Qahirə, 25 fevral, AZƏRTAC
Sudanda 2023-cü ilin aprelindən davam edən müharibə nəticəsində ölkənin səhiyyə sektoruna dəyən ilkin ziyanın həcmi 11 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
AZƏRTAC “əl-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bu barədə Sudanın səhiyyə naziri Heysəm Məhəmməd İbrahim məlumat verib.
Nazirin sözlərinə görə, yekun qiymətləndirmə müharibə başa çatdıqdan sonra aparılacaq. Ölkə ərazisinin bir hissəsi Çevik Dəstək Qüvvələrinin nəzarətində olduğundan ziyanın tam miqyasını müəyyənləşdirmək mümkün deyil. Hazırda əsas dərman və tibbi ləvazimatların alınması üçün ən azı 300 milyon dollar lazımdır.
Artıq azad edilmiş ərazilərdə səhiyyə xidmətlərinin bərpası və əsas tibbi xidmətlərin təmin olunması məqsədilə 2 milyard dollarlıq yenidənqurma planı hazırlanıb. Bununla belə, nazir vurğulayıb ki, müharibənin vurduğu dağıntıların tam aradan qaldırılması üçün əlavə vəsait tələb olunacaq.
Rəsmi məlumata əsasən, münaqişə dövründə 500-dən çox xəstəxana hədəfə alınıb, əksəriyyəti tamamilə dağıdılıb. Tibbi heyət arasında həlak olanlar və yaralanlar var.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə