Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən filialları minlərlə vətəndaşın əmək, məşğulluq və sosial təminatla bağlı məsələlərinin həllində mühüm rol oynayır. Bəs bu filialların fəaliyyət istiqamətləri və əhatə dairəsi hansılardır?Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyindənMetbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyinin əsas fəaliyyət istiqamətləri (əmək münasibətləri, məşğulluq, əhalinin sosial müdafiəsi və sosial təminat, əlillik və reabilitasiya, o cümlədən sosial xidmət, övladlığagötürmə və himayədar ailə və s.) üzrə əhaliyə xidmətlərin göstərilməsidir və bu xidmətlər nazirlik sisteminə daxil olan qurumlar vasitəsilə həyata keçirilir: “Nazirliyin tabeliyində fəaliyyət göstərən bu qurumların (Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Sosial Xidmətlər Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) regional mərkəz və filiallarında, habelə inzibati rayonlarımızda yerləşən xidmət və qəbul şöbələrində göstərilən xidmətlər bütün iqtisadi rayonlarımızı əhatə edir. Həmçinin Nazirliyin xidmətlərini “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edən DOST Agentliyinin fəaliyyət istiqamətləri də ölkə boyu genişləndirilir”. Açıqlamada qeyd olunub ki, Bakı və bölgələrdə 7 DOST Mərkəzi, 2 DOST filialı, 2 DOST xidmət məntəqəsi və “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib. Digər ərazilər üzrə də mərkəz və filialların yaradılması qarşıdakı dövrdə nəzərdə tutulur. Sevinc İbrahimzadə / Metbuat.az