müəllifi polkovnik Hausdur. O, ABŞ Prezidenti Vudro Vilsonun ən yaxın məsləhətçisi olub.

Kitab ABŞ nümayəndə heyətinin üzvü olan müxtəlif ekspertlərin konfransdakı mühazirələrindən ibarətdir. Kitabda Azərbaycanın adı birbaşa “Azərbaycan Respublikası” (The Republic of Azerbaijan) və ya Qafqaz kontekstində keçir.

Kitabda ABŞ-ın Yaxın Şərq üzrə baş eksperti olan Vilyam Linn Vestermann tərəfindən yazılan hissədən bir sitatı təqdim edirəm:

“Rusiya imperiyasının dağılması ilə Qafqazda üç yeni respublika yarandı: Gürcüstan, Ermənistan və Azərbaycan. Bu xalqlar Parisə öz müstəqilliklərinin tanınması üçün nümayəndə heyətləri göndərmişdilər. Onlar öz müqəddəratını təyin etmək hüququna əsaslanaraq, Rusiyanın tərkibindən tamamilə ayrılmaq istəyirdilər”.

Kitabda vurğulanır ki, Azərbaycan nümayəndə heyəti Parisə sadəcə xahiş etməyə yox, konkret sənədlər və xəritələrlə öz haqlarını tələb etməyə gəlmişdi. Kitabın müəllifləri qeyd edirlər ki, Parisə gələn Azərbaycan nümayəndələri çox yüksək səviyyəli, fransızca mükəmməl danışan və müasir görkəmli insanlar idi.

Bu, amerikalılarda Şərqdə demokratik bir respublika imici yaratmışdı. Kitabda qeyd edilir ki, ABŞ və Avropa “vahid Rusiya” xülyasına qapıldığı üçün Azərbaycanın müstəqilliyini de-yure tanımadı. Bu gecikmə isə Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna yol açan amillərdən biri oldu.

Vestermann qeyd edir ki, Azərbaycanın müstəqillik arzusu digərlərindən fərqli idi, çünki Azərbaycan həm də iqtisadi cəhətdən özünü təmin edə biləcək yeganə Qafqaz respublikası kimi görünürdü. Bakı nefti bu müstəqilliyin “onurğa sütunu” hesab olunurdu.

Kitabda etiraf edilir ki, Amerika Qafqaza əsgər göndərməyə tərəddüd edirdi və bunun nəticəsi də Azərbaycanın 1920-ci ildə tək qalmasına və işğala yol açan amillərdən biri oldu.

Kitabda Qarabağla bağlı bir hissə də var. Amerikalı siyasilər, xüsusilə general Harvord başda olmaqla, Ermənistanı dəstəkləyən qüvvələrə cavab olaraq qeyd edirdilər ki, Qarabağ Azərbaycan coğrafiyasının ayrılmaz bir hissəsidir və buranın Bakı ilə bağlı olduğunu müdafiə edirdilər.

Kitabda qeyd olunur ki, ABŞ Azərbaycan və Gürcüstanın müstəqilliyini dəstəkləyirdi, Ermənistanın isə müstəqilliyindən söhbət getmirdi. Lakin o dövrün geosiyasi şərtlərinə görə, bu müstəqillik “müvəqqəti” statusda nəzərdə tutulurdu.

Kitabın müəlliflərindən olan Mark Lambert Bristoll bildirir ki, Bakını sadəcə bir şəhər deyil, strateji bir hədiyyə kimi görürdülər. İngiltərə, Fransa və ABŞ Azərbaycanın müstəqilliyinə qərar verərkən neft amilini tərəziyə qoyurdular. Onlar qorxurdular ki, əgər Azərbaycan tam müstəqil olsa və ya bolşeviklərin əlinə keçsə, Avropanın yanacaq təminatı təhlükəyə düşər.

Diqqəti çəkən bir məqam isə müəlliflərin Azərbaycanın Rusiya tərkibində görmələri ilə bağlı qeydlərdir. Müəllif yazır ki, ABŞ və müttəfiqləri ümid edirdilər ki, Rusiyada bolşeviklər devriləcək və “ağ qvardiyaçılar” hakimiyyətə gələcək. Buna görə də Azərbaycanın tam müstəqilliyini tanımaqla Rusiyanı parçalamaqdan qorxurdular.

Buna qarşı çıxış edən Əlimərdan bəy Topçubaşov konfransda sübut etməyə çalışırdı ki, Azərbaycan artıq Rusiyanın bir parçası deyil, onun öz parlamenti, ordusu və demokratik idarəçiliyi var. Kitabda qeyd olunur ki, Azərbaycan nümayəndələri bu arqumentləri çox soyuqqanlı və peşəkar şəkildə təqdim edirdilər.

Kitabın son hissələrində müəlliflər belə bir nəticəyə gəlirlər:

“ABŞ Senatı Vilsonun Qafqaz mandatını rədd etdi. Bununla da Azərbaycan və digər respublikalar Rusiyanın qarşısında müdafiəsiz qaldılar”.

Kitabı PDF formada bu link vasitəsilə oxumaq mümkündür.KULT.az

Seçilən
8
1
turkustan.az

2Mənbələr