AZ

Xocalı: İşğaldan “Böyük Qayıdış"a

Bakı, 25 fevral, Göyçək Mahmudlu, AZƏRTAC

Ermənilərin azərbaycanlılara, o cümlədən də xocalılara qarşı hərbi cinayətləri yeni deyildi. Hələ XX əsrin əvvəllərində - 1905-ci il avqustun 23-də ermənilər Xocalını məhv edir, evləri dağıdaraq, insanlara qarşı qətliam törədirlər. 1989-cu ildən etibarən isə Xocalıya qarşı hücumlar mütəmadi xarakter alırdı.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və “Böyük Qayıdış” hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayevin "Xocalı: İşğaldan “Böyük Qayıdış”a" sərlövhəli məqaləsində bildirilib.

Məqalədə vurğulanıb ki, həmin dövrdə Ermənistanın xarici siyasətində azərbaycanlılara qarşı silsilə terror həyata keçirmək məqsədi xüsusi önəm daşıyıb:”Ağdam-Xocalı istiqamətində gedən xocalılar yolboyu ermənilərin hücumlarına məruz qalırdı. Yollarda pusqu quran ermənilər sadə insanlara qarşı terror törədir, maşınlara hücum edib onları müxtəlif vasitələrlə sıradan çıxarmağa çalışırdılar. Üstəlik Yuxarı Qarabağın kəndlərinə hava xətti ilə sərnişinlərin getməsi də təhlükəli hal almışdı. 1991-ci il oktyabrın 29-da Xocalıdan Yevlaxa uçan “AN-2” təyyarəsi Əsgəranda vuruldu və həlak olanların meyitləri ermənilər tərəfindən vəhşicəsinə yandırıldı. Xocalı şəhəri mühasirə vəziyyətində qaldı. 1992-ci il fevralın 13-ü sonuncu dəfə Xocalıya helikopterlə ərzaq məhsulları gətirilir. Bir tərəfdən, əhalinin təhlükəsizliyi üçün heç bir təminatın olmaması, digər tərəfdən Bakıda siyasi vəziyyətin gərginləşməsi xeyli ümidsizlik yaratmışdı. 1991-ci il dekabrın 17-də Xocalıdan respublika rəhbərliyinə göndərilən teleqramda erməni və rus hərbçilərinin işğalçılıq siyasəti pislənir və bildirilirdi ki, Əsgəran və Xankəndi arasında dəhliz açmağa nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdırlar. Teleqramda göstərilirdi ki, “biz təcili kömək istəyirik”.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalı qətliamı həyata keçirilib. Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə öldürülüb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkin düşüb. Faciə zamanı 1000 nəfər dinc sakin xəsarət alıb. Ermənilərin törətdikləri cinayət zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 56 nəfər diri-diri yandırılıb.

Məqalədə, həmçinin yazılıb:”Xocalı soyqrımının törədilməsində iştirak etmiş Serj Sarkisyan və Robert Köçəryanın sonradan Ermənistan prezidentləri, 366-cı alayın tərkibində yüksək vəzifə tutaraq soyqırımda iştirak etmiş Seyran Ohanyanın o dövlətin müdafiə naziri kimi fəaliyyət göstərməsi təsadüf ola bilərdimi? Burada bir haşiyəyə çıxmaq yerinə düşər. 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş mart soyqırımının təşkilatçısı və rəhbərlərindən biri olan Şaumyanın “xalq qəhrəmanı” kimi qələmə verilməsi, şəhər və rayonlara onun adının verilməsi ilə XX əsrin sonundakı cəlladların hakimiyyətə gətirilməsi arasında müqayisəli təhlil onu deməyə əsas verirdi ki, imperiyanın ənənəvi siyasəti dəyişməmişdi. Soyqırımdan sonra Serj Sarkisyan deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar və elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Ancaq biz bu stereotipləri qıra bildik”. O bu fikri ilə özlərinə haqq qazandıraraq “erməni humanizmi”nin əsl iç üzünü açıb göstərir”.

Daha sonra diqqətə çatdırılıb ki, Birinci Qarabağ müharibəsindən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi layihələrin reallaşması, Qarabağın Azərbaycan əraziləri kimi dünyada tanıtdırılması istiqamətində ideoloji-siyasi təbliğat aparılıb. Ordunun NATO standartlarına uyğunlaşdırılması, hərbi islahatlar istiqamətində yeniliklər edilməsi, hərbi təlim və tədris mərkəzlərinin müasirləşdirilməsi qələbəyə aparan yolda açar rolunu oynayıb. Ölkənin strateji xəttini müəyyənləşdirən Heydər Əliyev strategiyasını uğurla həyata keçirən Ali Baş Komandan İlham Əliyevin siyasəti regionun geosiyasi mənzərəsini dəyişib:”Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin ruhu şaddır. Azərbaycan xalqı ədalətli Qələbənin nə olduğunu dünyaya sübut etdi. Ermənilər Xocalını yer üzündən silməklə qədim mədəniyyətə malik bir ərazinin tarixini məhv etməyə, unutdurmağa çalışırdılar. Xocalıda ermənilərin törətdikləri faciənin ağırlığına baxmayaraq, xalqımızın qəhrəman oğullarının sayəsində bu gün xocalılar Xocalıya sevinclə qayıdırlar. Qarabağ müharibəsi regionda yeni geosiyasi reallıqlar formalaşdırdı və Azərbaycan dövlətinin strateji iradəsini dünyaya nümayiş etdirdi. “Böyük Qayıdış” Proqramı çərçivəsində Xocalı digər ərazilər kimi yenidən qurulur, tarixi yerlər bərpa olunur, əhalinin təlim-tədris, sosial rifahının müasir tələblərə əsasən inkişafı təmin edilir. Bu proses təkcə məskunlaşma deyil, həm də təhlükəsizlik, mədəni dəyərlərin bərpası, keçmiş tariximizin özünəqayıdışı, iqtisadi inkişaf və sosial reinteqrasiyanın kompleks şəkildə həyata keçirilməsidir".

 

Seçilən
9
1
azertag.az

2Mənbələr