Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
XX əsrin əvvəllərində Azərbaycanda təhsil almış adamlar çox az olsa da, əsrin 60-cı illərindən başlayaraq, təhsilə maraq kütləvi hal almağa başladı. Ölkəmizin bir sıra rayonlarında olduğu kimi, aqrar rayon sayılan Cəbrayılda da Leninin: “Oxumaq, oxumaq, yenə də oxumaq”- şüarı öz işini görürdü. Gənclər həvəslə orta təhsilə yiyələnir, ali məktəblərə qəbul olmağa can atırdı. Bəlkə də ondan irəli gəlir ki, o vaxtlar ali təhsil alanların arasında Cəbrayılın xüsusi yeri vardı. Bu dəfə sizə bir cəbrayıllı alim haqqında söhbət açmaq istəyirəm...
Deyir ki:- “Bu gün Azərbaycanda kitabxanalar geniş və çoxşaxəli şəbəkə şəklində fəaliyyət göstərərək müxtəlif funksional kateqoriyalara bölünür. Onlar yalnız informasiya mənbəyi kimi deyil, həm də maarifçilik, təhsil və mədəni inkişafın aparıcı dayaqları qismində çıxış edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası isə ölkənin elmi ictimaiyyəti, xüsusilə alimlər və tədqiqatçılar üçün mühüm informasiya təminatı mərkəzidir...”
O, 1963-cü ilin fevral ayının 25-də Cəbrayıl rayonunda dünyaya gəlib. Orta təhsilini başa vuraraq Bakıya üz tutub. Burada BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində ali təhsil alıb. Sonra BDU-nun nəzdində ictimai peşələr fakültəsində Jurnalistika ixtisasına yiyələnib. 1989-1992-ci illərdə Binəqədi rayonu, kütləvi kitabxanasında müdir vəzifəsində çalışıb. 1992-2018-ci illərdə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor kimi fəaliyyət göstərib. 2018-2021-ci illərdə Respublika Gənclər Kitabxanasında direktor vəzifəsində işləyib. 2019-cu ildən BDU-da müəllim kimi fəaliyyət göstərir. 2022-ci ildən AMEA M.Füzuli adına Əlyazmaları İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantıdır. 2022-ci ildən 2024-cü ilin aprel ayının 22-nə kimi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi olub. Azərbaycan Kitabxana işinin inkişafı assosiasiyası - həmtəsisçisidir. Eyni zamanda Azərbaycan Kitabxanaçılar Cəmiyyəti- nin də həmtəsisçilərindən biridir. “Müstəqillik illərində şəhər əhalisinə kitabxana-informasiya xidməti (Bakı, Gəncə, Naxçıvan şəhər kütləvi kitabxanalarının iş təcrübəsi əsasında)” namizədlik dissertasiyası mübafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Hazırda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kitabxana xidmətləri və informasiya resursları üzrə direktor müavini vəzifəsində çalışır...
“Bir əsrlik fəaliyyəti dövründə AMEA-nın Mərkəzi Elmi Kitabxanası keçmişlə gələcək arasında körpü rolunu oynayan nüfuzlu elm ocağına çevrilmişdir. Bu mənəvi xəzinənin əsası 1925-ci il avqustun 19-da Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Mərkəzi Şurasının qərarı ilə yaradılmış Kitabxana-Biblioqrafiya Bürosu kimi qoyulmuşdur. Məqsəd elmi materialların sistemli şəkildə toplanması, işlənməsi və biblioqrafik təsnifatının təmin edilməsi olmuşdur. MEK hazırda respublikanın ən zəngin kitabxana fondlarından (1 milyon yarımdan çox) birini idarə edir.”- söyləyir.
O, həm də Kitabxana informasiya elmləri adlı elmi-nəzəri və təcrübi jurnalın təsisçisi və redaktorudur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən- Tərəqqi medalı ilə təltif olunub. Həmçinin Yeni Azərbaycan Partiyasının Fəxri Fərmanı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Fəxri Fərmanı, Yunus Əmrə İnstitutunun Fəxri Fərmanı ilə təltif olunub. “Emedia Group” tərəfindən ŞƏMS milli mükafatına layiq görülüb...
Bəli, haqqında söhbət açdığım tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev 1963-cü ildə Cəbrayıl rayonunda dünyaya gəlib. Cəbrayıllılar isə mərd, dostcanlı, sədaqətli insanlar olurlar. Bu gün- fevralın 25-də Cəbrayıldan pərvazlanan Oruc müəllimin 63 yaşı tamam olur. Onu təbrik edir, möhkəm can sağlığı arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.