AZ

“Qalatasaray” yenə öz yetirməsini əldən buraxmaq üzrədi – Çağrı Balta əzəli rəqibə də qismət ola bilər

İstanbul nəhənglərinin öz akademiyalarının yetirmələri ilə problem yaşaması faktına son illərdə bir neçə dəfə rast gəlinib.

"Football-plus.az" xəbər verir ki, yeniyetmə futbolçular nəhənglərdə şans qazanmayacaqlarını düşünərək peşəkar müqaviləyə imza atmaqdan imtina edirlər. Əsas həngamə də məhz bundan sonra qopur. Son illərdə xüsusilə “Qalatasaray” belə hallarla tez-tez qarşılaşır.

İstanbul nəhənginin yetirmələri olan Mustafa Kapı, Bartuğ Elmaz, eləcə də Həmzə və Efe Akman qardaşları yaxın keçmişdə bu klubla ilk peşəkar müqaviləyə imza atmaqdan imtina edərək başqa yerlərə yollanıblar. Düzdü, onların karyeralarının uğurlu alındığını söyləmək çətindi. İndi də “sarı-qırmızılar” Çağrı Balta ilə bənzər problem yaşayır.

Əvvəlcə qeyd edək ki, bu istedadlı forvard “Qalatasaray” və Türkiyə yığmasının sabiq futbolçusu Hakan Baltanın oğludu. 2008-ci il təvəllüdlü forvard ötən mövsüm İstanbul nəhənginin U-19 komandasında performansı ilə diqqəti çəkmişdi. Bu futbolçu 31 oyuna 22 qol vuraraq bu yaş kateqoriyasında bombardir olmuşdu. Bu mövsüm isə onun hesabında 21 oyunda 6 qol var idi. Çağrı Baltanın mayın 15-də 18 yaşı tamam olacaq.

Bunu nəzərə alan rəhbərlik gənc oyunçu ilə danışıqlara başlayaraq ona ilk peşəkar müqaviləni təklif etdi. Ancaq futbolçunun dərhal təklifi geri çevirməsi barədə xəbərlər hələ yanvardan Türkiyə mətbuatında dolaşırdı. Əvvəlcə güman edilirdi ki, Çağrı Balta ölkə kubokundakı matçlarda şans qazanacaq. Amma bu söz-söhbət ortaya çıxandan sonra forvard nəinki ölkə kuboku, hətta U-19-un matçlarında da ortadan yox oldu. Sən demə, Çağrı Balta “Qalatasaray”ın əsas komandasında şans qazana bilməyəcəyini düşündüyü üçün daha çox oyun praktikası qazanacağı bir kluba yollanmaq istəyir.

Ötən həftənin sonunda isə məsələyə hətta “Fənərbaxça”nın da qarışdığı iddia edildi. Guya “Fənər” “Qalatasaray”a müəyyən təzminat ödəyərək Baltanı özünə cəlb etmək istəyir. Bəzi mənbələrin yazdığına inansaq, “Qalatasaray” bu təklifə çox sərt cavab verərək əzəli rəqibdən federasiyaya şikayət edib.

Fevralın 16-da isə Çağrı Baltanın vəkili Mustafa Kandönməz yaşananlarla bağlı ilk dəfə ictimaiyyətə rəsmi açıqlama verib. Onun sözlərindən belə başa düşmək olar ki, Balta ailəsini işin maddi tərəfi maraqlandırmır. Vəkil bildirib ki, “Qalatasaray” Çağrı Baltaya öz yaş kateqoriyasında ən yüksək maaş təklif edib. Amma futbolçu pul əvəzinə, sadəcə, Okan Buruktan 3 rəsmi oyunda ona şans verilməsini istəyib. Çağrı tələb edib ki, məşqçi rotasiyaya əl atacağı oyunlarda ona da özünü göstərməyə fürsət yaratsın. Özü də onun start heyətində oynaması ilə bağlı heç bir tələbi olmayıb.

Gənc oyunçu hətta lazımsız kubok matçında da sonradan meydana çıxmağa hazır idi. Amma qəribədi ki, “Qalatasaray” onun bu şərtini qəbul etməyib. Bu üzdən danışıqlar düyünə düşüb. Çağrı 18 yaşı tamam olana qədər gözləməyə və sonra istədiyi klubla müqavilə imzalamağa qərar verib.

Vəkil “Fənərbaxça”dan təklif gəlməsi faktını da təsdiqləyib. O hazırda heç bir klubla anlaşmadıqlarını bildirib.

Seçilən
16
football-plus.az

1Mənbələr