AZ

Nar yarpaqlarında sinir və ürəyi qoruyan maddə aşkarlandı » AzadMedia.az

Nar


Narın yarpaq və budaqlarında olan təbii birləşmənin sinir sistemi və ürəyi zədələyən nadir xəstəliklə mübarizədə potensial təsirə malik olduğu müəyyən edilib. Kəşf Yaponiyanın Kumamoto Universiteti alimləri tərəfindən edilib. Tədqiqatın nəticələri iScience jurnalında dərc olunub.
Araşdırmaya əsasən, narın tərkibində olan 1,2,3,4,6-penta-O-qalloil-β-D-qlükoza (PGG) adlı maddə transtiretin (TTR) amiloidozu ilə əlaqəli zərərli zülal yığıntılarını parçalamaq qabiliyyətinə malikdir.

Transtiretin amiloidozu zamanı toxumalarda anormal zülal — amiloid toplanır. Bu isə periferik sinir sisteminin, ürəyin, böyrəklərin və digər orqanların zədələnməsinə səbəb olur. Xəstəlik fiziki gərginlik zamanı təngnəfəslik, başgicəllənmə tutmaları, ürək çatışmazlığı və xroniki ağrılarla müşayiət edilir.
Yeni birləşmələri müəyyən etmək üçün alimlər 1500-dən çox bitki ekstraktını araşdırıblar. Ən yüksək aktivlik məhz narın tərkibində olan PGG maddəsində qeydə alınıb. Laboratoriya təcrübələrində bu birləşmə həm mutasiya olunmuş, həm də normal transtiretin tipinə aid amiloid liflərini parçalayaraq digər zülallara təsir göstərməyib.

Nematodlar üzərində aparılan sınaqlarda PGG zülal çöküntülərinin miqdarını azaldıb və orqanizmin ömür uzunluğunu artırıb. Bundan əlavə, maddə irsi transtiretin amiloidozu olan xəstələrin ürək toxumasından ayrılmış amiloid liflərini də dağıdıb ki, bu da onun mümkün klinik əhəmiyyətini göstərir.

Tədqiqatçılar bildiriblər ki, PGG-nin effektivliyi onun molekulyar quruluşu ilə bağlıdır. Molekulun əsas hissəsinə birləşən qalloil qrupları təhlükəli zülallarla möhkəm bağlanmağa və onları parçalamağa imkan verir.

Alimlər vurğulayırlar ki, PGG-nin insanlarda tətbiqi üçün əlavə təhlükəsizlik və effektivlik tədqiqatlarına ehtiyac var. Bununla belə, gələcəkdə bitki mənşəli molekullar patogen zülal yığıntılarını sadəcə sabitləşdirmək deyil, birbaşa dağıtmaq qabiliyyətinə malik yeni nəsil müalicə üsullarının əsasını təşkil edə bilər.

Seçilən
28
1
azadmedia.az

2Mənbələr