Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Müasir nəqliyyat vasitələrində təhlükəsizliyi təmin edən radar sensorları oğruların diqqət mərkəzinə düşüb.
Avtosfer.az xəbər verir ki, ön barmaqlıq hissəsində, əksər hallarda marka loqosunun arxasında yerləşdirilən bu qurğular saniyələr ərzində sökülərək oğurlanır.
Hazırda bir çox avtomobildə adaptiv kruiz-kontrol (ACC), avtomatik təcili əyləc və toqquşmanın qarşısının alınması kimi sistemlər məhz həmin radar sensorları vasitəsilə idarə olunur. İstehsalçılar estetik görünüşü qorumaq məqsədilə sensorları ön loqonun arxasında gizlədir. Lakin bu dizayn həlli oğrular üçün işi xeyli asanlaşdırır.
Bildirilir ki, oğurluq üçün şüşə sındırmağa və ya xüsusi alətlərə ehtiyac qalmır. Sadə tornavida ilə ön loqo yerindən çıxarılır, arxadakı elektrik bağlantıları ayrılır və radar bloku bir neçə saniyə ərzində götürülür. Proses səssiz həyata keçirildiyi üçün əksər hallarda siqnalizasiya sistemi də işə düşmür.
Mütəxəssislərin sözlərinə görə, xüsusilə "Honda", "Hyundai" və "Mazda" markalı avtomobillər risk qrupuna daxildir. Səbəb isə bəzi modellərdə radar sensorlarına kapotu açmadan, birbaşa ön hissədən çıxışın mümkün olmasıdır.

Oğurluq əməliyyatı bir neçə saniyə çəksə də, avtomobil sahibi üçün ciddi maliyyə itkisi ilə nəticələnir. Oğurlanmış radar sensorunun yenisi ilə əvəzlənməsi, orijinal loqonun quraşdırılması və sistemin servis mərkəzində yenidən kalibrlənməsi minlərlə manatlıq xərc yarada bilər.
Sürücülərə tövsiyə olunur ki, avtomobillərini mümkün qədər mühafizə olunan dayanacaqlarda saxlasınlar və ön hissədə hər hansı dəyişiklik olub-olmadığını mütəmadi yoxlasınlar. Əgər avtomobilə öndən baxdıqda loqo yerində boşluq görünürsə və ya alışdırmanı işə saldıqda cihaz panelində “Toqquşmanın qarşısının alınması sistemi nasazdır”, “Radar/Kamera bloklanıb” və ya “Kruiz-kontrol deaktiv edilib” kimi xəbərdarlıqlar yanırsa, dərhal servis mərkəzinə müraciət etmək tövsiyə edilir.
Qeyd edək ki, bu tip radar blokları qara bazarda ehtiyat hissə kimi yüksək qiymətə satıldığından, nəzarətsiz küçələrdə park edilmiş avtomobillər daha böyük risk altındadır.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.