AZ

Xocalı qətliamı insanlıq əleyhinə yönələn ağır cinayət əməlidir



Xocalı soyqırımı XX əsrin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayətdir. Bu soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı kimi daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

Bu haqda aia.az Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova danışıb.

Millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, “bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub.” Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı hadisələrlə müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir və bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətdir.

Millət vəkili qeyd edib ki, beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab olunur. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilib və 1951-ci il yanvarın 12-dən qüvvəyə minmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsasları təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada göstərilən bütün soyqırımı əlamətləri azərbaycanlılara qarşı tətbiq edilib. Tarixi faktlar sübut edir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905–1906, 1918–1920, 1948–1953 və 1988–1993-cü illərdə erməni millətçilərinin törətdiyi soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.

Tamam Cəfərova bildirib ki, Xocalı soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra açıqlanıb. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bundan əlavə, Ümummilli Liderin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Heydər Əliyev 2002-ci il fevralın 25-də Xocalı soyqırımının 10-cu ildönümü ilə bağlı Azərbaycan xalqına müraciətində bu faciənin tarixi-siyasi mahiyyətini belə ifadə edib: “Xocalı faciəsi erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.”

Erməni vandalları tərəfindən törədilmiş bu dəhşətli soyqırımı aktı həmin dövrdə dünyanın aparıcı mətbuat orqanlarında da geniş əks olunub. Belə ki, İngiltərənin “Financial Times” qəzetinin 1992-ci il 9 mart tarixli sayında ermənilərin Ağdama doğru hərəkət edən mülki əhalini atəşə tutduğu qeyd edilib. Bundan başqa, hadisələri lentə alan livanlı kinooperator Qarabağa xaricdən silah və muzdlu qüvvələrin göndərildiyini təsdiqləyib. Bu və digər faktlar erməni vandalizminin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Millət vəkili vurğulayıb ki, Xocalı soyqırımını törədənlərin ifşası və bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülüb. Xocalı həqiqətlərinin dünyaya yayılması və bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası xüsusi rol oynayır. Kampaniya bu gün on minlərlə insan və yüzdən artıq təşkilat tərəfindən dəstəklənir, sosial şəbəkələr, sərgilər, konfranslar və digər tədbirlər vasitəsilə geniş təbliğ olunur.

Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2025-ci il fevralın 25-də Prezident İlham Əliyev tərəfindən “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamın imzalanmasıdır. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi 2024-cü il fevralın 26-da keçirilib. Bu, dövlətin tarixi yaddaşa verdiyi yüksək dəyərin bariz nümunəsidir.

Cənab Prezidentin vurğuladığı kimi, “Xocalıya ədalət!” tələbi tam haqlı idi. Bu ədalətin döyüş meydanında təmin olunması beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Azərbaycan dövləti tarixi ədaləti bərpa edib, günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb və onların qanı yerdə qalmayıb.” 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaradıb. 2023-cü il sentyabrın 19-da cəmi 23 saat davam edən lokal antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu Zəfər Xocalı şəhidlərinin ruhuna verilən ən böyük cavab, tarixi ədalətin təntənəsidir.

Hər il Xocalı soyqırımının ildönümündə minlərlə insanın iştirakı ilə Bakıda “Ana harayı” abidəsi önündə anım mərasimləri keçirilir. Bu tədbirlər xalqımızın həmrəyliyinin, şəhidlərimizin xatirəsinə ehtiramın və milli yaddaşın yaşadılmasının parlaq nümunəsidir.

Xocalı soyqırımı qurbanları başda olmaqla, bütün şəhidlərimizi dərin hörmət, minnətdarlıq və ehtiramla anırıq. Allah rəhmət eləsin!



Seçilən
10
aia.az

1Mənbələr